Bu günlərdə prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə parlamentə daxil olaraq iyunun 8-də qəbul edilən "Azərbaycan Respublikasının Hərbi Doktrinası" sənədi cəmiyyətdə müzakirə obyektinə çevrilib. Son günlər sənəd üzərində səslənən fikirləri bir neçə qrupa bölmək olar:
- sənəd təkmil hazırlanmayıb, orada əksini tapan məqamlar çox ümumidir,
- sənəddə Azərbaycanın strateji müttəfiqləri və Ermənistandan başqa digər dostları əksini tapmayıb,
- sənəd Azərbaycanın hansı təhlükəsizlik məkanına daxil olmasına dair suallara cavab vermir, NATO ilə əməkdaşlığın perspektivləri bəlli deyil,
- sənədin əhatə etdiyi dövr - müddət bəlli deyil,
- sənəddə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində lazım olandan artıq səviyyədə bəyanatlar səslənib, bu da onun müdafiə deyil, hücum xarakterli olması barədə rəylər yaradıb,
- sənəddə Azərbaycan ərazisində xarici hərbi bazaların yerləşdirilməsi mümkünlüyü var,
- sənəd orduda islahatlar prosesinin perspektivinə aydınlıq gətirmir və s.
Azərbaycan NATO-ya strateji inteqrasiya kursundan imtina edib?
2008-ci ilin avqust hadisələri - Rusiyanın Gürcüstana hərbi müdaxiləsindən sonra Azərbaycan parlamentinin təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov regionda baş verən proseslərin Azərbaycanın strateji - Hərbi Doktrina kimi sənədin lahiyəsində müəyyən dəyişikliklərə səbəb ola biləcəyini bildirmişdi. "Belə fikirləşirəm ki, Hərbi Doktrinanın vaxtı bir az yubansa da, bu sənəd hərtərəfli və balanslaşdırılmış bir sənəd olacaq. Yəni regionda baş verən son proseslər bizi məcbur edir ki, biz bu sənədi daha da kamilləşdirək və onu Azərbaycan xalqı və dövlətinin mənafeyinə uyğun formada ortaya qoyaq".
"Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi ekspertlərinin fikrincə, indi Z.Əsgərovun bu fikri müəyyən ehtimallar yaradır. Mərkəz hesab edir ki, diqqəti Rusiya - Gürcüstan olaylarından əvvəlki dövrə - 2007-ci ilin may ayına yönəltmək lazımdır: "O zaman Azərbaycanın qəbul olunmuş Milli Təhlükəsizlik Konsepsiyasında (MTK) bir sıra tezislər diqqəti çəkirdi". "Doktrina" mərkəzi buna misal çəkir:
- Azərbaycanın Avropa və Avroatlantik siyasi, təhlükəsizlik, iqtisadi və digər strukturlara inteqrasiyası strateji məqsəd güdür.
- Azərbaycan Avroatlantik strukturlar ilə tərəfdaşlığı bütövlükdə Avroatlantik məkanda ümumi təhlükəsizliyə, iqtisadi inkişafa və demokratiyaya dəstək vasitəsi kimi görür.
- Azərbaycan Avropada və Avroatlantik məkanda qeyri-sabitliyin, münaqişələrin və təhdidlərin aradan qaldırılmasında NATO ilə birgə işləyir və təhlükəsizliyin bölünməzliyi prinsipinə zidd coğrafi və siyasi ayrı-seçkilik olmadan Avropada və yerləşdiyi regionda vahid təhlükəsizlik sisteminin qurulması yükünü bölüşmək əzmindədir.
- Azərbaycan Avroatlantik Tərəfdaşlıq Şurası və NATO-nun "Sülh naminə tərəfdaşlıq" Proqramı çərçivəsində NATO ilə mümkün olan tərəfdaşlıq vasitələrindən tam gücü ilə istifadə edir. Bu baxımdan Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı NATO ilə əməkdaşlığın yaxın və orta perspektivdə daha da gücləndirilməsi yolunda mühüm bir vasitədir.
- Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planından Azərbaycanın təhlükəsizlik sektorunun islahatlar yolu ilə NATO standartlarına yaxınlaşdırılması və siyasi dialoqun inkişaf etdirilməsi üçün bir mexanizm kimi bundan sonra da istifadə olunacaqdır.
Amma Hərbi Doktrinada isə qeyd edilən fikirlər bir qədər ixtisara uğrayıb: "təhlükəsizliyin bölünməzliyi prinsipini nəzərə alaraq Azərbaycanın yerləşdiyi regionun da daxil olduğu Avroatlantik məkanda təhlükəsizlik sisteminin yaradılması üzrə səylərin dəstəklənməsi, NATO ilə qarşılıqlı maraqlar əsasında əməkdaşlığın davam etdirilməsi" kimi niyyət əksini tapıb.
NATO ilə əməkdaşlıq məsələləri bir də 61-ci maddədə əksini tapıb. Qeyd edilir ki, Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin cari mərhələdə və ortamüddətli perspektivdə əsas quruculuq, inkişaf və hazırlıq proritetləri aşağıdakılardır:
- NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində NATO ilə mümkün olan tərəfdaşlıq vasitələrindən, o cümlədən Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planından (FTƏP) istifadə edilməsi,
- beynəlxalq əməkdaşlıq formatında əməliyyat uyarlılığına nail olunması, sülhməramlı fəaliyyətdə iştirak edilməsi, NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" Proqramı çərçivəsində tədbirlərin, beynəlxalq əməliyyat və təlimlərin həyata keçirilməsi üçün xüsusi seçilmiş şəxsi heyətin hazırlanması.
Fərqlər diqqəti çəkir:
- birincisi, MTK-da göstərilən Avroatlantik məkana inteqrasiyanın Azərbaycan üçün "strateji məqsəd" güdməsi Hərbi Doktrinada əksini tapmayıb. Burada NATO ilə əməkdaşlığın "qarşılıqlı maraqlar əsasında davam etdirilməsi" fikri əksini tapıb.
- ikincisi, əgər MTK-da Azərbaycan Avroatlantik strukturlarla tərəfdaşlığı ümumi təhlükəsizliyə, iqtisadi inkişafa və demokratiyaya dəstək verəcək vasitə kimi görürdüsə, Hərbi Doktrinada buna bənzər hər hansı kəlmə əksini tapmayıb.
- üçüncüsü, özəl olaraq bir məsələ maraqlıdır. Əgər MTK-da Azərbaycan Avropada və Avroatlantik məkanda qeyri-sabitliyin, münaqişələrin və təhdidlərin aradan qaldırılmasında NATO ilə birgə işlədiyini bəyan edirsə, Hərbi Doktrinada belə bir niyyət göstərilmir.
- dördüncüsü, MTK-da Azərbaycan Respublikası Avroatlantik Tərəfdaşlıq Şurası və NATO-nun "SNT" proqramı çərçivəsində NATO ilə mümkün olan tərəfdaşlıq vasitələrindən tam gücü ilə istifadə etdiyini bəyan edirsə, bu baxımdan FTƏP-in Azərbaycan - NATO əməkdaşlığının yaxın və orta perspektivdə daha da gücləndirilməsi yolunda mühüm bir vasitə olduğu bildirilirsə, Hərbi Doktrinada belə ifadəyə rast gəlinmir.
- beşincisi, MTK-da FTƏP-dən Azərbaycanın təhlükəsizlik sektorunun islahatlar yolu ilə NATO standartlarına yaxınlaşdırılması əksini tapıbsa, Hərbi Doktrinada NATO standartlarına uyğunlaşma hədəfi qoyulmayıb. Bir maddədə qeyd edilir ki, Silahlı Qüvvələr quruculuğu Azərbaycan Respublikasının tarixi təcrübəsindən və dünyanın müasir hərbi quruculuq təcrübəsindən səmərəli istifadə edilməsi, qarışıq (könüllü və çağırış üzrə) sistemə uyğun olaraq komplektləşdirmə prinsipi ilə həyata keçirilir.
