Uşaqlara balkonlardan boylanmaq qaldı
 |
Bu ölkədə qəpik-quruş marağı daha önəmlidir
Cümə, 28.05.2010
|
|
Uşaqların fiziki və əqli cəhətdən sağlam böyümələri üçün əksər ölkələrdə dövlət tərəfindən mütəmadi işlər görülür. Hələ Sovetlər Birliyi bu kimi tədbirlərın miqyasına görə dünyada az qala birinci idi. Uşaqların məşğuliyyətinin təşkili üçün şəhərlərdə, rayonlarda, qəsəbə və kəndlərdə pioner evləri, musiqi və idman dərnəkləri fəaliyyət göstərirdi. Və bu dərnəklər pulsuz idi. Həmin dərnəklərdə çalışanlar beynəlxalq uşaq festivallarında, yarışlarda, turnirlərdə, spartakiadalarda dövlət hesabına iştirak etməklə həm də dünyagörüşlərini inkişaf etdirirdilər. Bu gün necədir?
Yuri Qaqarin adına Pionerlər Evi
Təkcə Yuri Qaqarin adına Pionerlər Evi o vaxt Azərbaycan mədəniyyətinə misilsiz sənətkarlar töhfə verib. Bu Pionerlər Evinin son heyəti isə Bəhram Bağırzadə, Elçin Əzizov, əməkdar artistlərdən - Azərin, nağara ustası Natiq Şirinov, rəqqas Elçin Qədimov və başqa sənətkarlar olub. Şahmat üzrə dünya çempionu Harri Kasparov da həmin Pionerlər Evinin yetirməsi idi. Yəni o zamanlar vəzifəsindən asılı olmayaraq, hər kəs öz övladının sağlam inkişafı üçün belə dərnəklərdən istifadə edirdi. Bu kimi dərnəklərə cəlb olunanların, demək olar, hamısı vətənə gərəkli və layiqli vətəndaş kimi yetişirdilər. Həmin dərnəklərdə musiqi alətləri, ifaçılıq, müasir və milli rəqslər, şahmat, dama oyunları, konstruktorluq, avia işi, xalçaçılıq, rəssamlıq, heykəltaraşlıq və sair ixtisaslar tədris edilirdi. Bundan başqa, uşaqlar üçün müxtəlif idman dərnəkləri də pulsuz fəaliyyət göstərirdi. Bu kimi dərnəklər vasitəsilə dövlət elmə marağı olmayan uşaqları sənətə və idmana istiqamətləndirib yüz faizlik nəticə əldə edirdi. Əlaçı məktəblilər təmənnasız pioner düşərgələrinə göndərilirdi və belə düşərgələrin sayı minlərlə idi. Qeyd etmək lazımdır ki, bu gün mədəniyyət və idman sahəsində öz sözünü demiş sənətkarların əksəriyyəti vaxtilə kasıb təbəqənin övladları olub.
O illər artıq geridə qaldı
Doğrudur, həmin illərlə müqaisədə Azərbaycan indi daha müasirləşib.
Amma ölkənin gələcəyi olan uşaqlara münasibətdə Azərbaycan çox geriləyib. Hətta çəkinmədən həmin illəri əlçatmaz zirvə də adlandırmaq olar. Müasir Azərbaycanda əvvəlki dərnəklərin bir çoxu ləğv olunaraq müxtəlif məqsədlər üçün istifadə olundu. Düşərgələr ləğv edildi, dərnəklər isə pullu oldu. İndi həmin pullu dərnəklərə yalnız imkanlı ailələrin uşaqları yazıla bilir. İmkansız ailələrin uşaqları isə təhsili yarımçıq qoyub, valideynlərinə kömək məqsədilə körpə yaşlarından qazanc dalınca qaçır, fiziki işlərdə çalışır. Bu isə həm cəmiyyətin, həm də dövlətin ziyanınadır.
