İran öz daxilində və qonşuları ilə məzhəb problemləri yaşamaqdadır. "mignyus"a istinadən, İnqilab Keşikçiləri Qvardiyasının keçmiş komandanı Yəhya Rəhim Səfəvi ərəb dövlətlərinin İslam Respublikasında "dini qarşıdurma toxumu səpdiyindən" danışır.
Generalın sözlərinə görə, körfəz dövlətlərindən bəziləri İranda, özəlliklə Sistan-Bəlucistan əyaləti əhalisi arasında dini "qarşıdurma toxumu səpir".
Y.Səfəvi deyir: "İnqilab Keşikçiləri Qvardiyası və təhlükəsizlik xidməti düşmənin bu yöndə törətdiyi cinayət işlərinin üstünü açmaq üçün əzmlə çalışıb".
Qeyd edək ki, Səfəvi hazırda İranın ali lideri Əli Xamneyinin hərbi məsələlər üzrə baş məsləhətçisidir.
Sistan-Bəlucistan əhalisi sünniməzhəbdir. Onların bir hissəsi Pakistan və Əfqanıstanda yaşayır. Yəni bir xalq üç ölkə arasında bölünmüşdür. Bəluclar uzun illərdir Tehran hakimiyyətinə qarşı mübarizə aparır. Bu yaxınlarda onların liderlərindən biri - bəlucların azadlığı uğrunda mübarizə aparan Condullanın lideri Əbdülmalik Rigi həbs edildi.
2009-cu ilin bu silahlı təşkilatın Sistan-Bəlucistan əyalətində törətdiyi partlayış zamanı 50 nəfər həlak olmuşdu. Tehran "Condulla"nın ABŞ və Britaniya xüsusi xidmət orqanları tərəfindən maliyyələşdirildiyini iddia edir.
İİR rəsmi informasiya vasitələrinin yaydığı xəbərə görə, Ə.Rigi ABŞ-ın xüsusi xidmət orqanları ilə əlaqədə olduğunu "etiraf edib". Bununla bağlı lent yazısı İranın "Press TV"sində nümayiş etdirilmişdi. Məlumata görə, amerikalılar onunla Barak Obama prezident olandan sonra əlaqə qurublar. Onlar "Condulla" liderinə Əfqanıstan ərazisində hərbi-təlim bazası yaratmağa söz veriblər. Əməkdaşlığın detalları ABŞ-ın Qırğızıstandakı "Manas" həbri bazasında müzakirə olunmalı imiş. Rigi onu da "bildirib" ki, Amerika "taliban" və "əl-Qaidə"ni deyil, İranı başlıca düşmən sayır.
Əbdülmalik Rigi həbs olunduqdan sonra qurumun keçirdiyi iclasda "Condulla" özünə yeni lider seçib. Təşkilatın yeni sədri Məhəmmədzəfər Bəlucdur.
İran hakimiyyətindəki bəzi dairələr və dünyanın çeşidli KİV-i "Condulla"nı ("Allahın döyüşçüləri") "sünni terrorçular" adı altında təqdim edir. Ehtimal etmək olar ki, bu məqsədlidir. Çünki İran əsasən şiə dövləti sayılır. Beynəlxalq səviyyədə təbliğatın bu şəkildə qurulması perspektivdə İranda sünni-şiə qarşıdurmasına zəmin hazırlığını da güman etməyə əsas verir.
"Condulla" İran və Pakistan ərazisində fəaliyyət göstərir. Onlar üç ölkənin İran, Pakistan və Əfqanıstanda yaşayan bəlucların birləşməsi və ya milli haqlarının təmin edilməsi uğranda mübarizə aparır. Bu qurum Bəlucistan Milli Müqavimət Hərəkatının tərkib hissəsidir. Hərəkatın liderləri əvvəllər siyasi-mədəni, dinc mübarizə aparmağa üstünlük versə də, Tehran hakimiyyətinin Sistan-Bəlucistanda "narkotik maddələrin qaçaqmalçılığına qarşı mübarizə" adı altında keçirdiyi hərbi əməliyyatlar zamanı bəlucların milli-siyasi fəallarını "narkoman" adlandırıb, damğalayır, həbs və edam edirdi. Vəziyyətin bu yerə çatdığını görən bəlucların milli fəalları İran hakimiyyətinə qarşı silahlı mübarizəyə üstünlük verməyə məcbur olub. Bəzi məlumatlara görə, onların 2000 nəfərlik hazırlıq görmüş silahlı qüvvəsi var.
Mayın sonunda Sistan-Bəlucistan əyalətinin mərkəzi şəhəri Zahidanda Əbdülmalik Riki edam edildiyi barədə xəbərlər yayıldı.
|