Dövlət Miqrasiya Xidməti əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı ötən ayın nəticələrini açıqlayıb ("Turan").
DMX-nin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, may ayında Azərbaycanın Dövlət Miqrasiya Xidmətinə (DMX) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, bərpa, xitam, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün fərdi icazələrin verilməsi və mövcud fərdi icazələrin müddətlərinin uzadılması ilə bağlı 4730 müraciət daxil olub.
Həmçinin keçirilmiş tədbirlər nəticəsində 883 əcnəbi tərəfindən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib, onlardan 234 nəfərin cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 569 əcnəbi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş qaydada 48 saat ərzində ölkəni tərk etmə, 80 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılması barədə qərarlar qəbul edilib.
Amma Miqrantlara Hüquqi Yardım İctimai Birliyi dünən "Kaspian Palace" otelində Azərbaycanda olan əfqan miqrantların hüquqlarının pozulması ilə bağlı "dəyirmi masa" keçirib.
Tədbirdə Azərbaycanda 1000 nəfərə qədər əfqan miqrant olduğu, bu şəxslərin sənədlərinin olmadığı və ya etibarlılıq müddətinin keçdiyi vurğulanıb. Qeyd olunub ki, elə əfqan miqrantlar var 20 ildən artıq Azərbaycanda yaşamalarına baxmayaraq, şəxsiyyət vəsiqəsi və digər sənədlərlə təmin olunmayıblar. Eyni zamanda bildirilib ki, BMT-nin Qaçqınlar üzrə Komissarlığının (BMT QAK) verdiyi himayə sənədi şəxsin ölkədən çıxarılmasının qarşısını alsa da, əmək, ailə qurmaq və s. kimi digər hüquqlarının gerçəkləşdirilməsinə şərait yaratmır.
Tədbirə qatılan əfqan əsillilər uzun müddət ölkədə yaşamalarına baxmayaraq, lazımi sənədlərlə təmin edilmədiklərinə görə Azərbaycan hakimiyyətini, BMT QAK-ı ittiham ediblər, həm də bu durumda gələcəklərinin qeyri-müəyyən qalmasından şikayət ediblər, əmək istismarına məruz qaldıqlarını söyləyiblər.
Dövlət Miqrasiya Xidmətinin (DMX) və eləcə də BMT QAK-ın təmsilçiləri əfqan miqrantların hüquqlarının təminatı ilə bağlı ünvanlarına olan tənqidləri birmənalı rədd ediblər. DMX-nin nümayəndəsi ölkəyə gələn hər şəxsin qaçqın kimi tanınmasının mümkünsüzlüyünü deyərək, bu şəxslərin bütün müraciətlərinin müsbət həll olunacağına ümidlərinin əsassiz olduğunu bildirib. DMX təmsilçisi ölkəyə sənədsiz gələn bütün qaçqınların qaçqın statusu almalı olduqları ilə bağlı düşüncələrini də rədd edib. Yalnız bu statusa uyğun gələn şəxslər barəsində belə hüququn tanınacağı vurğulanıb. DMX nümayəndəsi qeyd edib ki, Azərbaycanda bir sıra şəxslər Əfqanıstanda insanlara "cənnət həyatı" vədi verərək onları Azərbaycana gətirir. O, belə şəxslərdən bəzilərinin həbs olunduqlarını söyləyib.
BMT QAK təmsilçiləri qaçqınların hüquqları ilə bağlı 1951-ci il Konvensiyasına dövlətlər tərəfindən necə riayət edilməsinin monitorinqini keçirməklə kifayətləndiklərini deyərək, ünvanlarına sadalanan ittihamları rədd ediblər. BMT-nin qaçqınları "üçüncü ölkəyə göndərməsi" ilə bağlı hüququnun olmadığı barədə açıqlama verən BMT təmsilçisi deyib ki, gəldiyi ölkədə hüquqları təmin edilmədikdə, öz ölkəsinə qayıtmaq təhlükəsi olduğu halda, üçüncü bir ölkədə şəxsin qəbul edilməsi üçün o, dünya dövlətlərinə ancaq müraciət edə bilmək hüququndan yararlana bilər.
Mövcud durumdan çıxış yolu kimi bu sahədə qanunvericiliyə uyğun dəyişikliklərin edilməsi təklif olunur.
|