Şəfiqə Axundova: "Ömrümün son akkordlarındayam"
 |
Bəstəkar bir xoş sözə ehtiyac duyur
Şənbə, 12.06.2010
|
|
"1940-cı ildən musiqi ilə məşğulam. İndi 86 yaşım var, bu gün də mahnı bəstələmək istəyirəm. Amma səhhətim pianonun arxasına keçməyə imkan vermir. Dünən gecəyarısı yuxum qaçıb, durub gözümü alətə zilləmişəm, onun şirmayı dillərinə toxunmaq istədim. Amma ayaqlarım sözümə baxmadı. Uzun-uzun düşündüm, saatlarla çalışdığım günlər yadıma düşdü. Talehi xatırladım (oğlu, bəstəkar Talehi nəzərdə tutur. İki il əvvəl dünyasını dəyişib - red.). O mənim tək övladım yox, dərd ortağım idi. Onsuz tək qalmışam. Yaxşı ki, bacım məni tək qoymur" - bu sözləri xalq artisti, Şərqin ilk opera yazan qadını Şəfiqə Axundova deyir...
Bəstəkarın fikrincə, bu gün onu tək maddi sıxıntılar narahat etmir. Pis-yaxşı özünü dolandırdığını deyən musiqiçi mənəvi sıxıntılarının az olmadığını dilə gətirir:
"Bu sənətdə olmaq üçün çox ağır yollar keçmişəm. Ən çətin dərdlərimə belə səbirlə yanaşmışam. Bununla da mən udmuşam. Nə cür ağır şərait olursa-olsun, mahnı bəstələməkdən əl çəkə bilmirəm.
Bir müddət əvvəl "Ömürdən bir gün də keçdi" musiqisini bəstələmişəm. Doğum günümə həsr etmişdim. Hərdən qulaq asıb ağlayıram. Qocalıq bir şey deyil. İnsanın beli yerə gəlir. 86 yaşımda yazıb-yaratmaq istəyirəm. Sinəmdə ürəyim döyünür, amma fiziki gücsüzlüyüm buna imkan vermir".
Şəfiqə xanım etiraf edir ki, onun da cavanlıq səhvləri az olmayıb. Yəni gənc yaşlarında sənətə iki əli ilə bağlanan bəstəkar ikinci övladını dünyaya gətirmək istəməyib:
"İndiki gənclərə sənətə çox aludə olmamağı tövsiyə edirəm. Mənim bir neçə övladım ola bilərdi, amma vaxtımı sənətə həsr etdim, bir də ayıldım ki, yaşa dolmuşam, yenidən ana olmaq üçün gecdir. Hər şeyi sənətə qurban verməyimə həm təəssüflənirəm, həm də yox. İnsanın özünə "Mən nə üçün yaşayıram?" sualını verməsi çox pisdir. Əgər onun arxada buraxdığı səhvləri varsa... Mənim də ən böyük səhvim ikinci dəfə ana olmaq istəmədiyim oldu. Yeganə övladımı itirəndən sonra bunun acısını daha çox yaşamağa başladım. Amma geri qayıtmaq, həyatı yenidən yaşamaq mümkün deyil. Məni xoşbəxt edən məqam yaradıcılığımdır. Hərdən yaratdıqlarımı qarşıma töküb uzun-uzadı onları seyr edirəm. Düşünürəm ki, bunları xalqım üçün qoyub gedirəm. İnsanlar məni bunlarla xatırlayacaqlar. Hərdən musiqiçilərin yaradıcılıq gecələrinə, tədbirlərə getmək istəyirəm. Ayağımdakı problemlər aradan qalxsa da, yerimək problemim var".
Ömrünün son günlərini yaşadığını deyən Şəfiqə xanım gözü qapıda, qulağı səsdə olduğunu bildirir. Sənətkar onun adını tutub qapısını açan hər bir insanın gəlişinə sevindiyini deyir:
"86 yaş az deyil. Ömrümün son akkordlarındayam. Bunu bilirəm. Bir xoş sözə ehtiyac duyuram..
|
|
|
|
|
|
|