Güneydə Azərbaycan türklərinin milli-mədəni haqlarının təmin olunmasını istəyənlərə qarşı basqılar ötən həftə də davam etdi. Daha iki türk aydınının həbsi barədə xəbərlər yayıldı. Azərbaycanda yaxşı tanınan yazıçı, jurnalist, hüquq müdafiəçisi Əkbər Azad Tehranda öz şəxsi mənzilində həbs edildiyindən xəbər tutduq.
"butovazerbaycanbirliyi" bildirir ki, İran təhlükəsizlik qurumunun əməkdaşları onu tutmaqla yanaşı, ailəsinə və Əkbər Azada məxsus üç kompüteri müsadirə ediblər. Oğlu Möhsün Əkbər atasının son iki ildə bütün milli-mədəni səciyyəli tədbirlərdən əl çəkdiyini və heç bir iş görmədiyini söyləyir.
SANA isə xatırladır ki, bu azərbaycanlı aydın əvvəllər də çeşidli bəhanələrlə 3 dəfə həbs olunaraq Əhər, Təbriz və Tehrandakı həbsxanalarda yatmışdır. Hətta 100 gün təkadamlıq kamerada saxlanmışdı.
Əkbər Azad çocuqların təlim və tərbiyəsi ilə məşğul olan "Çiçəklər quruluşu"nun, Azərbaycan Mədəni Dərnəklər Birliyinin, dil və milli-mədəni ocağın təsisçilərindən olmaqla yanaşı, Tehranda Azərbaycan türkcəsində çıxan "Varlıq" dərgisinin fəal yazarlarından biridir. Əkbər Azad Azərbaycanın tarixi, dili və mədəniyyəti ilə bağlı çoxlu sayda məqalə müəllifidir.
Başqa bir xəbərdə isə bildirilir ki, Güney Azərbaycan qadın hərəkatının fəallarından olan Həmidə Fərəczadə (Pinar) Urmiya şəhərində islam rejiminin məxfi polis bölməsi tərəfindən həbs edilmişdir.
Həmidə xanım Tehran Tibb Universitetini bitirib. O, qadın hüquqlarını müdafiə etməklə yanaşı, Azərbaycan türklərinin milli-mədəni haqlarının təmin olunmasını istəyən aydınlardan biridir.
Həmidə Fərəczadə Güney Azərbaycanın Urmiya şəhərindəki Mütəhhəri adına xəstəxanada çalışırdı, bir müddət "Çağrı" adlı dərgidə redaksiya heyətinin üzvü olmuşdu. Türkcə bir neçə sayı çıxdıqdan sonra hakimiyyət qorxuya düşərək bu dərgini qapatmışdı.
Atası evində həbs olunmuş bu hüquq müdafiəçisinə məxsus kompüter, SD, kitablar və başqa şəxsi əşyaları məxfi polis məmurları tərəfindən müsadirə edilib. Yaxınlarına isə həbsin səbəbləri barədə məlumat verilməyib.
Bu son on gündə Güney Azərbaycanda milli görüşünə görə həbsə məruz qoyulanların sayı 30-a çatmışdır. Yerli müşahidəçilər isə onların sayının bir qədər də çox olduğunu istisna etmirlər. Sadəcə, bizə çatan xəbərlər bunlardır. Belə görünür, İranda hakim olan bu qeyri-insani, orta çağ təfəkkürü ilə yaşayan rejim ölkə əhalisinin az qala əksəriyyətini təşkil edən türk əhalinin haqlarını, mədəni dünyanı vecinə almaq istəmir və haqqın ağzına daş basmaqla susduracağını güman edir.
|