Hal-hazırda Ayna qəzetinin 12.06.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 12.06.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
Dörd illik həsrət bitdi!
Dörd illik həsrət bitdi!
Futbol üzrə 19-cu dünya çempionatı başlandı
Şənbə, 12.06.2010

İlham Kərimoğlu mətn ölçüsü  

Dünən özbəkistanlı baş hakim Rövşən İrmatovun start fiti ilə Cənubi Afrika Respublikasının (CAR) Yohannesburq şəhərində, 95 min tamaşaçı tutan "Sokker Siti" stadionunda 2010-cu il futbol üzrə dünya çempionatının final mərhələsinin ilk oyunu keçirildi. CAR-Meksika matçı ilə başlanan və dörd ildən bir keçirilən möhtəşəm dünya futbol yarışı sayca 19-cudur və ilk dəfədir "Qara qitə"də təşkil olunur.

Çempionatın açılış mərasimi və ilk matçı CAR-ın ən möhtəşəm idman arenası, müasir "Sokker Siti" stadionunda baş tutdu. Açılış mərasimində bu ölkənin ilk qaradərili prezidenti Nelson Mandella da iştirak etdi. Kolumbiyalı tanınmış estrada ifaçısı Şakira və CAR-ın "Freshlyground" qrupu futbol üzrə dünya kubokunun "Time for Africa" adlı rəsmi himnini ifa etdilər.

Dünən Bakı vaxtı ilə 17.00-da başlanan və saatyarım davam edən təntənəli açılış mərasimindən sonra çempionatın ilk oyunu keçirilib. Düz bir ay davam edəcək çempionat oyunları bu ölkənin 10 şəhərində oynanılacaq və elə Yohannesburq şəhərinin "Sokker Siti" arenasında keçiriləcək final matçı ilə başa çatacaq. Çempionatda 32 komanda əvvəlcə 8 qrupda mübarizəyə başlayacaq və ümumilikdə 64 matç oynanılacaq.

Bu Mundialda 32 ölkənin yığma komandası mübarizə aparır. Yarışda Avropanı 13, Afrikanı 6, Cənubi Amerikanı 5, Asiyanı 4, Şimali Amerikanı 3, Okeaniyanı isə 1 komanda təmsil edir:

AVROPA - Danimarka, İsveçrə, Slovakiya, Almaniya, İspaniya, İngiltərə, Serbiya, İtaliya, Hollandiya, Yunanıstan, Sloveniya, Portuqliya, Fransa;

CƏNUBİ AMERİKA - Braziliya, Çili, Paraqvay, Argentina, Uruqvay;

ŞİMALİ AMERİKA - ABŞ, Meksika və Honduras; Afrika - CAR, Qana, Kot d-İvuar, Kamerun, Nigeriya və Əlcəzair;

ASİYA - Avstraliya, Yaponiya, Cənubi Koreya və Şimali Koreya;

OKEANİYA - Yeni Zelandiya.

Qrupları və oyunların tarixini oxucuların diqqətinə çatdırırıq.

A QRUPU - MEKSİKA, URUQVAY, FRANSA, CAR;

11 iyun: CAR - Meksika, Uruqvay - Fransa

16 iyun: CAR - Uruqvay

17 iyun: Fransa - Meksika

22 iyun: Fransa - CAR, Meksika - Uruqvay

B QRUPU - ARGENTİNA, YUNANISTAN, KOREYA, NİGERİYA;

12 iyun: Cənubi Koreya - Yunanıstan, Argentina - Nigeriya

17 iyun: Argentina - Cənubi Koreya, Yunanıstan - Nigeriya

22 iyun: Nigeriya - Cənubi Koreya, Yunanıstan - Argentina

C QRUPU - ƏLCƏZAİR, İNGİLTƏRƏ, ABŞ, SLOVENİYA;

