Quzey Qafqazda çərkəz alovu
 |
Şənbə, 12.06.2010
Ənvər Börüsoy Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin (AMSTM) |
mətn ölçüsü |
|
|
|
Adıq kökənli topluluqlar vahid bir dövlətdə birləşmək uğrunda səfərbər olunurlar. İyunun 5-də Qaraçay-Çərkəzin paytaxtı Çerkasskda çərkəzlər fövqəladə qurultay keçirərək Rusiya Federasiyası tərkibində Çərkəziya Respublikası yaradılmasını gündəmə gətirdilər. Qurultay nümayəndələri bu yöndə Rusiyanın dövlət rəhbərliyinə və bütün dünya çərkəz diaspor təşkilatlarına müraciət qəbul ediblər.
Əlli minlik çərkəzin bu respublikadan ayrılmaq istəklərinin əsl səbəbi bir neçə faktora söykənir. Bu iddia qəbul edilmiş olarsa, o zaman Kabarda-Balkar Respublikası da ikiyə bölünərək Kabarda və Balkariya respublikalarının yaranma ehtimalı var. Bu prosesin ardınca isə Çərkəziya, Adıgey, Kabarda və Abxaziyanın bir dövlət içində birləşməsi mümkün ola bilər. İndidən şərti ad kimi Kabarda və Çərkəziya Respublikası kimi müəyyən olunan bu yeni regionda çərkəz kökənli (onlar özlərini adıge adlandırır) topluluqlardan abxaza sapsuq, adıgey, abxaz, kabarda və çərkəzlər tarixdə ilk dəfə bu imkanı əldə edə biləcəklər.
Bölünmüş xalqlar strategiyası
İlk dəfə fərqli dövlətlər içində yaşayan və eyni coğrafi məkana malik olan topluluqlar haqqında ABŞ strateqləri təhqiqatlar aparıblar. Onun nəticəsi kimi kürdlər İraq, Suriya, İran və Türkiyəyə qarşı Qərbin strateji maraqlarına uyğun olaraq silahlı, ideoloji, mədəni sahələrdə səfərbər ediliblər. Kürdlər üçün xəyali "Böyük Kürdüstan" strategiyasının bütün cizgiləri belə çızılmışdır.
Çoxmillətli Rusiyada qohum və qardaş xalqlara münasibət baş qadır. "Parçala və hökm sür" siyasətinə əsaslanma yaşarıdır. Rusiyada qohum və qardaş xalqları mümkün qədər bir-birindən ayırmağa, hətta fərqli etnosun formalaşdırılmasına çalışılmışdır. Qazax, qırğız, karakalpak və xakas türklərinin eyni kökənli olmalarına baxmayaraq, bu xalqlar nəticədə fərqli etno kimlik və coğrafi bölünmələrə məruz qalıblar. Qaraçay və balkar türkləri də zatən bir millətdirlər. Bu iki qardaş xalq bu gün də bir millət olduqlarını açıq söyləyirlər. Ancaq Rusiyanın siyasəti olaraq, onların fərqli adlar altında yaşaması sərt dövlət siyasəti olaraq saxlanılmaqdadır. 1991-ci ildə Çeçen-İnquş Ruspublikası süni şəkildə ikiyə bölündü.
Halbuki eyni dili, adət və ənənələri, coğrafi məkanı bölüşən vaynax xalqı indi iki fərqli respublikanı təmsil etmək məcburiyyətində qalıb. Çeçenistan və İnquşetiyanın yenidən bir respublikada birləşməsi təklifləri irəli sürülən kimi, dərhal bu siyasətin düşmənləri hətta iki xalqı bir-birinə qarşı qoyan müharibələrin belə gündəmə gətirilməsinə çalışırlar.
Son illər Türkiyə, Almaniya, ABŞ, Avstriya, İordaniya, Suriya, Kosovo, Misir, İsrail və dügər dövlətlərdə yaşayan çərkəz diaspor təşkilatlarının Quzey Qafqazdakı tarixi torpaqlarına olan maraq dairəsi xeyli artıbdır. 148 il öncə Qafqaz Savaşında soyqırıma məruz qalan çərkəzəsilli xalqların çoxu Osmanlı dövlətinə mühacirət etməyə məcbur olmuşdular. Bu xalqları təmsil edənlərin əksəriyyəti hələ də milli kimliklərini və dillərini unutmayıblar. Digər tərəfdən isə Quzey Qafqazda çərkəzəsilli topluluqların yaşadıqları regionlarda onları vahid təşkilatda birləşdirən Adıge Xase (adıqların xalq məclisi) təşkilatı fəaliyyət göstərir. İndi Adıge Xase təşkilatlarının təşəbbüsləri sayəsində çərkəzəsilli topluluqların vahid bir dövlətdə birləşmə ideyası bütün diaspor təşkilatları tərəfindən fəal şəkildə müdafiə olunur. Bunu bölünmüş xalqların tarixi ədaləti bərpa etmək arzusu kimi də qəbul edənlər var.
Çərkəziya Respublikası ideyası nədən bu gün aktuallaşdı?
