Səhiyyə Nazirliyi (SN) təbii fəlakət bölgəsində görülən tədbirlərlə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, təbii fəlakətlə bağlı SN-in qəbul etdiyi tədbirlər planına əsasən, yerlərdə tələb olunan tibb mütəxəssisləri təbii fəlakətlə üzləşən bütün zonalara cəlb olunub, təcili və təxirəsalınmaz yardım maşınlarının və həkimlərin növbətçiliyi gücləndirilib.
Bu işə eyni zamanda Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri də cəlb olunub. Təhlükə yarandığı ilk gündən Respublika Klinik Xəstəxanası, Elmi Cərrahiyyə Mərkəzi, Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun hərəsində 2 həkim briqadası yaradılaraq, öncə Sabirabad, Şirvan, Zərdab rayonlarına göndərilib. Terapevt, mama-ginekoloq, kardioloq, nevropatoloq və pediatrlardan ibarət həkim briqadaları təşkil olunub. Hazırda Sabirabadda yaradılmış çadır şəhərciyində 1 həkim məntəqəsi, 3 səyyar briqada çalışır.
Sabirabadın Boranlı kəndindəki şəhərcikdə isə 1 həkim məntəqəsi təşkil olunub. Şirvan şəhərindəki çadır şəhərciyində 2 həkim məntəqəsi, 2 səyyar briqada fəaliyyət göstərir. Hacıqabulda da 1 səyyar briqada yaradılıb. Zərdab rayonundakı çadır şəhərciyində 1 həkim məntəqəsi, 4 səyyar briqada, Saatlıda 3, Salyanda 4, İmişlidə 1, Kürdəmirdə isə 5 səyyar briqada fəaliyyət göstərir. Həkim məntəqələri və briqadalar kifayət qədər dərman preparatları, tibbi ləvazimatlar və köməkçi materiallarla, hətta ilan vurması əleyhinə zərdablarla da təmin edilib. Ehtiyacı olan xəstələrə qlükometrlər paylanıb. Daşqınlar və sel nəticəsində ümumilikdə 14 kənd, 20 minə qədər insan, təxminən 4300-dən artıq ailə zərər çəkib. Onların hər biri çadır şəhərciklərində, peşə məktəblərində, orta məktəblərdə və digər yerlərdə məskunlaşıblar.
Çadır şəhərciklərində olan insanlara lazımi tibbi yardımla yanaşı, Səhiyyə Nazirliyi tərəfindən kişi, qadın, uşaq geyimləri, yataq dəstləri və s. verilib. Ürək, qan təzyiqi və şəkər problemi ilə əlaqədar həkimlərə müraciətlər xüsusən çoxluq təşkil edir. Sel və daşqından zərər çəkənlərin məskunlaşdığı yerlərdə infeksion xəstəliklərin yaranması və yayılmasının qarşısını almaq məqsədi ilə gigiyena və epidemiologiya mərkəzləri tərəfindən dezinfeksiya işləri də gün ərzində bir neçə dəfə aparılır. Fövqəladə vəziyyətlə əlaqədar təcili tibbi yardım maşınları, eləcə də təhlükə zonasına yaxın rayonların tibb işçiləri də səfərbər olunub.
Səhiyyə Nazirliyi tərəfindən tibbi və sanitar qaydalar tam nəzarətdə saxlanır və bu qayda təhlükə aradan qalxanadək davam edəcək.
|