Vaqif Cavadov: "Mənə görə "Tvente" ilə danışıqlar aparıla bilər"
 |
Milli komandamızın üzvü dünya çempionatında Argentinaya azarkeşlik edəcək
Şənbə, 05.06.2010
|
|
Milli komandamızın aparıcı hücumçularından olan Vaqif Cavadovun Hollandiya çempionu "Tvente"yə transferi vaxtilə böyük əks-səda doğurmuşdu. Doğrudan da Azərbaycan futbolçusunun Avropa futbolunda, özü də qitənin ortabab klublarından birində təmsil olunması adi fakt deyil. Amma təəssüf ki, futbolçumuza bu il Hollandiya çempionu adını qazanan klubda debüt etmək nəsib olmadı. İlk məşqlərindən birində aldığı zədə, onu üç aydan artıqdır futboldan kənarda qoyub. Bu günlərdə vətənə qayıdan Vaqif Cavadovla əlaqə saxladıq. Futbolçu "Ayna"ya müsahibəsində hazırkı vəziyyəti və qarşıdakı planları barədə danışdı.
- Özünüzü vətəndə necə hiss edirsiz?
- Vətənə qayıtmaq mənə həmişə xoşdur. Xüsusilə də çox sevdiyim Bakı şəhərində olmaq. Dostlarım, tanışlarım, sevdiyim insanlarla görüşmək üçün vaxt tapan kimi Bakıya gəlirəm. Burda özümü çox rahat hiss edirəm.
- Bir qədər əvvəl "Tvente" klubunun heyətində Hollandiya çempionu olmusuz. Siz Nazim Süleymanovdan sonra ikinci futbolçusunuz ki, başqa dövlətdə ölkə çempionu tituluna yiyələnirsiz. Özünüzü yeni titulda necə hiss edirsiz?
- Əlbəttə, Hollandiya çempionatının qalibi olmaqdan qürur duyuram. Amma "Tvente"nin çempion olmasında mənim payım çox olmadı. İstərdim ki, komandamın çempion titulu qazanmasında mənim də əməyim olsun, amma zədəm buna imkan vermədi. Bildiyiniz kimi, ilk məşqlərin birində ciddi zədə aldım və bu səbəbdən çempionat oyunlarında iştirak edə bilmədim. Mən əvəzedici heyətdə iki oyunda iştirak etmişəm.
Amma çempionatın son matçında meydançaya çıxa bilərdim. Məşqçilərlə bu qərara gəldik ki, sonuncu oyundur, risk etməyə dəyməz. Buna baxmayaraq, inanıram ki, bu, "Tvente" ilə qazanacağım son titul olmayacaq.
- Bəs indi zədənizin vəziyyəti necədir və tam gücünüzlə oynamağa nə vaxt hazır olarsınız?
- Zədəm artıq sağalmaq üzrədir. Yüngülvari ağrıları nəzərə almasaq, oynaya bilərəm. Əlbəttə, oyuna yüz faiz hazır deyiləm, çünki üç aydır futbolsuzam. Bununla belə, qısa bir zamanda formamı bərpa edib, yaxşı oyun nümayiş etdirməyə çalışacam.
- Yəqin zədələnməyiniz sizi "Tvente"yə aparan bu komandanın artıq keçmiş baş məşqçisi Stiv Maklereni pis vəziyyətdə qoyub.
- Mən çox təəssüf eləyirəm ki, komandama kömək eləyə bilmədim. Buna baxmayaraq, ruhdan düşməmişəm. İdmanda istənilən an zədə ala bilərsən. Mən "Tvente"yə yarım illik gəlməmişəm, bu klubla üç il yarımlıq müqaviləm var. Bu ayın 13-də komandamız bir yerə toplaşacaq.
- Yanvar ayında siz "Qarabağ"dan ayrıldıqdan sonra komandanın oyununda eniş başlandı. Bu, faktdır.
- Doğrusu, öz oyunuma kənardan qiymət verməyə öyrəşməmişəm. Əgər belə düşünürsüzsə, çox sağ olun, amma mən deyərdim ki, "Qarabağ" məndən sonra da əvvəlki oyununu itirməyib. Mənim ürəyim həmişə "Qarabağ"la döyünüb. Bu komandaya uğurlar arzulayıram.
- Səni "Tvente"yə aparan Stiv Makleren növbəti mövsümdən Almaniya çempionu "Volfsburq"da çalışacaq. İstərdinizmi, o sizi də özüylə Almaniya klubuna aparsın?
- Mən, əlbəttə, Stiv Maklarenin istəyi ilə "Tvente"yə keçmişəm. Komandadan ayrılarkən ona uğurlar arzuladım. Amma mən onunla deyil, "Tvente" ilə müqavilə bağlamışam. Mənim Almaniya klubuna keçidim üçün "Tvente" ilə danışaqlar aparıla bilər. Amma mən indi bu baradə düşünmürəm. Mən "Tvente"nin oyunçusuyam və bütün səylərimi bu komandanın uğurlarına yönəltməyə çalışıram.
- Azərbaycan futbolu ilə Hollandiya futbolu arasında nə kimi əsas fərqlər görürsünüz?
- Hollandiyada futbol üçün ideal şərait yaradılıb - gözəl meydançalar, gözəl stadionlar və güclü tərəfdar dəstəyi. Bu ölkədə futbola çox böyük sevgi var. Özü də bu, həmin ölkədə şəhərin böyüklüyündən, yaxud kiçikliyindən, komandanın hansı divizionda çıxış etməsindən asılı deyil. Bütün bu amillər, tamaşaçıların güclü dəstəyi futbolçulara əlavə ruh, qüvvə verir. Fanatların təsiri o qədər böyükdür ki, futbolçu meydançada zəif oynaya bilməz. Orda futbolu seyrçilər üçün oynayırlar. İnanıram ki, yaxın gələcəkdə Azərbaycan çempionatlarında və stadionlarda buna oxşar görüntülərin şahidi olacağıq.
- Avropa futbolunun ruhunu duyan Vaqif Cavadovun özü hansı ölkənin çempionatını bəyənir?
- Əsasən İspaniya və İtaliya çempionatları mənim üçün daha cəlbedicidir. Özüm isə "Barselona" klubuna tərəfdarlıq edirəm. Çıxış etdiyim Hollandiya çempionatı da çox maraqlıdır.
- Gələn həftə futbol üzrə dünya çempionatı başlayacaq. Vaqif Cavadov hansı komandaya tərəfdarlıq edəcək?
- Mən Argentina və İtaliya yığmalaranın oyununa tərəfdarlıq edəcəyəm. Proqnoza gəlincə, inanıram ki, Argentina millisi yeni dünya çempionu olacaq.
|
|
|
Oxşar xəbərlər:
"Bazel" və "Tvente" Bakıya gəlir
Rəşad Sadıqov "Qarabağ"a kömək edə bilməyəcək
Vaqifin "Tvente"yə keçidi bu gün rəsmiləşə bilər
Vaqif Cavadov: "Tvente"də təkcə özümü deyil, "Qarabağ"ı və Azərbaycanı təmsil edəcəm"
"Tvente" Vaqifsiz çətin qələbə qazandı
|
|
|