Bələdiyyələr yalnız bir görüntü
 |
Bununsa çoxlu səbəbləri var
Şənbə, 12.06.2010
|
|
Qanunvericiliklə bələdiyyələr gəlir mənbələri dairəsinin kifayət qədər geniş olmasına baxmayaraq, praktikada bu mənbələrdən gəlir əldəetmə imkanına malik deyillər. "Yerli Demokratiyaya Dəstək" QHT Koalisiyasının "2009-cu ildə Azərbaycan bələdiyyələrinin vəziyyətinə dair" hesabatında qeyd edilir ki, bələdiyyələr real olaraq yalnız bir neçə mənbədən gəlir əldə edə bilirlər. Bu gəlirlərin məcmusu bələdiyyələrin qanunvericiliklə nəzərdə tutulmuş səlahiyyətlərini minimum səviyyədə belə həyata keçirmələri üçün yetərli deyil.
Bəs, Avropa Xartiyası?
Bu, Avropa Xartiyasının tələblərinə ziddir. Xartiyada deyilir ki, yerli özünüidarə orqanlarının maliyyə vəsaitləri Konstitusiya, yaxud qanunla onlara verilən səlahiyyətlərə mütənasib olmalıdır. Bələdiyyələrin maliyyə resurslarının məhdudluğu Konqresin Azərbaycanda Yerli və Regional Demokratiyaya dair 126 saylı Tövsiyəsində də qeyd edilir. Tövsiyədə deyilir ki, Azərbaycanda bələdiyyələrin vergiləri yığmaqda və istifadədə müstəqilliyi əvvəlki illərdə olduğu kimi məhduddur və bələdiyyələrin sərəncamına bir çox hallarda qeyri-rentabelli vergilər daxildir.
Qeyd edək ki, ötən il bələdiyyələrin maliyyə-iqtisadi vəziyyətində ciddi müsbət dəyişikliklər olmayıb və bələdiyyələr əvvəlki illərdə olduğu kimi qeyri-əlverişli iqtisadi şəraitdə fəaliyyət göstəriblər. Belə ki, Azərbaycanda ölkə üzrə ümumi yerli büdcə gəlirlərinin həcmi 2755 bələdiyyə üzrə 26,7 milyon manat olub. Bu da orta hesabla hər bələdiyyə üçün 9700 manat, adambaşına isə 3 manat düşdüyünü göstərir. Analoji göstəricilər 2008-ci il ümumi bələdiyyələr üçün 43 milyon manat, hər bələdiyyə üçün 15,6 min, adambaşına isə 4 manat miqdarında olub.
"Yerli Demokratiyaya Dəstək" QHT Koalisiyasının hesabatında qeyd edilən məlumata əsasən, 2009-cu ildə ölkə üzrə bələdiyyələrin fiziki şəxslərdən torpaq vergisinin ümumi həcmi 6,872 milyon manat, fiziki şəxslərdən əmlak vergisinin həcmi isə təqribən 1,666 milyon manat olub ki, bu da hər iki gəlir mənbəyi üzrə əldə edilmiş vəsaitin yerli gəlirlərin ümumi həcminin 25,7 və 6,2 faizini təşkil etdiyini göstərir. Digər vergi və ödənişlər üzrə (yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi, bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə yerləşdirilən küçə reklamlarına görə ödənişlər, sanatoriya-kurort rüsumu, mehmanxana rüsumu, turizm xidmətlərinə görə ödənişlər, avtomobillərin dayanacaqları üçün olan rüsumlar və s. qanunla müəyyən edilən digər yerli ödənişlər) gəlirlərin mütləq həcmi isə 1,25 milyon (4,8%) manat təşkil edib. Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan mənfəət vergisi və yerli lisenziyalar üzrə icra faizləri isə sıfır olub. Qeyri-vergi gəlirləri üzrə üstün çəkini bələdiyyə əmlakının özəlləşdirilməsindən və icarəyə verilməsindən daxil olan gəlirlər təşkil edib. Bunun ümumi yerli büdcə gəlirlərində xüsusi çəkisi 40 faizə yaxın, mütləq həcmi isə 10,6 milyon manata bərabər olub.
Fiziki və hüquqi şəxslərin, beynəlxalq təşkilatların və fondların maliyyə yardımları və qrantlarının ümumi həcmi isə 2009-cu il üçün 2 milyon manat, dövlət büdcəsindən verilən dotasiya və subvensiyaların ümumi həcmi isə 3,35 milyon manat olub. Ümumilikdə Azərbaycanda bələdiyyə gəlirlərinin ümumi həcmi dövlət büdcəsinin 0,25 faizindən belə az olub.
Halbuki müqayisə üçün bu göstərici ABŞ-da 25,5, AFR-də 19,75, Hollandiyada 61,35, İngiltərədə 28,06, Türkiyədə 12,97, Polşada 33,4, Estoniyada 12, Ukraynada isə 10,5 faiz olub.
Fiziki şəxslərdən torpaq vergisi, bələdiyyə əmlakının və torpağının özəlləşdirilməsindən və icarəyə verilməsindən gəlirlər bütün bələdiyyə gəlirlərinin böyük hissəsini (65,3%) təşkil edir. Lakin digər gəlir mənbələri haqqında bu fikirləri söyləmək mümkün deyil. Praktikada digər vergi və ödənişlərin yığılmasındə ciddi problemlər müşahidə olunur. Bunun da ölkə idarəçiliyində avtoritar meyillərin, korrupsiya hallarının yüksək olması, qeyri-neft sektorunun inkişaf etməməsi, bələdiyyələrdə şəffaflığın yetərincə olmaması və s. kimi səbəbləri var. Bundan başqa, ölkəmizdə kurort-turizm iqtisadiyyatının zəif inkişaf etməsi, digər sahələr kimi bu sahənin də sürətlə inhisarlaşması, eləcə də ödəmələrdən yayınma hallarının yüksəkliyi mehmanxana rüsumlarının toplanmasını çətinləşdirir.
