2008-ci ildə həmkarı Samir Cavadzadə ilə "Eurovision" yarışmasında Azərbaycana ilk təmsilçi adını qazandıran Elnur Hüseynzadənin sənətdəki taktikası hamıya bəllidir. Yəni o, nadir hallarda ictimaiyyətə görünər, nadir hallarda KİV ilə ünsiyyət yaradar. "Ayna" qəzetinə açıqlamasında bunun özü tərəfindən düşünülmüş bir strategiya olduğunu açıqlayan sənətçi, eyni zamanda, işin başqa tərəflərini də açıqladı.
"Mənə görə, şou-biznes ən çirkablı sahədir. Burada xoşagəlməz oyunlar baş verir. Etiraf edim ki, bu sahədən çirkin başqa bir şey tanımıram. Əksər sənət adamı bir-birinə pislik etmək, ayağının altını qazımaq istəyir. Yəni onların mühitinə düşəndə kimin qurbanı olacağından çəkinmək lazımdır. Burada hər şey baş verə bilər" - deyən sənətçi bunu bir qədər normal qəbul etməyi də unutmadı.
Söylədi ki, əslində, yaxın və uzaq ölkələrin şou dünyasında da çirkin oyunlar gedir. Amma bu qədər deyil.
"Bizdə vəziyyət daha acınacaqlıdır. Yəni müqayisəyə gətirsək, bizdə bir qədər ürəkbulandırıcıdır. Ona görə də məlum mühitin içində yox, bir qədər kənarında olmağı uyğun bilirəm".
Elnur təvazökarlığı ilə seçilən sənətçilərdən olsa da, yuxarıda sadaladığı məqamların sənətinə təsir göstərmədiyini bildirdi. Söylədi ki, yaxın günlərdə, yeni layihəsi ilə gündəmi təzələyəcək.
|