12 iyun: İngiltərə - ABŞ

13 iyun: Əlcəzair - Sloveniya

18 iyun: Sloveniya - ABŞ, İngiltərə - Əlcəzair

23 iyun: Sloveniya - İngiltərə, ABŞ - Əlcəzair

D QRUPU - AVSTRALİYA, QANA, ALMANİYA, SERBİYA

13 iyun: Serbiya - Qana, Almaniya - Avstraliya

18 iyun: Almaniya - Serbiya

19 iyun: Qana - Avstraliya

23 iyun: Avstraliya - Serbiya, Qana - Almaniya

E QRUPU - HOLLANDİYA, DANİMARKA, KAMERUN, YAPONİYA

14 iyun: Hollandiya - Danimarka, Yaponiya - Kamerun

19 iyun: Hollandiya - Yaponiya, Kamerun - Danimarka

24 iyun: Danimarka - Yaponiya, Kamerun - Hollandiya

F QRUPU - İTALİYA, YENİ ZELANDİYA, PARAQVAY, SLOVAKİYA

14 iyun: İtaliya - Paraqvay

15 iyun: Yeni Zelandiya - Slovakiya

20 iyun: Slovakiya - Paraqvay, İtaliya - Yeni Zelandiya

24 iyun: Paraqvay - Yeni Zelandiya, Slovakiya - İtaliya

G QRUPU - BRAZİLİYA, KXDR, KOT D-İVUAR, PORTUQALİYA

15 iyun: Kot d-İvuar - Portuqaliya, Braziliya - KXDR

20 iyun: Braziliya - Kot d-İvuar

21 iyun: Portuqaliya - KXDR

25 iyun: KXDR - Kot d-İvuar, Portuqaliya - Braziliya

H QRUPU - HONDURAS, İSPANİYA, ÇİLİ, İSVEÇRƏ

16 iyun: Honduras - Çili, İspaniya - İsveçrə

21 iyun: Çili - İsveçrə, İspaniya - Honduras

25 iyun: Çili - İspaniya, İsveçrə - Honduras

"Tofik Bəhramova çatmağımıza çox var"

Maraqlıdır, FİFA 2010-cu il dünya çempionatının açılış matçını özbəkistanlı hakim Rövşən İrmatova həvalə edib. 33 yaşlı referi 2008-2009-cu illər mövsümündə Asiyanın ən yaxşı hakimi elan edilib. Rövşən İrmatov dünya çempionatında idarə edəcəyi hər oyuna görə 45 min dollar qonorar alacaq.

İrmatov çempionat ərəfəsində Rusiyanın "Sovetskiy sport" nəşri müxbirinin suallarına cavab verib. Müxbirin "Bakıda ən böyük stadion Tofik Bəhramovun adını daşıyır. Siz də onun kimi şan-şöhrət qazanacağınıza ümid edirsinizmi?" sualına o belə cavab verib: "Bizim Tofik Bəhramova çatmağımıza hələ çox var. Bu baradə heç düşünməmişəm". Özbək baş hakimə onun həmyerlisi Rafael İlyasov və qırğızıstanlı referi Bahadır Koçkarov kömək edəcəklər.

"Jabulani" və "Adidas"ın sirli 11 rəqəmi

Dünya çempionatının rəsmi topu - "Jabulani" adlanır. Top Almaniyanın məşhur "Adidas" şirkəti tərəfindən məxsusən 2010-cu il dünya çempionatı üçün hazırlanıb. Topun adı yerli əhalinin 25 faizinədək istifadə etdiyi zulu dilindən tərcümədə "bayram etmək" mənasını verir.

REKLAM

"Adidas" bu topun hazırlanmasında ən son texnologiyadan istifadə edib ki, bu da topun maksimum dəyirmi və hamar olmasına yönəlib. "Jabulani"də 11 rəngdən istifadə edilib. Bu, "Adidas" firmasının dünya çempionatları üçün hazırladığı 11-ci top anlamına gəlir. Bu, eyni zamanda hər komandanın 11 futbolçudan ibarət olmasına, CAR-da 11 rəsmi dildən istifadə olunmasına və bu ölkənin etnik tərkibini təşkil edən 11 yerli qəbiləyə işarədir.

Top "Real" (Madrid), "Çelsi" (London) və "Bayern" (Münhen) kimi Avropanın bir sıra aparıcı futbol klublarının məşqlərində futbolçular tərəfindən sınaqdan çıxarılıb. Maraqlıdır, top dünyanın aparıcı futbolçularının o qədər də xoşuna gəlməyib. Almaniya millisinin kapitanı Mixael Ballak topun istədiyi kimi hərəkət etdiyini deyib. "Barselona" klubunun qapıçısı Viktor Valdes isə deyib: "Bu top məni qorxutdu, onun hərəkət istiqamətini təyin etmək olmur".

2010-cu il dünya çempionatının rəsmi talismanı Zakumi adlı bəbir balasıdır. Talismanın rəsmində sarı-yaşıl rənglərdən istifadə edilib ki, bu da CAR milli komandasının idman geyimlərinin rənglərinə uyğundur. "Zakumi" sözü "Za" (CAR-ın beynəlxalq internet domeni) və "Kumi" (bir sıra Afrika dillərində "on") sözlərinin birləşməsindən əmələ gəlib.