1944-cü ildə İosif Stalinin qərarı ilə Quzey Qafqazın Qaraçay-Çərkəz, Kabarda-Balkar respublikalarından, Stavropol və Krasnodar vilayətlərindən qaraçay, balkar, noqay və kumık türkləri Orta Asiya və Sibirə sürgün ediliblər. Bundan sonra türk topluluqlarına məxsus regionlara digər xalqlar yerləşdirildi. Eyni zamanda, Moskvadakı elmi və strateji mərkəzlər tərəfindən israrlı şəkildə türklərin bu torpaqların aborigin xalqları olmadığı iddiası gündəmə gətirildi.
Osmanlı dövləti tarixində və eləcə də Avropa tarixşünaslığında yanlış olaraq Quzey Qafqaz topluluqlarının hamısının bir adla - çərkəz adlandırılmasını bəhanə edən rəsmi Moskva bunun ancaq adıge xalqlarına aid olmasını yenidən təsdiq etdirmək iddiasında bulundu. 1957-ci ildə Nikita Xruşşov demokratiyasının təntənəsi kimi sürgün olunmuş xalqların öz tarixi torpaqlarına dönüşündən sonra, bu günə qədər Quzey Qafqazda etnoslar arasında yaşanılan gizli və soyuq savaşlardan biri də çərkəz-türk qarşıdurmasıdır. Bunu xüsusilə Qaraçay-Çərkəz və Kabarda-Balkar respublikalarında öz çılpaqlığı ilə müşahidə etmək mümkündür.
Qaraçay-Çərkəzdə əhalinin ümumi sayı bu gün 500 min nəfəri ötüb. Onlardan 50 min nəfəri çərkəz, 30 mini abxaz, 150 mini ruslar, 240 mini isə qaraçay türkləri, 15 mini noqay türkləri və digər xalqlar təşkil edirlər. 1991-ci ilə qədər Moskvanın apardığı siyasət nəticəsində qaraçaylıların bu respublikada ali hakimiyyətdə təmsil olunması, paytaxt Çerkasskda (qədim adı Batal Paşa) yaşaması yasaq idi. SSRİ dağıldıqdan sonra ilk dəfə olaraq, qaraçaylılar tərəfindən Çar Rusiyasının buranı işğalına qədərki tarixi şərtləri dayanıqlı olan siyəsi-ictimai həyat tərzi də dəyişdirildi. Faktiki olaraq, indi bu respublika tamam qaraçay türklərinin ali nəzarətinə keçibdir. Çərkəzlər isə hələ də sovet hakimiyyətinin onlara verdiyi hüdudsuz səlahiyyətlərə iddia sərgiləyirlər. Bu gün çərkəzlər və abxazların bir araya gələrək ayrıca Çərkəziya Respublikasının yaradılmasını elan etmələri həmin zərurətdən yaranıbdır.
Quzey Qafqazla bağlı strateji mərkəzlərin fikrincə, Çərkəziyanın elan olunmasının ardında duran gizlinlərdən biri də, Abxaziyanın birbaşa bu yeni regiona birləşdirilməsi strategiyası da mövcuddur. Heç də təsadüfi deyil ki, Qaraçay-Çərkəzin yüksək dağlıq regionlarından keçməklə Abxaziyaya quru nəqliyyat dəhlizinin açılması üçün Rusiyanın Federal büdcəsindən xeyli vəsait ayrılıbdır. Üç Kulan vadisindən indi Abxaziyaya keçən dağ cığırlarında avtomobil yolu çəkilməkdədir.
Kremlin siyasi texnoloqları isə bir qədər dumanlı şəkildə olsa da, etiraf edirlər ki, Qərbə məxsus "bölünmüş xalqlar siyasəti"ni bütün vasitələrlə önləmək lazımdır. Bu həm də Rusiyanın Azov və Qara dənizlərdə hegemon rolunun qorunmasına xidmət edəcək. Çünki Quzey Qafqazda və Krımda türk xalqlarının sayının sürətlə artması, onların arasında mənəvi və ideoloji cəhətdən ixtilafların olmaması nəticədə Rusiyanın əleyhinə işləyən ən güclü faktora çevrilə bilər. Çərkəzəsilli xalqlar arasında antitürk düşüncəsinin gücləndirilməsi, bunu qaraçaylılara qarşı açıq şəkildə büruzə vermələri, məhz Qaraçay-Çərkəzin ikiyə bölünməsi üçün atılan addımlar da bunu bir daha təsdiq edir.
Çerkassk qurultayında gündəmə gətirilən Çərkəziya ideyasının haradan qaynaqlanmasının ardında duran səbələrindən biri də Türkiyə, İordaniya, İsrail, Almaniya və ABŞ-da güclənməkdə olan çərkəz diaspor təşkilatlarının maraqlarının Rusiyaya yönəlməsini təsdiq edənlərin sayının artması həm də Kremlin mövqeyinin bu xalqlar arasında güclənməsi deməkdir. Qurultay da bu prinsiplərə xüsusi diqqət ayırmışdı. 700 nəfərlik qurultay nümayəndəsi bu aksiyanı bir səslə müdafiə etdilər.
Olmayan bir respublikanın hökumətində portfel bölgüsü
Uzun müddətdir Kabarda-Balkarda hakimiyyətdə əksəriyyətin kabardalılardan ibarət olması balkar türklərini heç ilgiləndirmir də. Onlar Balkariya torpaqlarında yerli bələdiyyə hakimiyyətlərinin və tarixi torpaqlarına sahib olmaqla fərqli bir faktın şərtləri daxilində fəaliyyət göstərirlər..
|
|
|
|
|
|
|