Gürcüstan-Rusiya: geriyə qayıdışmı?
 |
Bu planın əsas tərkib hissəsi - mədəniyyət və iqtisadiyyatdır
Şənbə, 05.06.2010
Ənvər Börüsoy Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin (AMSTM) |
mətn ölçüsü |
|
|
|
Gürcüstanda 2003-cü ildə baş verən "Qızılgül İnqilabı"ndan sonra Rusiyanın 300 illik Qafqaz siyasətində dərin çatlar yarandı. Bu, Qərb çevrələrində möhtəşəm bir uğur kimi qəbul edildi. Sanki məşhur Berlin Divarının aradan götürülmə təntənəsi baş vermişdi. Strateji hədəfdə "Gürcüstan Abxaziya və Güney Osetiyanı itirsə də, regionda yeni düzənə doğru addımlayan ilk MDB ölkəsi kimi dərin siyasi qatların özülünün qoyulma prosesinin başlanılması açıq şəkildə ifadə olunmağa başladı.
Avropada unudurdular ki, iqtisadiyyatı, sənayesi, intellektual bazası çökdürülmüş bir ərazidə qısa zaman kəsimində hamıya örnək ola biləcək xoşbəxt həyat şəraitini təmin etmək qeyri-mümkündür. Baxmayaraq, gürcülər yeni donorlara xoş gəlmək üçün hətta dövlət bayrağındakı rəsmləri və rəngləri də dəyişdirmişdilər. Aradan 7 il ötəndən sonra proseslər köhnə məcraya yönəldilməkdədir
Geriyə dönüş planı
Rusiya Dövlət Dumasının deputatı Sergey Markov bildirir ki, Moskva yenidən Gürcüstana dönmək üçün xüsusi hazırlıqlara başlayıb. Bu planı Rusiya heç zaman gizlətməyib. İki ölkə arasında hər şey artıq sərhədlərdə, necə deyərlər, "burnun ucundadır". Rusiya sadəcə əlverişli fürsət və imkan gözləyir. Bunun üçün ilk addım olaraq BMT və Avropa Birliyinin dəstəyilə "Sürix sazişi" planı adı altında Gürcüstanın Abxaziya və Güney Osetiya ilə münasibətlərində bir qədər yumşalma prosesinə şərait yaradılmasına ehtiyac var. Digər tərəfdən, Rusiyada son illər yaranmış "Rusiya Gürcüləri İttifaqı" (lideri Mixail Xubutiya), "Gürcüstan Xalqlarının Beynəlxalq Konqresi" (Aleksandr Ebralidze), "Gürcüstan Uğrunda Hərəkat" (Mindia Qulua) bu ölkədə yaşayan 1 milyon 500 min nəfərlik gürcü əhalisi arasında geniş təbliğat şəbəkələri qurublar. Onlar gürcü iş adamlarını, ziyalıları və elm xadimlərini bu prosesə qata biliblər.
Rusiya prezidenti Dmitri Medvedyevin özündən əvvəlki hakimiyyətlərdən fərqli olaraq, Gürcüstana münasibətdə loyal taktika seçdiyi hiss olunur. Məhz bu siyasətin nəticəsi olaraq Rusiyadakı gürcü təşkilatları, iş adamları, elm, mədəniyyət xadimləri Gürcüstanla inteqrasiyanın mümkün olan bütün vasitələrindən yararlanmağa çalışırlar. Artıq bu yöndə bir sıra ciddi addımlar atıblar. Ard-arda Rusiyanın iri şəhərlərində "Gürcü Mədəniyyəti" günlərinin keçirilməsini, Gürcüstanda hakimiyyətə gəlməyə iddialı olan müxalifət liderlərinin Moskvada yüksək səviyyədə qəbul olunmasını, hətta biznes forumların təşkilinə təşəbbüslərin gündəmə gətirilməsini Kremlin yenidən regiona dönüşü kimi qəbul edənlər var.
Gürcüstana qarşı Abxaziya və Güney Osetiya məsələsində ifrat düşmənçilik siyasəti aparan Adıgey, Quzey Osetiya, Dağıstan, Qaraçay-Çərkəz, İnquşetiya və Kabarda-Balkar respublikalarında da müəyyən yumşalmalar müşahidə olunur.
