![]() |
çap et |
|
|||
Avtomobil və dəmiryolu zolaqlarında 5 min, yüksək gərginlikli elektrik xətlərinin altında isə 4 minə yaxın qanunsuz tikilinin sökülməsinin zəruri olduğu qeyd edilir. Kütləvi söküntünün narazılıq yaradacağı şübhəsizdir. Bir evin sökülməsi də narazılıq yaradır. O ki qaldı minlərlə evin sökülməsi. Amma nəqliyyat infrastrukturu, yüksək gərginlikli elektrik xətlərinin altında və magistral qaz kəmərlərinin üzərində olan evlərin köçürülməsi olduqca vacibdir.
Bəllidir ki, qanunsuz olaraq vətəndaşların mülkiyyətinə verilən torpaqlarda tikinti işləri aparılıb. Bu gün isə həmin zolaqlardan magistral yollar keçməli, elektrik xətləri çəkilməli, metrostansiyalar qurulmalıdır. Amma vətəndaşlar bununla razılaşmırlar. Əslində vətəndaşların narazı olmağa hüquqları yoxdur. Bu torpaqları alanda onu sənədləşdirməyib, qanun çərçivəsinə salmayıblar. Amma heç kəsə sirr deyil ki, qanunsuz hesab olunan tikililər heç də yerli icra hakimiyyəti orqanları və bələdiyyələrin icazəsi olmadan ərsəyə gəlməyib. Torpaq sahələrinin böyük əksəriyyəti bələdiyyələr tərəfindən alınıb. Müvafiq icra hakimiyyəti orqanı da həmin torpaq sahəsində tikinti işlərinin aparılmasına qanunsuz olaraq razılıq verib. Bundan sonra qanunsuz tikililərin sahiblərinə də kompensasiya ödəniləcək. MM "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanun layihəsini üçüncü oxunuşda qəbul etdi. Sənəddə indiyədək mövcud olan bir sıra problemlərin həlli öz əksini tapıb. Avtomobil, dəmiryol xətləri, qaz kəmərlərinin təhlükəsizlik zolaqlarında və yüksək gərginlikli elektrik xətlərinin altında yerləşən qanunsuz tikililərin sahiblərinə kompensasiyalar nəzərdə tutulub. Mübahisə doğuran bu məsələnin həlli yolu göstərilib. Millət vəkili izah edir MM iqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Nazim Məmmədov deyir ki, bu məsələlərdə anlaşılmayan məqamlar çoxluq təşkil edir: "Tutaq ki, Bakı şəhər İcra Hakimiyyətinin Baş Tikinti və Memarlıq İdarəsi ilə razılaşdırılma uzun-uzadı vaxt apardığına görə, vətəndaşlar süründürməçiliyə məruz qoyulduğundan, bir çox hallarda isə vətəndaşların özlərinin qanunları bilmədiyindən tez-tələsik torpaq alğı-satqısı baş verir və ərazidə tikinti işləri aparılır. Bu cür anlaşılmazlıqlara görə vətəndaşlara müəyyən kompensasiyalar ödəmək zəruridir. Elə dövlət də bu gün həmin adamların vəziyyətini nəzərə alıb, onlara müəyyən kompensasiya ödəmək istəyir. Amma onlar yüksək səviyyəli kompensasiya tələb edirlər". Hazırda ölkə ərazisində davamlı tikinti işləri, o cümlədən dövlət əhəmiyyətli layihələr həyata keçirilir. Bu məqsədlə əhalinin dövlət, ictimai ehtiyaclar üçün torpaqları alınır, lakin onun pulu bəzən vaxtında ödənilmir. Digər tərəfdən, o vaxt dəyəri ödənilir ki, artıq həmin pul qiymətdən düşüb və pulu alan zaman vətəndaşlar artıq adekvat həcmdə torpaq ala bilmirlər. Amma gələcəkdə əlaqədar orqan torpağın pulunu ödəməmiş vətəndaşı oradan çıxara bilməz. Günün reallığı ondan ibarətdir ki, torpağın və daşınmaz əmlakın dövlət qiyməti ilə bazar qiymətləri arasında kəskin fərq var. "Dövlət ehtiyacları üçün alınan torpaq və mənzilin qiymətləndirilməsi hansı meyarlar əsasında müəyyənləşdiriləcək?" sualı da çox aktualdır. Ona görə də qanunda torpağın dəyərinin bazar qiymətlərinə uyğun hesablanması nəzərdə tutulub. Üstəlik, təkcə torpaq sahəsi yox, onun üstündəki tikintinin də dəyəri müəyyənləşdiriləcək. Torpaq icarəyə götürülübsə, mülkiyyətçi ilə yanaşı, icarəçiyə də dəyən ziyan ödəniləcək. Kompensasiya mülkiyyətçinin seçimindən asılı olaraq pul və ya başqa yerdə torpaq sahəsi şəklində veriləcək. Bundan başqa, dövlət ehtiyacı üçün alınan torpağın sahibinə köçmək üçün 2 ay möhlət veriləcək və köçürülmə xərcləri həmin dövlət orqanının hesabına olacaq. Bu sahədə digər bir yenilik isə bu məsələləri tənzimləyən xüsusi nəzarətedici orqanın yaradılmasıdır. Nazim Məmmədovun söylədiklərindən məlum oldu ki, qanunsuz tikililərə görə ödənilən konpensasiyanın məbləği də bazar qiymətlərinə uyğun müəyyənləşəcək. Lakin bazar qiymətlərinin hesablanma mexanizmi əvvəlcədən müəyyən olunmalıdır: "Hansı ərazidən infrastruktur layihə keçirsə, son üç ayda notarius qaydasında təsdiq olunmuş üç ən yüksək müqavilənin orta qiyməti götürülür. Bu, maarifçilik nöqteyi-nəzərindən də əhəmiyyətlidir. İnsanlar bilməlidirlər ki, bazar qiyməti müəyyənləşdiriləndə notarial qaydada təsdiq olunmuş müqavilələr əsas götürülür. Bu baxımdan artıq həmin söz-söhbətə də son qoyulmalıdır. Adətən vətəndaş daşınmaz əmlakını satanda bazarda təklif edilən ən yüksək qiyməti, dövlət isə həmin əmlakı alan zaman dövlət qiymətini əsas götürür. Burada konsensus əldə olunub ki, orta qiymət əsas götürülsün". Qeyd edək ki, əvvəllər vətəndaşlar notariusda aşağı qiymətlər göstərirdilər. Sonra məhkəmə çəkişməsi və başqa neqativ hallar yarandıqda real qiyməti sübut etmək çətin olurdu. Bu hallara həm də rüsumu azaltmaq məqsədi ilə yol verilirdi. Artıq "Dövlət rüsumu haqqında" qanuna müəyyən dəyişikliklər edildi. Daşınmaz əmlakın qiymətindən asılı olmayaraq, eyni rüsum götürüldü. Qanunvericiliyi sivil qaydalara uyğunlaşdırmaq istiqamətində müəyyən işlər görülüb. |