Dövlət departamentinin təmsilçisi bildirib ki, İslam Respublikasının casusluqda suçlandırdığı üç amerikalının azadlığa buraxılması üçün mübadilə ilə bağlı danışıqlar aparılmır. O əlavə edib ki, İran hakimyyəti üç amerikalını dərhal azadlığa buraxmalıdır.
Xatırladaq ki, 2009-cu il iyulun 31-də İran-İraq sərhədində üç turist amerikalı - iki oğlan, bir qız tutulmuşdu. Şeyn Baver, Sara Şord və Coşua Fettal ABŞ-ın xeyrinə casusluqda şübhəli bilinərək, İranda həbsxanada saxlanırlar. Bu adamlar yaxınları vasitəsi ilə bildirmişdilər ki, onlar dağa səyahət edərkən İraqın quzeyindəki dağlarda azıblar. Vaşinqton israr edir ki, ABŞ vətəndaşlarına qarşı bütün ittihamlar əsassızdır.
İranın təhlükəsizlik qurumları 3 amerikalını ABŞ-ın kəşfiyyat xidmətinə casusluqda suçlayır.
İslam Respublikasının kəşfiyyat məsələləri üzrə naziri Heydər Məhsuli onların sərhədi qanunsuz keçdiyini söyləyərək, bu məsələdə "ABŞ-ın məsuliyyət daşıdığını" vurğulayır. ABŞ dövlət departamentinin təmsilçisi Fililip Krouli isə öz növbəsində ölkəsinin kəşfiyyat qurumları ilə həmin şəxslərin əlaqəsi olmadığını vurğulayıb.
Bu arada Tehranla Paris arasında "casus"ların dəyişdirilməsinə görə ölkələrin təhlükəsizlik qurumları arasında sövdələşməyə dair xəbərlər yayılmaqdadır.
Ötən həftə Fransada həbs olunan Əli Vəkili Rad azad edilib. Ondan bir neçə gün öncə ötən ilin yayında İslam Respublikasında keçirilmiş prezident seçkisini və sonrakı etiraz aksiyalarını müşahidə etmiş fransız müəllim, jurnalist Klotild Reys sərbəst buraxıldı.
İran mediasının xəbərlərinə görə, ETTELAAT-ın başçısı Heydər Məhsuli bu hallar arasında heç bir əlaqə görmür. Onun sözlərinə görə, İran tərəfi Ə.Vəkili Radın Fransa həbsxanasında saxlanıldığı zaman hüquqlarının pozulması məsələsini araşdırır. Xatırladaq ki, Əli Vəkili Rad şah devrildikdən sonra ölkəyə baş nazirlik etmiş Şahpur Bəxtiyarı qətlə yetirməkdə ittiham olunaraq, 19 il Fransa həbsxanasında saxlanıb. Ölkə məhkəməsi onu ömürlük azadlıqdan məhrum etmişdi.
Əli Vəkili Parisdən Tehrana qayıdarkən dövlət səviyyəsində "qəhrəman" kimi qarşılanıb. Onu parlamentin xarici siyasət və təhlükəsizlik komissiyasının üzvü Kazım Cəlali və Xarici İşlər Naziriliyinin rəsmisi Həsən Qaşqavi qarşılayıb.
Fransa məhkəməsi iddia edirdi ki, Əli Vəkili Rad və ETTELAAT-ın daha iki məmuru - Firidun Buyurəhmədi və Məhəmməd Azadi ilə birlikdə 1991-ci ildə Şahpur Bəxtiyarın Paris yaxınlığındakı evinə soxularaq, onu və köməkçisi Suruş Katibənin başını bıçaqla kəsiblər. Onu da qeyd etmək lazımdır ki, Şahpur Bəxtiyarın yaşadığı mənzili 13 fransız polisi qoruyurmuş.
1994-cü ildə Paris məhkəməsində verdiyi ifadədə Ə.Vəkili Rad İslam Respublikası kəşfiyyat orqanın məmuru olduğunu və o biri həmkarları ilə birlikdə Şahpur Bəxtiyarı öldürməyə göndərildiklərini etiraf etmişdi.
Fransa məhkəməsi bu günlərdə başqa bir müttəhimi İrana təhvil verib. Paris məhkəməsi iranlı mühəndis Məcid Kakavəndi ABŞ-a təhvil verməkdən imtina etmişdi. O, Amerika tərəfindən elektron avadanlığın qanunsuz istifadəsində, İslam Respublikasına qarşı tətbiq olunun embarqonu pozmaqda ittiham olunur.
Amerikanın hüquq-mühafizə orqanlarının iddiasına əsasən, Kakavənd ABŞ istehsalı olan yüksək səviyyəli 1,2 milyon dollarlıq elektron texnologiyasını İnternet vasitəsi ilə əldə edərək Malayziyadan İrana aparıb.
Fransız hüquq-mühafizəçilərinin araşdırmasına əsasən, iranlının əməlində qanun pozuntusu aşkarlanmayıb. 5 ay Fransa həbsxanasında saxlanılmış Məcid Kakavənd məhkəmədən sərbəst buraxılıb.
Xatırladaq ki, bu cinayət işi ilə bağlı proses 14 ay sürüb. İstintaq zamanı hakimlər iranlı mühəndisin ABŞ-ın deyil, Fransa qanunlarını pozmasını da araşdırıblar.
Fransanın baş prokuroru rəsmi Vaşinqtonun tələblərinə qarşı çıxaraq, Kakavəndin əməlinin hərbi xarakterli olmadığını bildirib.
Beləliklə, Paris və Tehran rəsmiləri "müttəhim alveri" ilə bağlı irəli sürülən ehtimalları ört-basdır etməyə çalışsa da, baş verənlər bunun əksini sübut etməyə əsas verir. Bu baxımdan İranda ETTELAAT tərəfindən tutulmuş 24 yaşlı fransız müəllimə çeşidli cinayətlərdə ittiham olunan iki İran vətəndaşına dəyişdirildi. Bu məsələdə Fransa məhkəməsi müttəfiqlərinin rəyini nəzərə almadı. Müəllimə Klotild Reysin də adi fransız olmadığı qənaətinə gəlmək olar. Əks halda ondan ötrü Fransa İrana iki "cinayətkar"la yanaşı, 300 min ABŞ dolları da ödəməzdi. Elə buna görə də başqa bir ehtimal ortaya çıxır: Fransa ilə bu alver üç "casus"la bağlı ABŞ-la da təkrarlana bilər.
|