Türkiyə ilə İsrail arasında yaranmış "dəniz olayı" İranın atom-nüvə proqramı ilə bağlı məsələni beynəlxalq ictimaiyyətin diqqətindən yayındıra bilmədi.
BMT Təhlükəsizlik Şurasının üzvləri Tehran hakimiyyətinə qarşı yeni qətnaməyə dair razılığa gəldilər. Rusiyanın İrana qarşı embarqonun lehinə səs verməsi ilə Tehran çox ağır zərbəyə məruz qalmış oldu.
Bu ərəfədə Rusiya prezidenti D.Medvedyev Almaniya kansleri Angela Merkellə görüşündən sonrakı mətbuat konfransında demişdi: "Sanksiya ilə bağlı razılıq mövcuddur, ancaq praktik anlaşma yoxdur. Heç kim sanksiyanın tətbiqini istəmir. Biz ümid edirik ki, İran rəhbərliyi beynəlxalq ictimaiyyətin bu istəyini dəyərləndirəcək".
Almaniya lideri öz növbəsində BMT Təhlükəsizlik Şurasının ünvanına xoş sözlər söyləyərək sanksiya qərarını "ortaq mövqe" adlandırmışdı.
İrana dair praktik razılaşma - embarqo qərarı son anda gerçəkləşdi. Bəlli olduğu kimi, yalnız Türkiyə və Braziliya embarqoya "yox" dedilər, lakin bu mövqe heç nəyi dəyişmir.
Xatırladaq ki, Rusiya və Çin Tehran hakimiyyətinə qarşı sanksiyanın "yumşaldılması" və "İran iqtisadiyyatına" zərər verməməsi təklifi ilə çıxış edərək, dolayı yolla İslam Respublikasının deyil, bu ölkə ilə aralarındakı iqtisadi-ticari əlaqələrin qayğısına qalmışlar.
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun "Moskva və Pekin İrana qarşı yeni sanksiyanın həmmüəllifləri deyil" deməsi də Kremlin özünü sığortalama cəhdi kimi dəyərləndirilə bilər. Çünki bir müddət öncə İran prezidenti Mahmud Əhmədinejad sanksiya ilə bağlı məsələdə Moskvanı tənqid edərək, "mən onların yerinə olsaydım, tələsməzdim" söyləmişdi. Görünür, tələsdiklərini boyunlarına almaqdadır.
ABŞ hakimiyyətinin isə qarşıdan gələn həftə sözügedən sanksiya layihəsini müzakirə üçün BMT Təhlükəsizlik Şurasına təqdim edəcəyi gözlənilir.
İran isə öz işindədir, BMT qərarının işə yaramayacağını bildirir
İslam Respublikasının atom proqramını inkişaf etdirdiyi haqda dünya KİV-ində çeşidli yazılar çap olunmaqdadır. Ötən gün İngiltərədə çıxan "Teleqraf" qəzeti İranın nüvə proqramı üçün elektron avadanlığın Dubaydan qaçaq yolla İrana keçirildiyi haqda məqalə dərc edib. Qəzetin yazdığına görə, elektronika sahəsində aparıcı alman şirkəti İranın uyğun qurumlarının birinə elektron nəzarət sistemi satıb. Bu sövdələşmədə Dubay şirkətindən vasitəçi kimi istifadə olunub. İranlıların aldığı "geniş spektrli elektron avadanlığından" Nətənzdəki nüvə obyektində kompüterlərə, xüsusi kabellərə nəzarət məqsədilə istifadə olunacaqdı.
Avadanlıq İrana istehsalçının razılığı olmadan satılıb və onlar Dubay şirkətinin qanuni alıcı olduğunu zənn edib. Elektron avadanlıq BMT-nin sanksiyalarının subyektlərindən olan İranın "Kalaye Electric"inə verlib. İranın bu müəssisəsi Nətənzdəki uran zənginləşdirmə zavodunun əsas podratçılarından sayılır.
İranın İngiltərə səfiri Rəsul Mohavedian bu qaçaqmalçılıq faktını təkzib edir
Onu da qeyd edək ki, bu ilin aprelində Dubay Əmirliyi İranla ticarət əlaqələrini məhdudlaşdırdığını bəyan etmişdi. Çünki BMT TŞ tərəfindən qəbul edilmiş sanksiyada "qara siyahı"ya düşmüş "ikili təyinatlı məhsullar" (başqa sözlə, həm də İranın atom-nüvə proqramında istifadə olunan) İslam Respublikasına bu əyalətin bazarından ötürülürdü. 2009-cu ildə İranla Dubay Əmirliyi arasında 12 milyard dollardan artıq ticarət dövriyyəsi olub. Bilgilərə əsasən, Avropada istehsal olunan bütün məhsullar İrana bu bazardan ötürülür.
Xəbərlərə görə, əmirlikdə iranlıların 8 min şirkəti və sahibkar fəaliyyət göstərir. Bunu əmirlik əhalisinin önəmli bir hissəsinin İran mənşəli olduğu ilə də əlaqələndirirlər. Birləşmiş Ərəb Əmirliyinin başqa bir əyaləti Əbu-Dabidən də İrana Qərb istehsalı olan mallar ötürülürdü, amma beynəlxalq yasaq bu yolun bağlanması ilə nəticələndi.
Ərəb təhlilçiləri hesab edir ki, Dubay qonşu əmirlikdən nümunə götürərək, İran İslam Respublikası ilə ticarət əlaqələrini azaltmaq məcburiyyətində qala bilər.
Beləliklə, Tehran hakimiyyəti Türkiyə-İsrail arasında yaranmış gərginlikdən istifadə edərək, beynəlxalq ictimaiyyətin diqqətindən yayına bilməyib. Əslində bu böhran bütün hallarda İranın "əlinə oynayır". İslam Respublikası bu sayaq "baş qatan" gərginlik ocaqlarını davamlı surətdə körükləməyə üstünlük verir. Axı bu, nüvə proqramının inkişafı üçün Tehrana əlavə vaxt deməkdir.
|