Daşqın bölgəsində gözümüzlə gördüklərimiz
 |
Hökumət sel basmış kəndlərdə işə başlamağa tələsmir
Şənbə, 12.06.2010
İ.Abbasov Neftçala-Salyan-Biləsuvar-Masallı-İmişli-Saatlı-Sabira |
mətn ölçüsü |
|
|
|
Azərbaycanın mərkəzi aran rayonlarında iri miqyaslı daşqınların əsas səbəbi Kür çayının deltasının lil və qumla bağlı olmasıdır. Bu qənaətə bir neçə gün bundan əvvəl Kürün deltasında monitorinq aparan "Kür" Vətəndaş Cəmiyyəti Qərargahının üzvləri gəldilər. Bu qrupun tərkibində "Ayna" qəzetinin də əməkdaşı vardı.
Deltanı 5 gəmi təmizləyir
Daşqınlarla bağlı müstəqil ekspertlərin və jurnalistlərin ilkin rəyləri də Kür çayı deltasının lillənməsi ilə bağlı idi. Amma daha sonra mediada daşqınların yağmurların çox olması ilə izahına meydan verildi. Daşqınla əlaqədar yaradılmış qərargahın nümayəndələri qayıqla Kür deltasının təmizlənməsi üzrə işlərin aparıldığı yerə getdilər və xüsusi gəmilərin işinin gedişi ilə tanış oldular. Bu gəmilər deltaya mayın birinci yarısında daşqınlar Sabirabad, Saatlı və İmişli rayonları ərazisində 50 min hektardan çox torpağı basdıqdan sonra gətirilib. Yəni əvvəlcədən orada olmayıblar.
"İnam" enerjisiz qaldı
Hadisə yerində "Azərenerji" nəzdindəki Tikinti-Quraşdırma İdarəsinin ixtisaslaşdırılmış "İnam" gəmisinin lövbər saldığını və işləmədiyini gördük. Gəmi heyəti ilə söhbətdən sonra məlum oldu ki, gəmi elektrik enerjisi ilə işləyir. Amma ərazidəki elektrik enerjisi xətləri köhnəlmiş və nasaz olması səbəbindən qırılmış və işləri yarımçıq qoymuşdu. Elektriklər qamış və bataqlığın içində böyük əzab-əziyyətlə xətlərin bərpası ilə məşğul idilər. Bir başqa şikayətləri isə ağcaqanadlardan oldu.
Hökumət isə əvvəlkitək daşqının təbii fəlakət olmas ı amilinə israr edir. Bildirilir ki, qarın əriməsi və yağışlar nəticəsində çaylarda suyun səviyyəsi yolverilən səviyyədən çox qalxıb və su bəndlərini yararaq 30 min evi basıb. Amma ərazidəki elektrik xətlərinin qırılıb tökülməsi məsul şəxslərin öz işlərinə nə qədər məsul yanaşdıqlarını əyani sübut edirdi.
Kür deltası ərazisində Xəzər dəniz gəmiçiliyinin və Dövlət Neft Şirkətinin beş gəmisi işləyir. Onların arasında ən məhsuldarı "Narva" gəmisidir ki, bu gəmi lili yığaraq sahilə deyil, dənizin dərinliklərinə apararaq boşaldır. Digər gəmilər isə lili sovuraraq xüsusi boru vasitəsilə sahilə atırlar.
Bu pullar hara gedib?..
Son 7 ildə də delta, Araz çayının məcrası, kollektorlar, kanallar və sahil bərkitmə işlərinə 1 milyard dollara yaxın vəsait ayrılıb.
Lakin məlum olur ki, vəsait xərclənib, işlər isə görülməyib və ya qismən görülüb. Bunu araşdırmaq hüquq-mühafizə orqanlarının işidir. Ekoloqlar isə qeyd edirlər ki, Kür çayının deltası çay axınının gətirdiyi lildən və qumdan müntəzəm təmizlənmə tələb edir.
Belə ki, deltaya ilk daxil olan "Abşeron-5" kiçik tonajlı yedək gəmisində çalışanlar bildirdilər ki, hələ bir ay əvvəl delta su üçün keçilməz imiş. Gəmi heyətindən adının çəkilməsini istəməyən bir nəfər dedi:
"Biz bura gələndə gördük ki, dənizin səviyyəsi çayın səviyyəsini keçib. Yığılmış lil və qum çayın dənizə keçməsi üçün yolu bağlayıb və Kür sahilə çıxıb...".
Orada çalışanlardan başqa biri, "İnam" gəmisindəki sahə ustası isə söylədi:
"Gəmilər deltanın dibini 1,5 kilometr uzunluğunda 5 metrədək dərinləşdirməlidir. Biz işin yarısını görmüşük. Nəzərə alsaq ki, hələ bir ay əvvəl burada suyun dərinliyi cəmi 30 santimetr təşkil edirdi, bu, böyük işdir"...
Beləliklə, aydın olurdu ki, hətta bu işlər başa çatdıqdan sonra da gələcəkdə çayın mənsəbini və deltasını fasiləsiz təmizləmək lazım gəlir. Əvvəllər bu işi çaylarda işləyən gəmilər öz hərəkətləri ilə yerinə yetirirdilər. Yerli sakinlər hesab edirlər ki, Kürdə gəmiçiliyin bərpası deltanın lillənməsi problemini həll edə bilər.
Arazın yeni qolu susuzluqdan bağlanır
Beləliklə daşqın başlamazdan əvvəl deltada dənizin səviyyəsi çayın səviyyəsi ilə müqayisədə yüksək olub və bununla əlaqədar yaz seli dənizə axa bilməyib və su zəif möhkəmləndirilmiş yerlərdə geniş sahəyə yayılaraq on minlərlə hektar torpağı basıb. Həmçinin ilkin mərhələdə fəlakət zonasında dövlət qurumları tərəfindən aparılan işlər xaotik xarakter daşıyıb, alim və mütəxəssislərin fikirlərinə məhəl qoyulmayıb. Buna misal olaraq Araz çayının ikinci məcrasının açılmasını göstərmək olar ki, ekoloqlar bunun əleyhinə çıxırdılar.
Artıq iyunun 8-də yol infrastrukturu dağıldıqdan, kənd təsərrüfatı sahələri məhv olduqdan sonra Araz çayında su çatışmazlığı ilə əlaqədar yeni məcranın bağlanması üzrə əks işlərə başlanılıb... Təəssüf ki, Fövqəladə Hallar üzrə Dövlət Komissiyası bu hadisəni daşqının nəticələrinin aradan qaldırılması üzrə mühüm qələbə kimi qələmə verirdi...
Qeyd edək ki, Arazın yeni açılmış qolunun Biləsuvar rayonundan keçərək "Qızılağac" dövlət qoruğuna daxil olmaqla Xəzərə tökülməyi proqnozlaşdırılırdı. "Qızılağac" qoruğunda da olduq. Bir şeyi də qeyd edim ki, Arazın gələcək deltası ilə maraqlanan "Ayna" əməkdaşı qoruğa buraxılmadı... Anormal qadağan idi, deyilmi? Hər halda, bu anormal qadağanın niyə və kim tərəfindən tətbiqi də izah edilmədi.
Su olmasa da körpü tikiləcək...
Susuzluğa görə Arazın yeni açılan qolu bağlanmaqda olsa da, Biləsuvar rayonu ərazisində körpü tikilir. 150 metr uzunluqda olacaq körpünün də qısa vaxtda təhvil veriləcəyi vəd edilir. Arazda suyun azlığı Bəhramtəpə su qovşağında olanda da açıq-aydın müşahidə edilirdi. Yerli sakinlər Arazın bu hissəsində suyun hazırkı səviyyədən 2-3 metr aşağıdan axdığını bildirirdilər.
İmişli rayonunda isə kollektorlar, kanallar qupquru idi. Əkin sahələrinin bir hissəsi və qoyun yataqları Arazın xaotik şəkildə açılmış qolu hesabına su altında qalsa da, rayonun digər tərəfində minlərlə hektar əkin sahələri susuzluqdan yanırdı.
Zərərçəkən əhali ilə görüşlərdən sonra bəlli oldu ki, adamlar onların gələcəyinə dair hər hansı məlumata malik deyil. Praktiki olaraq Fövqəladə Komissiya nümayəndələrinin onlarla görüşləri keçirilmir. Dəymiş zərərin necə ödəniləcəyi, bundan sonra necə yaşayacaqları da əhaliyə məlum deyil. Adamlar baş verənlərin birtərəfli qaydada rəsmi izahından narazıdır.
