"Daşqın bölgələrində ali məktəblərə sənəd qəbulu ilə bağlı hələlik heç bir problem yaranmayıb. Biz o rayonlarda vəziyyəti müşahidə edirik. Mayın 31-dən, yəni ali məktəblərə sənəd qəbulu başa çatandan sonra o bölgələrdən müraciətlər olsa, TQDK problemi olan potensial abituriyentlərə köməklik edəcək".
APA-nın məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə dünənki mətbuat konfransında bildirib.
Sədrin sözlərinə görə, sözügedən bölgələrdən müraciətlər olarsa, TQDK o ərazilərə səyyar komissiyalar göndərəcək:
"Hələlik sənəd qəbulu başa çatmayıb. Artıq Sabirabadda 482, Şirvanda 522, Zərdabda 230, Neftçalada 455, Saatlıda 282, Salyanda 594, Kürdəmirdə 455, İmişlidə 603 abituriyent öz elektron ərizələrini təsdiq etdirib. Ötən illə müqayisədə bunlar normal rəqəmlərdir".
Belə ki, ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak üçün 109287 abituriyent sənəd verib, onlardan 103046 nəfəri öz elektron ərizəsini təsdiq etdirib. M.Abbaszadə bildirib ki, Azərbaycan bölməsi üzrə 97100, rus bölməsi üzrə isə 12187 abituriyent sənəd verib. Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə imtahan vermək üçün isə 8642 nəfər qeydiyyatdan keçib.
M. Abbaszadənin sözlərinə görə, bu il ilk dəfə olaraq Bakı İslam Universitetinə də qəbul aparılacaq:
"Həmin universitet üçün 100 vakant yer ayrılıb. Bu abituriyentlər öz elektron ərizələrini doldurub qeydiyyatdan keçdikdən sonra İslam Universitetində də qeydiyyatdan keçməlidirlər. Hərbi liseylərə qəbul olunmaq üçün isə 1709 nəfər öz elektron ərizəsini təsdiqləyib".
TQDK sədri bildirib ki, abituriyentlər sınaq və qəbul imtahanlarında iştirak üçün "ödəmə kartları"nı bütün poçt şöbələrindən ala bilərlər:
"Ödəmə kartları" sınaq imtahanları üçün 3 manat, qəbul imtahanları üçün 2 manatdır. Kartları əldə etməkdə çətinlik çəkən abituriyentlər virtual kartlardan istifadə edə bilərlər. İndiyədək 19 min nəfər virtual kartlardan istifadə edib. Bu xidməti daha da genişləndirmək fikrindəyik. İstəyirik gələcəkdə "ödəmə kartları" poçt şöbələrində satılmasın, yalnız virtual olsun".
Habelə TQDK tərəfindən test bankına daxil olan tapşırıqların keyfiyyət xarakteristikalarının təkmilləşdirilməsi məqsədilə aprel və may aylarında keçirilən pro-test imtahanları başa çatıb. M.Abbaszadə bildirib ki, bu imtahanların keçirilməsi TQDK tərəfindən tərtib edilmiş test tapşırıqlarının keyfiyyət xarakteristikalarının müəyyənləşdirilməsinə imkan verir və gələcəkdə imtahanın məzmunu ilə bağlı materialların layihələndirilməsində və imtahan nəticələrinin təhlilində vacib rol oynayacaq.
Pro-test imtahanları Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəmkir, Göygöl, Tovuz, Qazax , Ağstafa, Göyçay, Şirvan, Şəki, Qəbələ, Qax, Oğuz, İsmayıllı, Şabran, Siyəzən, Lənkəran, Masallı, Cəlilabad, Salyan, Neftçala, Quba və Naxçıvan MR orta ümumtəhsil məktəblərinin buraxılış siniflərinin (XI sinif) şagirdləri arasında riyaziyyat və Azərbaycan dili fənləri üzrə aparılıb. Riyaziyyat fənni üzrə keçirilən imtahanlarda 15302, Azərbaycan dili fənni üzrə keçirilən imtahanlarda isə 16940 şagird, ümumilikdə 32242 nəfər iştirak edib. İmtahanda hər birində 30 test tapşırığı olmaqla 16 variantdan ibarət sual kitabçasından istifadə edilib. İmtahanın keçirilmə müddəti Azərbaycan dili fənnindən 45 dəqiqə, riyaziyyat fənnindən isə 60 dəqiqə olub.
Belə ki, ali məktəblərin müvafiq ixtisaslarına imtahansız qəbul olunacaq dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri iyunun 1-dən öz sənədlərini Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) və komissiyanın regional bölmələrinə təqdim edəcəklər.
M.Abbaszadənin sözlərinə görə, "Təhsil haqqında" qanunun 26.5-ci maddəsinə əsasən, idman sahəsində olimpiya, dünya və Avropa çempionatlarının qalibləri, təhsil sahəsində dünya fənn olimpiadalarının, musiqi və incəsənət sahəsində dünya və beynəlxalq müsabiqələrin qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. Bununla bağlı sözügedən şəxslər müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmaq üçün nailiyyətlərini təsdiq edən sənədlərin əslini və surətini (1 nüsxə) təqdim etməklə TQDK-nın özündə və Naxçıvan, Gəncə, Quba, Şəki və Lənkəran regional bölmələrində qeydiyyatdan keçməlidirlər. M.Abbaszadə bildirib ki, təqdim olunan sənədlər yoxlandıqdan sonra TQDK onlarla bağlı öz qərarını elan edəcək.
|