Hətta bu regionlarda gürcü icmalarını birləşdirən müxtəlif ictimai qurumların yaradılmasına dövlət səviyyəsində dəstək verilməkdədir.
İndi sırada Gürcüstan və Quzey Qafqaz regionları arasında sərhədlərin açılması, ticari və iqtisadi əlaqələrin inkişaf etdirilməsi tələbləri səsləndirilir. 2014-cü ildə Soçidə keçiriləcək Qış Olimpiya Oyunlarına görə regionda turizm, idman meydançalarının, mehmanxana, ictimai iaşə və digər sahələrin inşaasına gürcülərə məxsus şirkətlərin də cəlb edilməsi Rusiyanın Qafqaz siyksətinin tərkib hissəsinə çevrilibdir.
Rusiyada antigürcü təbliğat şəbəkəsinin zəifləməsi, reallıqlara söykənən impulsiv siyasətə önəm verilməsi müşahidə olunur. Bir sözlə, Rusiyanın Gürcüstan sərhədlərinə doğru uzaq hədəflərə hesablanmış strateji taktikadan istifadə etməklə, yaxınlaşmanın region üçün hansı uğurları gətirəcəyi barədə proqnozlar səsləndirilməkdədir. Bunu hətta rəsmi Tbilisi də açıq şəkildə bəyan edib. Modernləşmə və humanitar münasibətlərdə strateji hədəflər Rusiyanın Gürcüstana münasibətinin çox da uzaqda olmayan dəyişmə prosesinin bu ölkənin Xarici İşlər, Mədəniyyət və Daxili İşlər nazirliklərinin, Federal Təhlükəsizlik Xidməti, Federal Sərhəd Xidməti kimi dövlət strukturlarının fəaliyyət dairəsinə daxil edilməsi faktları yetərincədir. Hətta bu nazirliklərin nəzində Gürcüstanla bağlı "işçi qrupları" da yaradılıbdır.
Rusiya Gürcüstana olan münasibətində daha çox mədəni əlaqələrin bərpa edilmə görüntüsünü yaratmağa başlayıb. Prezident D.Medvedyevin mədəniyyət məsələləri üzrə müşaviri Mixail Şvıdkonun nəzarətində olan strateji araşdırma mərkəzlərinin hazırladıqları layihələr əsasında mədəniyyət sektorunda bir sıra tədbirlər həyata keçirilməyə başlayıb. Bu layihənin əsas prinsiplərindən biri də gürcü mədəniyyət xidimlərinin Rusiya boyunca qastrollarını, rəssamların sərgilərini təşkil etmək, bunun qarşılığında Rusiyanın dəbdə olan musiqi qruplarının, teatr truppalarının Gürcüstan səfərlərini həyata keçirməkdir.
Son zamanlar gürcü mədəniyyətinin inkişafında böyük xidmətləri olan alimlərə, mədəniyyət xadimlərinə və yazıçılara xüsusi mükafatların təqdimedilmə prosesinə də başlanılıbdır. Hər mükafatın həcmi isə 20 min gürcü larisidir (təxminən 10 min dollar).
İfrat Qərb yönümlü gürcü liderlər bu siyasəti hələlik "qırmızı ziyalıların" təşəbbüsü kimi qarşılasalar da, prosesin inkişafına qarşı radikal mövqedən çıxış etmirlər. Rusiyaya loyal münasibətdə olan ziyalıların Kremlin maraqları çərçivəsində səfərbər olunmasına radikal gürcü milliyyətçiliyini təbliğ edən qüvvələr isə normal hal kimi baxmırlar. Onlar faktiki olaraq, hər gün mətbuatda və televiziya ekranlarında Abxaziya, Güney Osetiya, gürcü qaçqınlarının yaraları barədə dərdli notlara söykənmiş mövzuları gündəmə gətirirlər. Rusiyanın bir qədər ehtiyatlı şəkildə, prioritet əsaslarla Gürcüstana yönəlik siyasətini dəyişmək istəyi məhz gürcü millətçilərinin təbliğatı sayəsində hələ ki, dumanlı xarakter daşıyır. Halbuki, modernləşmə və humanitar siyasətin tərkib hissəsinə çevrilmiş şərtlər Rusiyanın neoimperiya iddialarını qəbul etmir.
