İyunun 9-da Vaşinqtonda ABŞ Helsinki Komissiyasının iclasında dinləmələr keçiriləcək. "Turan"ın Vaşinqton müxbirinə komissiyadan verilən məlumata görə, dinləmələr "ATƏT məkanında azad mətbuata təhdidlər" mövzusunda olacaq və Azərbaycan da daxil olmaqla, bəzi ölkələrdə vəziyyəti əhatə edəcək.
"Komissiyada dinləmələr ATƏT ölkələrində müstəqil KİV jurnalistlərinin üzləşdikləri ciddi çağırışlara həsr olunacaq. Təhqiqat işi ilə məşğul olan jurnalistlərə qarşı qətl, fiziki zorakılıq xüsusi narahatlıq doğurur. Biz böhtana görə cinayət təqibi daxil olmaqla, bəzi siyasi proseslərdən çox narahatıq. Bu, mətbuat azadlığına mənfi təsir göstərir, həmçinin İnternetdə və media-texnologiyalara məhdudiyyətlərə səbəb olur", - deyə komissiyanın nümayəndəsi bildirib.
Dinləmələrdə ATƏT-in mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Micatoviç, "Freedom House"un Avrasiya üzrə proqram direktoru Sem Paten, Jurnalistləri Müdafiə Komitəsinin eksperti Müzəffər Süleymanov və başqaları çıxış edəcəklər.
ABŞ Helsinki Komissiyası federal hökumətin tərkibində müstəqil qurumdur. Qurum 56 ölkədə insan hüquqları, demokratiya, iqtisadi və hərbi əməkdaşlıq üzrə Helsinki aktı müddəalarının reallaşmasının monitorinqini keçirir.
Komissiya 9 senator, 9 konqresmen və Dövlət Departamenti, Pentaqon, ABŞ Ticarət Nazirliyinin hər birindən bir nümayəndədən ibarətdir.
İyunun 3-də isə "Amnesty İnternational" təşkilatı Azərbaycanın Moskvadakı səfirliyinin qarşısında piket keçirib. Aksiya iştirakçıları Azərbaycanda həbsdə olan jurnalist Eynulla Fətullayevin azadlığa buraxılmasını tələb ediblər.
Təşkilatın Moskva şöbəsinin mətbuat katibi Natalya Sergeyeva bildirib ki, piketçilər Avropa İnsan Hüquqları Məhkəməsinin qərarının dərhal icra olunmasını tələb ediblər. Belə ki, məhkəmə jurnalistin azadlıqdan məhrum edilməsinin ədalətsiz olduğunu müəyyən edib və Azərbaycan hakimiyyətini onu dərhal azad etməyə çağırıb.
Bundan əlavə, piket 2009-cu ildə Azərbaycanda həbs olunmuş bloggerlər - internet-bloqlarda hakimiyyəti tənqid edən süjetlər yerləşdirmiş Adnan Hacızadə və Emin Millinin dəstəklənməsinə həsr olunub.
Qeyd edək ki, Eynulla Fətullayev iyunun 2-dən aclığa başlayıb. O, aksiyanı Avropa İnsan Hüquqları Məhkəməsinin barəsində çıxardığı qərara prezident İlham Əliyevin münasibət bildirəcəyi təqdirdə dayandıracağını da bəyan edib.
İyunun 3-də axşam isə 60-a yaxın adam Azərbaycanın Londondakı səfirliyinin qarşısında toplaşıb. Etiraz aksiyası "Amnesty İnternational", "ARTİKIL 19", "English PEN", "İndex" on və digər hüquq-müdafiə təşkilatları tərəfindən təşkil olunub. Onlar da Eynulla Fətullayevin dərhal və şərtsiz azadlığa buraxılmasını tələb ediblər.
Aksiya iştirakçılarından biri "Turan"a bildirib ki, mitinq bir saat davam edib. Aksiya zamanı nümayişçilər jurnalistin azadlığa buraxılması tələbilə Azərbaycan və ingilis dillərində şüarlar səsləndiriblər.
Sonra adı çəkilən təşkilatların dörd nümayəndəsi öz məktublarını səfirliyə təqdim ediblər. Bu məktub həmin təşkilatların rəhbərləri və 80 ədəbi xadim tərəfindən imzalanıb. Onlar Fətullayevin işi ilə bağlı narahatlıqlarının Azərbaycan hakimiyyətinə çatdırılmasını xahiş ediblər. Səfirliyin nümayəndəsi məktubu qəbul edərək bildirib ki, səfir ölkə hakimiyyətinə müraciət edəcək.