çap et  
Millət vəkili Ziyad Səmədzadə: "Maaşlar onsuz da artırılacaq"
Millət vəkili Ziyad Səmədzadə: "Maaşlar onsuz da artırılacaq"
Günün əsas məsələsi isə - təbii fəlakətin vurduğu ziyandır
Şənbə, 05.06.2010

A.Akif

Təbii fəlakətin vurduğu zərərin həcmini müəyyənləşdirmək, təbii fəlakət zonasında yaşayan əhalinin sosial müdafiəsini gücləndirmək, yeni işlər aparmaq üçün baş nazirin sədrliyi ilə yaradılan Dövlət Komissiyasının işi davam edir. MM İqtisadiyyat komitəsinin sədri Ziyad Səmədzadə deyir ki, Dövlət Komissiyası təbii fəlakət zonasında baş verənləri köklü surətdə təhlil edəcək və bu baxımdan, görünür, bir sıra istiqamətlərdə əlavə vəsaitlərə ehtiyac yaranacaq:

"Bu vəsaitləri təcili surətdə ayırmaq lazımdır ki, dəymiş zərərin nəticələrini tezliklə aradan qaldırmaq mümkün olsun. Belə demək mümkündürsə, həm kompensasiyaların ödənilməsi, həm risklərin gələcəkdə ortadan qaldırılması ilə əlaqədar məsələlər həll olunur".

Millət vəkili hesab edir ki, bunlar - büdcəyə dəyişikliklərin nəzərdə tutulması düşünülmüş addımdır. Yəni büdcəyə dəyişiklik elə-belə, nəyinsə xatirinə edilmir. Reallığı obyektiv qiymətləndirən hökumət, yəqin ki, 2010-cu il üçün təsdiq edilmiş büdcə parametrlərində dəyişikliklər edilməsini lazım biləcəkdir. Hələliksə bu məsələ ilə bağlı parlamentə konkret təkliflər daxil olmayıb.

Büdcəyə dəyişiklik edilərsə, bu həm də dövlət büdcəsindən maliyyələşən təşkilatlarda işləyənlərin əmək haqlarının, eyni zamanda, pensiyaların artımı ilə müşayiət oluna bilərmi? - sualını cavablandıran komitə sədri bildirdi ki, onsuz da əmək haqları bu il ərzində artacaq. Bunu prezident özü bəyan edib. Ancaq bu gün əsas məsələ təbii fəlakətlə bağlı dəymiş zərərin obyektiv qiymətləndirilməsidir. Böyük təbii fəlakət baş verib. Dünyanın bütün ölkələrində bu kimi təbii fəlakətlər baş verir. Azərbaycan hökuməti bütün bu çətinliklərə baxmayaraq, öz büdcəsinə dəyişiklik etməyi nəzərdə tutur:

"Düzünü desəm, indiyədək rast gəlməmişəm ki, hansısa ölkə öz büdcəsinə yenidən baxmaq istəyir. Lakin Azərbaycan hökuməti təcili önləyici tədbirlər görmək, gələcəkdə belə hadisələrdən dəyən zərəri minimuma endirmək üçün büdcəyə yenidən baxmağı nəzərdə tutur".

Yeri gəlmişkən, iqtisadçı deputatlar dəfələrlə Büdcə Məcəlləsinin hazırlanması və qəbul olunması təklifi ilə çıxış ediblər. Büdcə Məcəlləsinin qəbuluna ehtiyac var. Ancaq bunun üçün də gərək müəyyən hazırlıq işləri aparılsın.

Millət vəkili deyir ki, hər məsələnin öz vaxtı var. Dünyanın əksər ölkələrində Büdcə Məcəlləsi yoxdur. Onun dediyinə görə, büdcə sistemi ilə bağlı bu gün Azərbaycanın təkmil qanunları var və o qanunlar beynəlxalq standartlara uyğun büdcə tərtibatına imkan verir. Təbii ki, bütün qanunların bir sənəddə toplanması vacib məsələdir, amma bunun üçün də vaxt lazımdır, ayrı-ayrı qanunların fəaliyyət mexanizmini dərindən araşdırmaq gərəkdir:

"Bir neçə qanunu bir məcəllədə birləşdirib ortaya çıxarmaq üçün gərək biz həmin qanunların fəaliyyət mexanizmlərini ümumiləşdirək ki, nəyə nail olduq. Məsələn, "Büdcə sistemi haqqında" qanunla biz nəyə nail olduq? Əgər bizim büdcə sisteminin tərkibində nöqsanlar varsa, gəlin ilk növbədə bunları müəyyənləşdirək. Sistem elə qurulub ki, parlament qəbul edən kimi, hökumət, Maliyyə Nazirliyi qısa müddət ərzində büdcə parametrlərini yerlərə çatdırır. Qısa müddət ərzində vəsaitlər açılır. Hər rüb hesabatlar aparılır. Yəni bizim kifayət qədər mexanizmimiz var... Bir sözlə, bunlar araşdırılmalı, monitorinq, ümumiləşdirmələr edilməli və son qərar verməliyik. Bununla belə, gələcəkdə belə bir məcəllənin qəbulunu istisna etmirəm".