Hesabatda bildirilir ki, avtomobil dayanacaqları üzrə ödənişlər tam nəzarətsiz və primitiv toplanır. Belə ki, fərdi və qeyri-qanuni formada yaradılmış avtomobil dayanacaqlarının qeydiyyata alınması və gəlirlərin rəsmiləşdirilməsi bələdiyyə vergilərinin, xüsusilə mərkəzi şəhər bələdiyyə vergilərinin həcmində olduqca əhəmiyyətli artıma səbəb olardı.
Bələdiyyələrə dövlət büdcəsindən ayrılan dotasiyanın həcmi də olduqca cüzi olub. Dünyada inflyasiyanın və iqtisadi böhranın davam etməsinə baxmayaraq, 2009-cu ildə bələdiyyələrə ayrılan dotasiyanın məbləği 2008-ci ildəkindən fərqlənməyib. 2009-cu ildə də bələdiyyələrə ayrılan dotasiyanın məbləği 3,5 milyon manatı ötməyib.
"Büdcə sistemi haqqında" qanuna əsasən, dotasiyanın məbləğinin bələdiyyənin ərazisində yaşayan əhalinin sayına əsasən müəyyən edilməsi nəzərdə tutulduğu halda, praktikada buna əməl edilmir və dotasiyaların bələdiyyələrə hansı meyar və şərtlərlə ayrılması prinsiplərində də dəqiqlik yoxdur.
Azərbaycanda bələdiyyələrin kredit resurslarına çıxışı olduqca məhduddur və ya heç yoxdur. Bunun səbəblərindən biri bələdiyyələrin maliyyə resurslarının zəif olmasıdırsa, digərləri isə bələdiyyələrdə maliyyə resursları ilə işləmə qabiliyyətinə malik kadrların olmaması və korrupsiya hallarının mövcudluğudur. Qeyd edilən faktorlar maliyyə təşkilatlarını bələdiyyələrə maliyyə vəsaiti verməkdən çəkindirir.
Bələdiyyələrin fəaliyyəti formal məzmun daşıyır
Ekspert İlqar Hüseynli deyir ki, bələdiyyə büdcələrinə paylı vergilərin ayrılması bələdiyyə gəlirlərinin həcminə müsbət təsir göstərəcək əsas addımlardan biri ola bilər. Məsələn, Almaniyada federal büdcəyə toplanan gəlir vergisinin, satış vergisinin bir hissəsi, əmlak və iş yerlərindən alınan vergilərin isə tamamı yerli büdcələrə yönəldilir. ABŞ-da da yerli büdcələrin əsas gəlir mənbələri kimi əmlak və gəlir vergisi önə çıxmaqdadır. Ekspert:
"Hazırda maliyyə əks-mərkəzləşməsi proqramını həyata keçirən əksər ölkələrdə paylı vergilər yerli özünüidarə orqanlarının əsas maliyyə mənbələri arasındadır. Belə ki, Litva (78%), Estoniya (43%), Çexiya (41%), Latviya (46%), Sloveniya (42%), Slovakiya (33%) kimi dövlətlərdə yerli özünüidarə orqanlarının gəlirləri arasında paylı vergilərdən gələn vəsaitlərin həcmi kifayət qədər böyükdür. Beynəlxalq təcrübə göstərir ki, sənaye ölkələrində yerli özünüidarə orqanlarının gəlirlərinin 40%-ni, inkişaf etməkdə olan ölkələrdə isə 50%-ni təşkil edən transfertlər arasında əsas hissə paylı vergilərə məxsusdur".
İlqar Hüseynli hesab edir ki, bələdiyyələrin maliyyə imkanlarını qiymətləndirərkən büdcə xərclərini və ayrı-ayrı xərc elementləri üzrə icra vəziyyətini təhlil etmək zəruridir:
"Bu zaman iki əsas xərc maddəsi üzrə göstəricilərin səviyyəsinə nəzər yetirməklə bələdiyyələrin fəaliyyətlərinin real mahiyyəti haqqında tam təsəvvür əldə etmək olar. Belə ki, 2009-cu ilin nəticələri üzrə 27,6 milyon yerli büdcə vəsaiti xərclənib ki, onun da 14,3 milyonu (51,8%) yerli özünüidarəetmə orqanlarının saxlanmasına sərf edilib. Lakin buna rəğmən əhalinin ən çox ehtiyac duyduğu təhsil və səhiyyə təyinatlı sahələr üzrə cəmi xərc ölkə üzrə 193,7 milyon (0,7%) olub. Statistika bələdiyyələrin olduqca məhdud olan büdcə resurslarının səmərəsiz xərclənməsini göstərir. Bu rəqəmlər bələdiyyələrin onsuz da olduqca məhdud olan büdcə resurslarının səmərəsiz xərclənməsini və bələdiyyələrin fəaliyyətinin formal xarakterli olduğunu göstərir".
|
|
|
Oxşar xəbərlər:
BMT Azərbaycan hökumətini tənqid etdi
Büdcəyə vergi daxilolmaları arta bilər
Hökməlidə hökm kimin olacaq?..
Bakıətrafı yaşayış massivlərində "söküntü" həyəcanı
YAP bələdiyyə seçkilərinə hazırlaşır
|
|
|