Arzusu ürəyində qalanlar

Adı az qala bütün dünyaya bəlli olan ulduz futbolçuların bir neçəsi bu çempionatda iştirak edə bilməyəcəklər. Arzusu ürəyində qalan futbolçular arasında aparıcı yığmaların üzvləri də var. Artıq komandalarının şərəfini qorumaq hüququndan məhrum olan həmin futbolçuların simvolik yığması da müəyyənləşib.

Qapıçı: Pene Adler (Almaniya).

Müdafiəçilər: Rio Ferdinand (İngiltərə), Xeyko Vestermann (Almaniya), Maykl Essyen (Qana), Lassana Diarra (Fransa).

Yarımmüdafiəçilər: Mixael Ballak (Almaniya), Andrea Pirlo (İtaliya), Devid Bekhem (İngiltərə), Nani (Portuqaliya).

Hücumçular: Didye Droqba (Kot d-İvuar, son oyunlarda çıxış edə bilər), Umberto Suaso (Çili).

Ehtiyat futbolçular: Con Obi Mikel (Nigeriya), Simon Rolfes (Almaniya), Tim Braun (Yeni Zelandiya), Di don Quk (Cənubi Koreya). я Eləcə də İsveçrə yığmasından Valon Behrami, Honduras yığmasından Vilson Palasioş, Hollandiya komandasından Aryen Robbe, Yaponiya kollektivindən Yasuyuki Konn, İspaniyadan Andreas İnyesta, Braziliyadan Xulio Sezar və Mişel Bastosun çempionatın oyunlarında iştirakı sual altındadır.

Mundial yasaqları

Dünya çempionatının oyunlarını stadionda izləyəcək fanatlar bir sıra yasaqlarla üzləşməli olacaqlar.

Ən maraqlı yasaqlar futbol fanatlarına aiddir. Belə ki, yarışın təşkilat komitəsi oyunlar zamanı tribunada soyunacaq fanatların cəzalandırılacağını bildirib. Arenalara qablaşdırılmış olsa belə, yemək və içki gətirmək qəti olmaz. Əvəzində afrikalıların sevimli zurnası sayılan vuvuzela, habelə binokldan istifadə etməyə icazə var. Stadiona lazer əşyaları, çətir, alkoqollu içki, narkotik və alışdırıcı əşyalar və səs gücləndiricilər gətirmək yasaqdır. Qeyd edək ki, stadionlar hakimin start fitinə 3 saat qalmış açılacaq.

MARAQLI MƏQAMLAR

* Qazanılan çempion titullarının sayında Braziliya (5 çempionluq), mükafatların ümumi sayında isə Almaniya hamıdan öndədir - 10 medal.

* Afrikadakı birincilik Avropa və Cənubi Amerika arasındakı balansı pozacaq. Belə ki, indiyə qədər çempion titulunu qazanan 7 komanda hər qitəyə 9 kubok bəxş etmişdi. Köhnə qitə və ya okeanın o tayından olan rəqiblərinin 10-cu dəfə zəfər çalmasına isə yalnız sensasiya mane ola bilər.

Xatırladaq ki, indiyə qədər ən çox çempion titulunu Braziliya yığması qazanıb - 5 dəfə. İtaliya komandası 4, Almaniya yığması isə 3 dəfə dünya çempionluğunu bayram edib. Argentina və Uruqvay 2 dəfə, Fransa və İngiltərə 1 dəfə bu titula yiyələniblər.

* Futbol üzrə 2010-cu il dünya çempionatında postsovet məkanı təmsil olunmur.

* İlk dəfədir Slovakiya və Serbiya dünya çempionatında iştirak edirlər.

* İlk dəfədir Koreyanı iki milli yığma - яKoreya Xalq Demokratik Respublikasının və Koreya Respublikasının yığmaları təmsil edir.

* Dünya çempionatı yubileyinin astanasındadır. Belə ki, ilk dəfə 1930-cu ildə Uruqvayda keçirilən mundial 80 illik yubileyini qeyd edir.

Çempion kim olacaq?

Bukmeykerlər futbol üzrə dünya çempionatı ərəfəsində müxtəlif komandaların şanslarını dəyərləndirməyə çalışıblar. Bir çox futbol biliciləri son Avropa çempionatının qalibi - İspaniyanın, son dünya çempionu Braziliya və heyətində Lionel Messi kimi ulduz futbolçunun çıxış etdiyi Argentinanın şanslarının yüksək olduğunu bildirirlər. Amma eyni zamanda Almaniya, İngiltərə və Serbiya kimi Avropa komandalarının, "qara qitə" təmsilçiləri CAR, Kamerun və Əlcəzair yığmalarının imkanları yüksək dəyərləndirilir. Əfsanəvi futbolçu Pele isə finalda Braziliya ilə Afrika komandalarından birinin oynayacağına əmin olduğunu bildirib.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1


Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər