Bakı Apellyasiya Məhkəməsində Rusiya kəşfiyyat orqanlarına casusluq etməkdə təqsirli bilinən Hərbi Hava Qüvvələri (HHQ) və Hava Hücumundan Müdafiə Qoşunlarının (HHMQ) keçmiş zabiti Əlixanov Ruslan Adil oğlu barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
İttiham aktında qeyd olunub ki, Ruslan Əlixanov 1967-ci ildə Krasnovodskda doğulub, həbs edilən zaman Gəncə şəhər sakini olub. 1992-ci ildən 2005-ci ilə qədər Azərbaycan ordusunda hərbi xidmət keçib. 1990-cı ildə SSRİ ordusunda xidmət etdiyi zaman SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin məxfi agenti kimi əməkdaşlığa cəlb olunub və ləqəbi "Kupets" olub. 1992-ci ildə isə Azərbaycan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib, məxfi agent kimi çalışıb. 1994-cü ildə Rusiya Federal Təhlükəsizlik Xidməti ilə əməkdaşlığa cəlb olunub və "Kupin" ləqəbi daşıyıb. O, 1994-cü ildən başlayaraq Azərbaycanda dövlət əhəmiyyətli sirləri Rusiya kəşfiyyatına ötürüb. Həmin sirlər Azərbaycan hərbi hissələrinin dislokasiya yeri, radiolokasiya sisteminin vəziyyəti ilə bağlı olub.
2005-ci ildə yol verdiyi nöqsanlara görə Ruslan Əlixanovun rütbəsi aşağı salınıb və hərbi xidmətdən xaric olunub. O, 2005-ci ildə Gəncə aeroportunda çalışıb və bu zaman yenə də Rusiya kəşfiyyatına Azərbaycanla bağlı dövlət sirlərini ötürüb. Bu hərbi sirlər Azərbaycanın müxtəlif bölgələrində olan Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının bazaları, oradakı təyyarələr, helikopterlər, silah və sursat, mövcud radiolokasiya stansiyaları barədə olub. Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşlarının apardığı araşdırmalardan sonra Ruslan Əlixanov həbs edilib.
Qeyd edək ki, Ruslan Əlixanov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub və Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin 26 fevral 2010-cu il tarixli hökmü ilə o, 12 il müddətinə azadlıqdan mərhum edilib.
Xatırladaq ki, Ruslan Əlixanov Rail Rzayev qətlə yetiriləndən bir neçə gün sonra həbs edilib.
|