Hal-hazırda Ayna qəzetinin 22.05.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 22.05.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Dünyada  
 
 
Abxaziyada siyasi böhran dərinləşir
Abxaziyada siyasi böhran dərinləşir
İndiki durum Rusiyaya yaxşı heç nə vəd etmir
Şənbə, 22.05.2010

Ənvər Börüsoy
Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin (AMSTM)
mətn ölçüsü  

Sovetlər Birliyi dağıldıqdan sonra onun hüquqi varisi olan Rusiya özünün 300 illik imperiya tarixində ilk dəfə olaraq, Ağ (Aralıq) və Qara dənizlərdə siyasi, iqtisadi və hərbi qüdrətini itirmək təhlükəsini yaşamaqdadır. Bu regionlarda indi Rusiyanın təsir dairəsi Ukrayna, Türkiyə və Almaniyadan asılı bir duruma bağlıdır. Buna görə də Kreml Moldovada "Pridnestrovye", Gürcüstanda "Abxaziya" və "Güney Osetiya", Azərbaycanda isə "Dağlıq Qarabağ" kimi süni bölücü region siyasətini iyirmi ilə yaxındır əldə bir vasitə olaraq saxlamağa çalışmaqla, strateji hədəflərinin təmin olunmasını bu üç vasitənin hesabına əldə etmək istəyir.

Kremlin indiki sahibi prezident Dmitri Medvedyev özündən əvvəlki dövlət başçılarından fərqli olaraq, proseslərin modernləşmə və humanitar aspektdə həllinin tərəfdarı kimi çıxış edir. Problemlərin yeni baxış bucağında həllinə görə irəli sürülən təşəbbüslərə baxmayaraq, Rusiyada qatı mühafizəkar çevrələr bölücü bölgələrdə yeni-yeni böhranlar yaratmağa başlayıblar.

Qara dəniz hövzəsində ərazi anklavı

Ukraynanın Krım vilayətində Rusiyaya məxsus hərbi bazaların fəaliyyətlərini davam etdirməsi rəsmi Kiyevin bir sıra problemlərinin həlli deməkdir. Bu strategiyanı qəbul edən Rusiya eyni zamanda Kerç boğazından birbaşa Krıma doğru milyardlarla dollara başa gələcək nəqliyyat dəhlizi açmaq üçün böyük layihələri maliyyələşdirməyə başlayıb. Digər tərəfdən isə Abxaziya kimi bölücü bölgənin sayəsində Qara dənizdə əlavə su hövzəsini də nəzarətə alıb. Qara dənizin Abxaziyaya məxsus hövzəsi 240 km-dir. Qaqra, Suxumi, Oçamcir, Qudauta və Tkvarçeli şəhərlərində Rusiya Müdafiə Nazirliyi və Federal Sərhəd Xidməti qüvvələrinin toplum sayı isə 7 min nəfərdən ibarətdir.

Regionda əhalinin sayı abxaz-gürcü savaşı səbəbindən son 20 ildə iki dəfə azalıbdır. 1989-cu ildə burada əhalinin ümumi sayı 525 min 061 nəfər olub. 2003-cü ilin statistikasına görə isə regionda 215 min 972 nəfər yaşayır. Ancaq mütəxəssislərin hesablamalarına görə, regionda əhalinin reallığa yaxın sayı 178 min nəfərdir.

Əhalinin etnik tərkibi isə belədir: gürcülər 49 min 953 (1989-cu ildə onların sayı 239 min 872 nəfər olub), abxazlar 94 min nəfər, ruslar 23 min (1989-cu ildə 74 min nəfər), ermənilər 44 min 870 (1989-cu ildə 76 min 541 nəfər) və digər xalqlar təşkil edirlər. Ötən 16 il ərzində Abxaziyada faktik olaraq bütün iqtisadi infrastrukturlar dağılıbdır.

Son illər Rusiya regionda güclənmək, buraya əhalinin maraqlarını artırmaq üçün turizmin inkişafına üstünlük verməkdədir. Eyni zamanda Federal Büdcədən milyardlarla vəsait ayrılır. Əsas məqsəd Qara dənizin Abxaziyaya aid hissəsini nəzarətdə saxlamaqla həm də bu anklavı sayəsində Gürcüstan, Ukrayna və Türkiyəyə meydan oxumaq, buradan Quzey Qafqaz regionlarına görə aparılan siyasətlərin qarşısını almaqdır.

Apsnaya ayrılan paralar elə Moskvada çalınır

Ermənilər Dağlıq Qarabağa "Artsax" adını necə uydurublarsa, abxazlar da Abxaziyanın "Apsna" adı ilə tanınması iddiasını eləcə uydurublar. Rusiyanın baş naziri Vladimir Putin hökuməti Abxaziyanın inkişafı üçün bir sıra qərarlar qəbul edib.

