Ötən həftənin son günü futbol üzrə Azərbaycan kubokunun yeni sahibinin adı məlum oldu. Tofiq Bəhramov adına Respublika stadionundakı matçda "Xəzər-Lənkəran"a 2:1 hesabı ilə qalib gələn "Bakı" ikinci dəfə Azərbaycan kubokuna sahib çıxdı. İndiyə kimi iki dəfə ölkə kubokunu başları üzərinə qaldıran və üçüncü dəfə həlledici matça çıxan "Xəzər-Lənkəran" futbolçuları meydanı bu dəfə məyus tərk etdilər.
Bu komandalar bir həftə əvvəl çempionat oyununda üz-üzə gəlmişdilər. Həmin oyunda "Bakı"ya məğlub olan "Xəzər-Lənkəran" nəinki çempion olmaq şansını əldən vermiş, hətta medalçılar sırasına düşə bilməmişdi. Odur ki, kubokun final oyunu Lənkəran komandası üçün həm də revanş məqsədi daşıyırdı.
Final matçında təşkilatçılıq səviyyəsi yüksək olsa da, qalmaqalsız ötüşmədi. Gərgin şəraitdə keçən final oyununun əsas vaxtında hesab açılmayıb. Kubok sahibini müəyyənləşdirmək üçün əlavə vaxtın 4-cü dəqiqəsində "Bakı" futbolçusu Ernan Skuliç ilk topu rəqib qapısından keçirib. Elə bu qol da sonradan böyük mübahisəyə və qalmaqala yol açıb. Baş hakim Elçin Məmmədov mübahisəli vəziyyət qeydə alıb və oyuna başlamaq üçün top iki futbolçu arasına atılıb. "Bakı"nın oyunçusu Ernan Skuliç topu "Xəzər-Lənkəran"ın qapıçısı Kamran Ağayev tərəfə göndərib. Ağayev isə xeyli irəli çıxdığından top onun başı üzərindən qapıdan keçib. Bu qol Lənkərin klubu futbolçuları tərəfindən narazılıqla qarşılansa da, Elçin Məmmədov qərarını dəyişməyib. Amma paytaxt klubu ikinci qolu vurmaqla qonaqlardan daha güclü olduğunu sübut edib - 103-cü dəqiqədə Aleksandr Şoliç fərqlənib.
Qalan vaxt ərzində "Xəzər-Lənkəran"ın gücü yalnız bir təsəlli qolu vurmağa çatıb. Cərimə zərbəsini Elvin Begiri dəqiq yerinə yetirib - 2:1.
Oyundan sonra iki komanda arasında qarşıdurma yaranıb. Oyundan sonra mükafatlandırma mərasimi təşkil olunub. "Xəzər-Lənkəran" mükafatlandırma mərasiminə çağırılsa da, Lənkəran komandasının heç bir nümayəndəsi çağırışa əməl etməyib. Buna görə də AFFA rəsmiləri yalnız "Bakı"nı mükafatlandırıblar. Paytaxt klubuna medallar və kubok verilib.
|