- altıncısı, MTK-da Azərbaycanla NATO arasında siyasi dialoqun inkişaf etdirilməsi üçün FTƏP-dən bir mexanizm kimi bundan sonra da istifadə olunması həfdəfdirsə, Hərbi Doktrinada belə məqsəd qoyulmur.
"Doktrina" mərkəzi hesab edir ki, qeyd edilən fərqlər Azərbaycanın xarici hərbi siyasi prioritetlərində diqqət çəkən dəyişikliklərin baş verməsindən xəbər verir. İki sənəd arasındakı fərqlərə nəzər yetirdikdə belə ehtimal irəli sürmək olar: Azərbaycan daha NATO-ya strateji inteqrasiya kursu yürütmür, Avroatlantik strukturlarla tərəfdaşlığı təhlükəsizliyə, iqtisadiyyata, demokratiyaya dəstək verəcək bir vasitə kimi görmür, münaqişələrin nizamlanmasında NATO ilə birgə işləmir, FTƏP-ə üstünlük vermir, ordusunu NATO standartlarına yaxınlaşdırmır və ən nəhayət, NATO ilə siyasi dialoqu inkişaf etdirməkdə maraqlı deyil.
Dostunu de, düşmənini deyim
Hərbi Doktrinada diqqətçəkən məqamlar təkcə bununla yekunlaşmır. Hərbi Analitik Tədqiqatlar Mərkəzinin direktoru İldırım Məmmədovun sözlərinə görə, sənəddə Ermənistanın işğalçılıq siyasəti əksini tapsa da, ona müəyyən vasitələrlə dəstək verən bir sıra ölkələrin adları açıqlanmır.
"Nəzərə alınmalıdır ki, Rusiya Federasiyası birinci Qarabağ münaqişəsi dövründə Ermənistana dəyəri milyonlarla dollarla ölçülən silah-sursat, texnika, canlı qüvvə yardımı edib. Bu proses atəşkəs müqaviləsi imzalanandan sonra da davam etdirilib. 1996-cı ildə Rusiyanın Ermənistana 1 milyard dollar dəyərində silah-sursat yardımı etdiyinə dair məlumatların ardınca, bu yaxınlarda Moskvanın Yerevana 800 milyon dollarlıq silah-sursat yardımına dair məlumatlar diqqəti çəkirdi" deyən İ.Məmmədov bildirir ki, İran İslam Respublikasının Ermənistanla əməkdaşlığının mövcud vəziyyəti də onu heç də Azərbaycanın Hərbi Doktrinasında "dost ölkələr" siyahısına salmır.
"Nə Rusiyanın, nə də İranın adı bu sənədə salınmayıb. Bu da təəssüf doğurur", - deyə o qeyd edib.
Ekspertin fikrincə, Türkiyənin adının bu sənədə salınmaması uzun müddət müzakirələrin hədəfi olaraq qalacaq. "Bu hadisənin nə ilə bağlı olduğu qaranlıqdır. Ola bilərmi ki, bu 2009-cu il olayları ilə bağlı olsun? Bu sual açıqdır", - deyə ekspert bildirir.
İ.Məmmədovun sözlərinə görə, sənəddə Azərbaycanın təhlükəsizlik blokları ilə əməkdaşlıq perspektivləri də göstərilmir. Eyni zamanda sənəddə bir vaxtlar Azərbaycanın fəallıq göstərdiyi, hazırda isə faktik olaraq "ölü qurum"a çevrilmiş GUAM-ın adı belə hallanmır. ATƏT və həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə perspektiv münasibətlərin necə olacağı sual altındadır.
Rusiya prosesdə iştirak edibmi?
Bu gün rəsmilər yeni sənədin maksimum balanslı olduğunu qeyd etsələr də, onu "Rusiyanın xeyrinə pozulmuş balans" kimi də qiymətləndirmək olar. Əslində MTK daha çox qərbyönlü sənəd təsəvvürü bağışlayır.