REKLAM

Rusiyaya məxsus xarici və daxili pasport almaq hüquqlarının olması, regionun sosial-iqtisadi inkişafı üçün Federal Büdcədən 10 milyard rubl vəsait ayrılması və digər sahələrə yatırım faktlarını göstərmək olar.

Abxaziya müxalifətinin açıqlamasına görə, Moskvadan ayrılan vəsaitləri təkcə Suxumidəki hakim elita deyil, daha çox elə bu maliyyəni ayıran tərəf mənimsəməkdədir. Regiona ayrılan milyardlar Kremlin təhkim etdiyi kuratorlar tərəfindən rüşvət piramidası şəklində məharətlə idarə olunur. Dotasiya sayəsində idarə olunan Abxaziyada hələ də iqtisadi və sosial sahələrin inkişaf strategiyası müəyyən edilməyib.

Abxaziya Xalq Partiyası, Sosial Demokrat Partiyası, Axatsa Hərəkatı, Aruaa Hərəkatı, Abxaziya Xalq Birliyi Forumu, Aytayra (Dirçəliş) Hərəkatı və Amtsaxara (Vətən Odları) Hərəkatı kimi ictimai-siyasi təşkilatlar Rusiya və Abxaziya hökumətlərinin regionu özlərinin komprador maraqları çərçivəsində idarə etmələrinə etiraz şəklində artıq konsolidasiya olunublar. Abxaziya prezidenti Sergey Baqapşa qarşı ən kəskin şəkildə tənqidi yanaşan Abxaziya İqtisadi İnkişaf Partiyasının lideri Beslan Butba bir açıqlamasında deyir:

"Moskva şəhərinin meri Yuri Lujkov guya Abxaziya üçün can yandırır, dəridən-qabıqdan çıxır. Əslində Yuri Lujkov Moskvanın büdcəsindən milyardlarla vəsaiti oğurlamaq üçün bu addımları atır". Onun fikrincə, bu siyasət həm də Rusiyanın Federal Büdcəsindən ayrılan vəsaitlərin oğurlanması hallarında da mövcuddur. Bütün bunların əsas səbəbi odur ki, son prezident seçkilərində abxaz xalqı Sergey Baqapşa səs verməyib. Onun seçki zamanı əsas elektoratı ermənilər olublar.

Abxaz-erməni qarşıdurması

Abxazlarla ermənilər arasında heç zaman qarışıq ailə münasibətləri olmayıb. Çünki bir abxaz xalq məsəlində deyildiyi kimi: "Ermənilərdən nə yaxın dost, nə də yaxşı qul olar". Digər tərəfdən 1991-1994-cü illərdə gürcü-abxaz savaşı zamanı ermənilər "Marşal Baqramyan Alayı", "Erməni Krunk Hərbi Birliyi", "Erməni İntiqamçı Döyüşçü Gənclər Birliyi", "Erməni Kazak Ordusu", "Maştos" və digər könüllü döyüşçü qrupları şəklində gürcülərə qarşı ən ağır döyüşlərdə iştirak ediblər. Ermənilərin bu fədakarlıqlarına baxmayaraq, Abxaziyada onların aparıcı söz sahibi olmasını heç kim qəbul etmir. Çünki ermənilərin strateji hədəflərinin heç də abxazlara dayaq olmaq deyil, bütövlükdə "Böyük Ermənistan" siyasətinin tərkib hissəsi olaraq, Abxaziyanı ələ keçirmək olması faktları artıq Suxumidə nəşr edilən mətbuatda açıq şəkildə yazılmağa başlamışdır.

1991-1994-cü illərdə Abxaziyadakı savaş nəticəsində regiondan xaric olunan gürcü, köçüb gedən rus, yunan, svan, yəhudi, alman və digər xalqlara məxsus təsərrüfatlar, müəssisələr, üzüm və sitrus meyvə bağları, tütün və çay tarlaları ermənilərin nəzarətinə keçdi. Abxaziyadakı şərab fabriklərinin sayəsində ermənilər Krasnodar, Rostov, Stavropol, Moskva, Kalininqrad, Sankt-Peterburq vilayətlərindəki erməni işbazları ilə milyonlarla para qazanmaq imkanı əldə etdilər. Hələ bütün bunlar azmış kimi, indi də Abxaziyanın və hətta dünyanın ən gözəl turizm mərkəzlərini (Qaqra, Pitsunda, Oçamcir, Tkvarçeli, Qudauta, Suxumi, Yeni Afon) də nəzarətə almağı hədəfə çeviriblər. Bütün bunlara qarşı abxazların birləşmiş şəkildə hərəkət etməsi üçün çağdaş abxaz milliyyətçiliyinin təməlini qoyan və ilk prezidenti olmuş Vladislav Ardzinbanın ən yaxın silahdaşı olmuş Raul Hacimbanın liderliyində yeni hərəkat yaranıbdır.