Tətbiq olunan tədris metodologiyası
Çox qəribədir, lakin bu gün orta məktəblərdə tətbiq edilən tədris metodları məktəbliləri dərsdən əlavə hər hansı bir dərnəkdə idman, musiqi və ya incəsənətin digər sahəsi ilə məşğul olmağa imkan vermir. Məsələn, hazırkı tədris sisteminə əsasən şagirdlər hər fənn üzrə təxminən 4-5 dərslikdən istifadə etməli olur. Bura hər hansı bir fənn üzrə dərslik, test, test bankı və iş dəftəri daxildir. Bundan başqa, fənlərə görə məsələ-misal kitabları və digər əlavə vəsaitlər də tələb olunur. Tədris metoduna görə, müəllim fənn üzrə kitabdan dərs keçir, digər əlavə dərs vəsaitlərindən isə sinifdə və evdə məşğul olmaq üçün tapşırıqlar verir. Qeyd edək ki, fənn üzrə dərslikdən başqa, qalan bütün vəsaitlər valideynlər tərəfindən alınır. Bu xərclər isə valideynlərin maddi imkanlarına çox təsir edir.
İkinci bir problem isə məktəblilərin həmin dərslikləri bir arada daşımasındadır. Nəzərə alsaq ki, gün ərzində tədris planına əsasən 5-6 dərs planlaşdırılır, o zaman hər məktəblinin çantasında daşıdığı kitab-dəftərlərin sayını müəyyən etmək çətin deyil. Bu ən azından 20-25 dəftər-kitab edir ki, onların də çəkisi təxminən 7-10 kiloqram arasında dəyişir. Adətən məktəblilər çantaları bellərində daşıdıqları üçün onlarda onurğa sütununda əyilmə baş verir.
Üçüncü bir problem isə sözügedən kitab və əlavə dərs vəsaitlərindən məktəblilərə verilən ev tapşırıqlarıdır. Ev tapşırıqları o qədər çox verilir ki, uşaqlar gecə saatlarınadək dərs hazırlamaq məcburiyyətində qalırlar. 1-ci sinifdən 11-ci sinifədək hər şagirdə tətbiq olunan bu metod hədsiz beyin yüklənməsi ilə müşahidə olunur. Beyin yüklənməsi tez-tez baş ağrılarına, sinir sisteminin pozulmasına, yaddaşın pozulmasına və sağlamlığa zərər verən digər fəsadlara səbəb olur. Təbii ki, bu kimi hallarla üzləşən valideynlərdə və uşaqlarda hər hansı bir dərnəyə getməyə nə zaman, nə də fiziki və mənəvi istək olmaz. Amma buna baxmayaraq, tətbiq edilən tədris metodologiyası hələ də düzgün araşdırılmır.
Parkları uşaqlara çox gördülər
Bir vaxtlar əksər parklarda karusellər, yelləncəklər olardı. Həftəsonu mütləq konsert proqramları təşkil olunardı. Sovet sistemi süquta uğradıqdan sonra işbaz məmurlar bu parkların çoxunun funksiyasını dəyişdilər, kimlərəsə satdılar və s.
Amma 2003-cü ildə paytaxtın və rayonların icra başçılarının mərhum prezident Heydər Əliyevin 80 illik yubileyinə hazırladıqları hədiyyə nəinki onun özü tərəfindən, hətta bütün xalq tərəfindən bəyənildi. Hədiyyə isə - 80 parkın açılışı idi. Buna ən çox təbii ki, uşaqlar sevinmişdilər. Bu addımdan sonra hamı ümid edirdi ki, yerli icra orqanları işin bu tərəfinə diqqət yetirəcəklər.
Xatırlayaq ki, 2005-ci ildə parlament seçkiləri zamanı da hazırkı deputatların bir çoxu belə abadlıq işləri və uşaq meydançalarının salınması ilə müvafiq səs toplaya bilmişdilər. Amma bu işlərin ardı gəlmədi. Əksinə, son 3 il ərzində nəinki parklar, hətta həyətlərdən uşaq meydançaları belə yavaş-yavaş işbaz məmurların və onların kölgəsində daldalanan "biznesmen"lərin şikarına çevrildi. Onlar çayxanalar, apteklər, səyyar ticarətçilər və s. tərəfindən qəsb olunmağa başladı. İt daxmasına oxşayan qarajlar tikildi, avtomobil dayanacaqlarına çevrildi. Uşaqlara isə balkonlardan boylanmaq qaldı.
|
|
|
Oxşar xəbərlər:
Uşaqlar üçün "qaynar xətt" açılacaq
Üç rayonda məhəllə meydançaları yaradılıb
Gənclər Evi yaradılır
Uşaqlar niyə intihar edir?
Uşaq Teatrı Türkiyə və Avropa səfərində
|
|
|