Bu prosesi diqqətlə təqib edən Qərb ekspertlərinin fikrincə, Rusiya Güney Qafqaza yönəlik yeni siyasətində strateji hədəf kimi Quzey Qafqazdakı problemləri 2014-cü il Soçi Qış Olimpiya Oyunlarına qədər dondurmaqla getmək iddiasındadır. Çünki Soçi Olimpiadasından sonra, Rusiya Quzey Qafqaz regionlarını 19-cu yüzildə olduğu kimi dünyanın ən böyük turizm məkanına çevrimək istəyir. Buranın iqlimi, təbii gözəllikləri, meşə və dağlıq şəraiti dünyanın heç bir bölgəsindən geri qalmır. Bütün bunların həllinin açarı isə Gürcüstanla olan münasibətlərin yenidən qurulması, fərqli siyasətin dərinləşdirilməsidir. Bu sırada modernləşmə və humanitar siyasət texnologiyası ən doğru addım sayılır.
Gürcü müxalifətinin Kreml ümidləri
2010-cu il ərzində Gürcüstanda Ana Müxalifət kimi gündəmə gələn bir sıra partiya liderləri Moskva ilə əlaqədar münasibətlər sərgiləməyə başlayıblar. Mixail Saakaşvili iqtidarına qarşı müxalifətdə olan bu partiyalar hətta bir araya gələrək "Gürcüstan Muxalifətinin Milli Şurası" qurumunu yaradıblar. Gürcü müxalifətinin liderləri bu gün ardıcıl şəkildə Moskva səfərlərinə çıxırlar. Onlar artıq Rusiyanın hakim elita dairələri ilə sıx əlaqələr qurmuşlar.
"Xalq Partiyası" (sədri Koba Davitaşvili), "Yeni Sağlar Partiyası" (David Qamkrelizde), "Bizim Gürcüstan - Azad Demokratlar Partiyası" (Viktor Dolidze), "Ədalətli Gürcüstan Uğrunda Partiyası" (Zurab Noqaideli), "Birləşmiş Gürcüstan Partiyası" (Nino Burcanadze), "Konservatorlar Partiyası" (Zviad Dzidziquri), "Xristian Gürcüstan Partiyası" (Avtandil Davitaya), "Gürcüstanın Gəncliyi Partiyası" (Leri Tkebucava), "Leyboristlər Partiyası" (Salva Natelaşvili) və digər siyasi-ictimai qurumlar buna örnəkdir. Bu liderlərin bəziləri hətta Rusiyanın baş naziri Vladimir Putin səviyyəsində qəbul ediliblər və himayə olunurlar.
"Gürcüstan Müxalifətinin Milli Şurası"nın əsas hədəfi 2011-ci ildə Gürcüstanda keçiriləcək yeni prezident seçkilərini udmaqdır. Bu şurada 11 siyasi partiya və 50-yə yaxın ictimai qurum birləşiblər. Hətta müxalifətin son Moskva görüşlərindən sonra "gizli hökumət"in qurulma prosesləri də başlanmışdır.
Müxalifət və Rusiyadakı "Rusiya Gürcüləri İttifaqı, "Gürcüstan Xalqlarının Beynəlxalq Konqresi və "Gürcüstan Uğrunda Hərəkat" təşkilatlarında birləşən gürcü zənginlərinin maliyyə dəstəyinə arxalanaraq onlarla sıx əlaqələr də qurubdur. Müxalifətin Moskvaya meyilli olmasından və hakimiyyətə gəlmək üçün bütün vasitələrdən istifadə etmək iddiası regionda son iki ildə baş verən ağır maliyyə və iqtisadi böhranların da təsirinin olmasından qaynaqlanır. Buna görə də Rusiyadakı neoimperiya tərəfdarları yaranmış vəziyyətdən yararlanmağı özlərinə strateji hədəf kimi seçiblər.