Fəlakətdən salamat çıxanlar Allah ümidinə qalıb
Gördük ki, daşqın bölgəsində humanitar vəziyyət bütövlükdə ağır olaraq qalır. Evləri su altında qalmış insanların bir hissəsi məktəb və çadır şəhərciklərində yerləşdirilib. Ancaq öz evlərinə qayıda bilməyən və sığınacaqsız qalan bir çox adam qohumlarının evinə sığınıb.
Daşqından zərər çəkmiş rayonların əhalisi gələcəklərindən narahatdırlar. Uzun illər ərzində qurduqları təsərrüfat, tikdikləri ev-eşik sular altında qalaraq sıradan çıxıb. Hökumət isə kompensasiyadan söz salmağa tələsmir.
"Heç kim gəlib bizimlə maraqlanmır. Ölmüşük, qalmışıq deyən yoxdur", - deyə Sabirabad rayonu 2 saylı məktəbində yerləşdirilən zərərçəkmiş, 70-dən artıq yaşı olan Seyid Həmidov bildirdi.
Hazırda bu məktəbdə yaşayanların çoxu öz gələcəyindən narahatdır. Baxmayaraq ki, zərərçəkmişlər üçün lazımi şərait yaradılıb və onlar bu diqqətdən razıdırlar. Amma əhali hər cür çətinliyə dözməyə hazırdır, təki qısa zamanda evlərini yenidən tikib təsərrüfatlarını bərpa etmək üçün kompensasiyalarını tez ala bilsinlər.
Televiziya ekranlarında nümayiş olunmasına baxmayaraq ərazidə, xüsusilə su basmış kəndlərdə dezinfeksiya işləri aparılmayıb. Məsələn, Sabirabad rayonunun Şıxlar və Ulacalı kəndlərinin qəbiristanlıqları da su altında qalmışdı. Sakinlərin verdiyi məlumata görə, qəbirlərin əskəriyyəti açılıb.
Qeyd edim ki, həmin kəndlər su altında olanda da bu cümlələrin müəllifi dəfələrlə ərazidə olub. Hazırda kəndlərdən su çəkilib. Su çəkiləndən sonra qurumuş meyvə bağları, uçmuş evlərin xarabalıqları diqqəti cəlb edir. Məmurlar isə hələ ki su altından çıxmış bu kəndlərə baş çəkməyə, əli qoynunda qalmış əhaliyə dəymiş ziyanı yerindəcə müəyyənləşdirməyə tələsmir.
Məmurların boş dayandığını söyləmək haqsızlıq olardı. Onlar Sabirabadda təmtəraqlı toplantı keçirərək yenə vədlər verirdilər. Təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı yaradılan hökumət komissiyası üzvlərinin iştirakı ilə srağagün Sabirabadda keçirilən müşavirədə isə alt komissiyalar yaradılıb. Bu barədə jurnalistlərə fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib ("Turan").
Nazirin sözlərinə görə, yaradılan alt komissiyalara 3 gün ərzində görülən işlər barədə hökumət komissiyasına məlumat verməsi tapşırılıb. "İndiyə qədər görülmüş işlər davam etdiriləcək. Güman edirik ki, qısa müddətdə həm bəndbərkitmə, həm içməli su təchizatı, həm suvarma sularının suvarılan torpaqlara çatdırılması, həm də enerjinin bərpası, qaz sahəsi ilə bağlı yaradılan alt komissiyalar işə başlayacaqlar", - K.Heydərov əlavə edib.
K.Heydərovun sözlərinə görə, su basmış kəndlərdə yeni evlər təhlükəsiz yerlərdə tikiləcək. Ümumilikdə, yeni kəndlər və qəsəbələr təhlükəsiz yerlərdə salınacaq və əhali təhlükəli ərazidən köçürüləcək.
|
|
|
Oxşar xəbərlər:
Oğuzda arxeoloqlar qizil maska tapiblar
Orduda qəsdən adam öldürmə cinayətləri artıb
Güneydə "Kərkük variantı"?
Türkiyədə "kürd" və "erməni açılımı"nın gizlinləri
"Qurdlar Vadisi Pusu"nun kompüter variantı
|
|
|