Dünən Müdafiə Nazirliyinin yüksəkrütbəli zabitləri Tərtər rayonunda cəbhə xəttində səfərdə olublar. Səfərdə media nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri də iştirak ediblər.
Səfər çərçivəsində Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlu mətbuat konfransı keçirib. Qeyd olunub ki, bu, cəbhə bölgəsində təşkil olunan ilk mətbuat konfransıdır.
Zabitlər, mətbuat və QHT nümayəndələri ön xətdə qulluq edən əsgərlərin yataq, yemək, döyüş şəraitləri ilə tanış olublar. Jurnalistlərin ön xətdə qulluq edən əsgərlərlə söhbət etməsinə şərait yaradılıb.
Tədbirdə jurnalistlərin suallarını cavablandıran Azərbaycan Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, atəşkəs dövründə düşmən gülləsi ilə neçə əsgərimiz şəhid olursa, qarşı tərəf bundan üç dəfə artıq itki verir: "Amma Ermənistan ordusunun rəhbərliyi bu məlumatları bacardığı qədər gizləməyə çalışır".
E.Sabiroğlu Azərbaycan Ordusu istənilən an müharibəyə hazır olduğunu vurğulayıb: "Silahlı Qüvvələrimizin bugünkü durumu belə deməyə əsas verir ki, ordu qarşısında duran məsələni istənilən şəraitdə həll etməyə qadirdir".
O, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdə son vaxtlar keçirdiyi hərbi təlimlərə də münasibət bildirib: "Düşmən ara-sıra beş-on tankı, üç-dörd topu atəş nöqtəsinə çıxarmaqla, hansısa fon yaratmağa, necə deyərlər, "biz də varıq" deməyə çalışır. Biz də hərbi təlimlər keçiririk, amma məqsədimiz kiməsə nəsə göstərmək yox, ordumuzun döyüş qabiliyyətini artırması, hərbçilərimizin hərbi vərdişləri daha dərindən mənimsəməsidir. Onlar nə qədər təlim keçirlər keçsinlər, 2008-ci ilin aprel ayında indi dayandığımız istiqamətdə üzləşdikləri itki ordularının döyüş qabiliyyətinin hansı səviyyədə olduğunu ortaya qoydu".
E.Sabiroğlu Azərbaycan Ordusunun bu gün ən müasir silahlarla təchiz olunduğunu, ölkə iqtisadiyyatının gündən-günə inkişafının buna imkan verdiyini qeyd edib: "Bu isə Ermənistanı və ikili oynayan beynəlxalq təşkilatları, ermənipərəst mövqeləri ilə tanınan dövlətləri narahat edir. Ermənilərlə bizim fərqimiz ondadır ki, biz silahı öz pulumuzla alırıq, ermənilərə bu, ianə verilir. Ermənistan ordusunun çıxılmaz vəziyyətə düşdüyünü artıq hamı anlayır. Erməni ordusu rüşvətin içində batır. Bizdə olan məlumatlara görə, valideynlər ordudakı övladlarının acından ölməməsi üçün komandirlərə rüşvət verib, evlərinə aparır, yedirib-içirdikdən sonra geri qaytarırlar. Müharibə başlasa, Qarabağ məsələsinin həlli an məsələsidir. Ermənistan çox qısa bir vaxtda məğlub olacaq".
E.Sabiroğlunun sözlərinə görə, ölkənin hərbi təhsil müəssisələri o səviyyədə inkişaf edib ki, bəzi xarici ölkələr artıq öz vətəndaşlarının hərbi təhsil alması üçün Azərbaycana müraciət edir: "Artıq Azərbaycan hərbi məktəblərində iki ölkənin vətəndaşları hərbi kadr kimi yetişdirilir".
|