Azərbaycan Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) qeydiyyatında 950 min avtomoto nəqliyyat vasitələri mövcuddur ki, bunun da 650 mini və ya 68,4 faizi "Euro-2" ekoloji standartının tələblərinə uyğun deyil. Bu barədə BDYPİ-nin avtotexniki müfəttişlik şöbəsinin rəisi Vahid Əliyev bildirib.
V.Əliyevin sözlərinə görə, bu standartın tələblərinə cavab verməyən avtomobillərin əksəriyyəti 1960-cı ildən 1990-cı ilə qədər istehsal olunan avtomaşınlardır.
"İstehsal tarixi 1996-cı ildən başlayan Avropa və digər xarici ölkələrdə istehsal olunan avtomobillərin çoxu "Euro-2" standartının tələblərinə uyğundur. Lakin MDB ölkələrində istehsal olunan avtomobillərin əksəriyyəti bu tələblərə cavab vermir. Ölkədə istismarda olan avtomobillərin 65 faizi uzun müddət ərzində istimarda olan avtomobillərdir", - deyə V.Əliyev bildirib.
V.Əliyev həmçinin qeyd edib ki, 2009-cu ildə Azərbaycanda istismarda olan avtomobillərdən atmosferə atılan zəhərli komponentlərin 67 faizi Bakı şəhərinin payına düşüb.
Şöbə rəisi onu da bildirib ki, Azərbaycanda istismarda olan avtomobillərin sayı 1988-ci ildən indiyədək 4 dəfə, son beş ildə isə 2 dəfə artıb. Onun sözlərinə görə, BDYPİ-nin qeydiyyatında olan avto-moto nəqliyyat vasitələrinin sayı 950 mini ötüb ki, bunun da 87 faizi avtomobillərin payına düşür. O, avtonəqliyyat vasitələrindən atmosferə buraxılan zəhərli qazlarla bağlı 30 minə yaxın sürücünün saxlandığını və bu sürücülər haqqında müvafiq tədbirlər görüldüyünü qeyd edib.
Qeyd edək ki, Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) tərəfindən gələn həftə "Avtomobil nəqliyyat vasitələrindən atmosferə buraxılan zəhərli maddələrə dair texniki normativlər" təsdiq olunacaq.
Bu barədə SMPDK-nın texniki tənzimlənmə və sertifikatlaşdırma departamentinin direktoru Sabiq Abdullayev bildirib. S.Abdullayevin sözlərinə görə, texniki normativlərin qəbulu bu ilin iyul ayının 1-dən Azərbaycanın "Euro-2" standartlarına keçməsi ilə bağlıdır. "Avtomobil nəqliyyat vasitələrindən atmosferə buraxılan zəhərli maddələrə dair texniki normativlər"lə ölkəyə idxal olunan avtomobillərin yoxlanılması iki istiqamətdə həyata keçiriləcək:
"Birinci istiqamətdə əgər Azərbaycana yeni model avtomobil idxal olunursa, bu avtomobilin "Euro-2" standartının tələblərinə cavab verməsi üçün müvafiq laboratoriyada yoxlanılaraq ona sertifikat veriləcək. Sonrakı mərhələdə həmin model avtomobillər üzrə yoxlamalar olmayacaq. Normativin ikinci istiqamətində isə ölkəyə idxal olunan ikinci əl avtomobillər üçün müvafiq yoxlamalar aparılacaq və onlara uyğunluq sertifikatı veriləcək".
Xatırladaq ki, 2010-cu il iyul ayının 1-dən Azərbaycana idxal olunan avtomobillərə qarşı "Euro-2" ekoloji standartının tətbiqi planlaşdırılır.
|