"Hərbi Jurnalistlər" İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərovun sözlərinə görə, nəzərə alınmalıdır ki, Azərbaycanın Milli Təhlükəsizlik, Hərbi Doktrina kimi sənədlərinin hazırlanmasında xüsusilə NATO ölkələri - ABŞ, Türkiyə, Böyük Britaniya, Almaniya və s. iştirak ediblər:
"Araşdırmalar göstərir ki, Rusiyanın hərbi-siyasi dairələrinin Azərbaycanın strateji sənədlərinin hazırlanması prosesində iştirak niyyətləri olub. Lakin Azərbaycan tərəfi 2008-ci ilin ortalarına qədər buna razılıq verməyib və bu qərar sənədin hazırlanmasında iştirak edən Türkiyə, ABŞ, Almaniya və Böyük Britaniya mütəxəssisləri tərəfindən dəstəklənib. Rusiya - Gürcüstan münaqişəsindən sonra regionda vəziyyətin və qüvvələr nisbətinin dəyişilməsindən sonra Bakının Moskvanın bəzi səylərinə razılıq verməsi barədə məlumatlar var. Araşdırmalar göstərir ki, Azərbaycanın Hərbi Doktrinasının hazırlanması prosesində məhz Rusiyanın hərbi-siyasi dairələrinin iştirakı Azərbaycanın hərbi-siyasi prioritetlərinin dəyişilməsinə səbəb olub: Hərbi Doktrinada diqqətçəkən "ehtiyatlılıq" da məhz bununla əlaqədardır".
Azərbaycanda hansı baza olacaq: 4 ssenari
Daha bir vacib məsələ 29-cu maddə ilə bağlıdır:
"Azərbaycan Respublikası tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsinə yol vermir. Bununla belə, hərbi-siyasi şəraitdə əsaslı dəyişikliklər baş verdiyi təqdirdə, Azərbaycan Respublikası öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsinə, yaxud hərbi iştirakın yer almasına müvəqqəti icazə vermək hüququnu özündə saxlayır". "Doktrina" mərkəzi hesab edir ki, bu məsələ də ciddi araşdırma mövzusudur.
"Söhbətin hansı hərbi bazadan və ya hərbi iştirakdan getdiyi, yəqin ki, yaxın perspektivdə bəlli olacaq" deyən "Doktrina" mərkəzi ekspertləri Azərbaycan ərazisində ola biləcək xarici hərbi baza və ya iştirakla bağlı müəyyən fikirlər, proqnozlar və ssenarilər irəli sürür:
- birincisi, Azərbaycan ərazisində artıq xarici hərbi iştirak mövcuddur. Bu, Rusiyanın icarəyə götürdüyü Qəbələ RLS-də xidmət edən rus hərbçiləridir. Həm də nəzərə almalıyıq ki, Rusiya yaxın perspektivdə onu hərbi bazaya çevirmək istəyir.
- ikincisi, Qarabağ münaqişəsinin nizamlanması prosesi ilə əlaqədar olaraq bölgəyə gətirilməsi ehtimalı olan beynəlxalq sülhməramlılarla bağlı vəziyyət var,
- üçüncüsü, Qars müqaviləsinin şərtlərindən irəli gələrək Türkiyənin Azərbaycanın Naxçıvan bölgəsində yerləşdirə biləcəyi hərbi baza diqqət mərkəzindədir,
- nəhayət dördüncüsü, Qırğızıstandakı "Manas" bazasının Azərbaycana köçürülmə ehtimalları və ya ABŞ-ın bölgə ilə bağlı təhlükəsizlik prioritetlərinə bağlı hərbi iştirak nəzərdədir.
Nəzərə alınmalıdır ki, Hərbi Doktrinadan fərqli olaraq baza məsələsi MTK-da əksini tapmayıb.
Beləliklə, Hərbi Doktrinanın bir sıra müddəalarının araşdırılması onun yetkin, mükəmməl, suallara cavab verən aydın sənəd olmamasını göstərir. Amma onun yaxın perspektivdə dəyişikliyə məruz qalması mümkündür. Sənədin sonuncu 75-ci maddəsində qeyd edilir ki, Hərbi Doktrina Azərbaycan Respublikasının təhlükəsizlik mühitinin daim dəyişən dinamikası nəzərə alınmaqla, yenidən baxılma, dəqiqləşdirmə və əlavələr üçün açıq sənəddir...
|