"Batono Moskva"
"Qızılgül inqilabının" yanında durmuş liderlərin baxışlarının Kremlə dikilməsi gürcü siyasətinin dərin qatlarının mənasını göstərir. Məşhur gürcü dramaturqu və yazıçısı Caba İosilani "Limonadlar ölkəsi" əsərində haqlı olaraq qeyd edir:
"Gürcüstanda hakim olan düşüncə ölkənin daim dotasiya şərtləri daxilində mövcudluğuna hesablanmış bir strategiyaya bağlıdır. Dotasiyasız həyat şəraiti Gürcüstanın süqutu deməkdir".
2003-cü ildə Tbilisidə inqilab təntənəsini qeyd edən Qərb bu dotasiyasının ömrünün qısa olduğunu gürcülərə anlatmağa çalışdı. Buna görə də gürcülər həmin dotasiya siyasətinin reallıqlarını müxtəlif çalarlarda tətbiqi texnologiyasına bağlı siyasət yürüdürlər.
Bu gün Rusiya-Gürcüstan münasibətlərinin inkişaf etdirilməsində əsas faktorlardan biri də gürcü işadamlarının Rusiyada təqib olunmalarının artıq dayandırılmasıdır. Hətta Rusiyaya məxsus banklar gürcü iş adamlarına istədikləri həcmdə kreditlər verərək onları Rusiya-Gürcüstan münasibətlərini inkişaf etdirməyə təşviq edirlər. Bu şirkətlər həm də Gürcüstana yatırımlar qoymaq iddiasını gizlətmirlər. Bütün bunların qarşısında Mixail Saakaşvili hakimiyyəti hələlik susmaq məcburiyyətində qalıbdır.
Abxaziya və Güney Osetiya ilə sərhədlərin bağlı olmasına baxmayaraq, Poti, Batumi limanları və eləcə də, Azərbaycan üzərindən Rusiya ilə geniş ticarət əlaqələrinin yaradılması üçün son zamanlar gürcü iş adamları xeyli fəallıq göstərirlər. İndiki gürcü iqtidarına daim siyasi, humanitar, maliyyə yardımları edən ABŞ, Almaniya və İngiltərə kimi böyük dövlətlər sanki Qafqaz siyasətində bir qədər geri çəkilmiş durumdadırlar. Bu boşluğu doldurmaq üçün Rusiya çox tələsir. Yaranmış imkanı əldən verməməyə çalışır.
Başqa bir element: son zamanlar Gürcüstan dövlətçiliyinin yaranmasında Rusiyanın tarixi xidmətləri barədə geniş danışılmaqdadır. Hətta bir sıra ədəbiyyatlar belə nəşr edilibdir. Rusiyaya məxsus bazarlarda gürcü şərabının hesabına varlanan gürcülər isə "Badono Moskva" (cənab Moskva) ifadəsinin təsiri altında xumarlanmağa önəm verirlər.
Mixail Saakaşvili iqtidarının demokartik dövlət siyasətində 7 ildir apardığı reformlar sanki qəsdən unutdurulur. Çünki, gürcüləri demokratiyadan, insan hüquqlarının daha üstün səviyyədə qorunmasından, əsil vətəndaş cəmiyyətinin verdiyi nemətlərdən daha çox maddi rifah, az çalışıb çox qazanmaq şirin görünür. Proseslərə siyasi cəhətdən yanaşan gürcü analitiklərinin fikrincə, Gürcüstanın ərazi bütövlüyünün təmin edilməsi şərtləri daxilində, bəlkə də Rusiya ilə daha səmimi olmaq mümkündür. Ancaq, bunun təminatını nə Kreml, nə də Qərb hələ də verməyib.
|
|
|
Oxşar xəbərlər:
Ermənistan dünyanı aldadır
Rusiya və Ermənistan arasında antiazərbaycan sövdələşməsi?
Tarkan rus dilini öyrənməyə söz verib
Gürcüstan NATO kodifikasiya sisteminə qoşulur
"Rusiyanın Qafqazdakı aqressiv addımlarının davamı olacaq"
|
|
|