Raul Hacimba açıq şəkildə bildirir: "Abxaziyada ermənilərə geniş səlahiyyət verirlər. Qədim Apsna torpağında bu siyasətə son qoyulmalıdır. Ruslar və ermənilər birləşərək Abxaziyada cinayətkar bir rejim qurublar. Buna görə də mühacirlərin (yurd dışında yaşayan soydaşları belə adlanır) tarixi yurdlarına dönmələri rəsmiləşdirilməlidir. Türkiyə, İordaniya, Suriya, Misir, İsrail, Livan, İraq və digər ölkələrdən vətənə dönmək üçün müraciət edənlərin isə sayı artmaqdadır".

Müxalifət iqtidarı devirə biləcəkmi?

Abxaziyada əhalinin faktiki olaraq əsas gəlir mənbəyi may-oktyabr ayları aralığında turizm mövsümüdür. Son zamanlar Abxaziyadakı sanatoriya və turizm mərkəzlərinin Rusiyaya məxsus şirkətlərin nəzarətinə keçdiyinə görə abxaz əhalisinin gəlirləri azalmağa başlayıb. Faktik olaraq, Abxaziyada büdcə idarələrində çalışanlar və təqaüdçülər normala yaxın dolanışıq imkanına malikdirlər. Çünki onlar maaşlarını Rusiya "Əmanət Bankı"ndan alırlar. Əhalinin böyük əksəriyyəti isə yoxsul vəziyyətdə yaşamağa məhkum edilmişdir.

Rəsmi statistikaya görə, son illər təqribən 30-40 min abxaz ailəsini dolandırmaq üçün digər dövlətlərə yaşamağa yollanmışdır. Bütün bunları diqqət mərkəzində saxlayan abxaz ziyalıları və milliyyətçi çevrələri əhalini səfərbər olunaraq, bu haqsızlıqların qarşısını almaq üçün addımlar atmağa çağırırlar. Ötən həftə Suxumidə keçirilən Abxaziya Xalq Birliyi Forumunun qurultayında abxaz cəmiyyətinin bütün tədbirləri həyat şəraitinin ağırlaşması, sosial-iqtisadi vəziyyətin dözülməz həddə çatması, abxazların tədricən milli azlığa çevrilməsi, onların mülkiyyət hüquqlarının əllərindən alınması, rus dilinin hegemonluğu sayəsində abxaz dilinin tamamilə sıxışdırılması və digər problemlər barədə odlu-alovlu çıxışlar olundu. Müxalifətin vahid lideri kimi Raul Hacimba bəyan etmişdir:

"Nikaraqua, Nauru, Venesuela tipli ölkələrin Abxaziyanın dövlət müstəqilliyini tanımaq barədə verdikləri qərarların heç birinin bizə xeyri yoxdur. Abxaziyada yaranmış problemlərin həll yolu indiki iqtidarın vaxtından əvvəl istefaya göndərilməsi, mühacir soydaşlarımızın vətənə dönüşünün təmin edilməsi, Abxaziyada abxazların milli azlığa çevrilməsi siyasətinin qarşısının alınması sayəsində mümkündür".

Hazırda Suxuminin siyasi çevrələrində ən çox dartışılan "Kremlə müstəqil Abxaziya lazım deyil", "Rusiya Qara dənizdəki neft yataqlarının hesabına daha da varlanacaqdır", "Moskva abxazlara yönəlik assimilyasiya siyasəti aparır", "Abxaziyada yerli biznes mühiti artıq rus şirkətlərinin inhisarına keçib", "Abxaziyadakı 15 bankın səhmlərinin tək sahibi Rusiyadır" və digər mövzulardır.

Analitiklərin fikrincə, regionda siyasi, milli və iqtisadi böhranlar dərinləşdikcə abxazların Rusiyaya inamsızlığı artacaqdır. Bu sırada Adıgey, Kabarda-Balkar, Qaraçay-Çərkəz respublikalarında güclənməkdə olan çərkəz topluluqlarının milliyyətçi "Adıge Xaçe" və "Dünya Çərkəzləri Konqresi" hərəkatlarına milliyyətçi abxaz təşkilatlarının da qoşulması gözlənilir. Belə olduğu təqdirdə, Rusiya Abxaziyada daha ağır durumla üzləşə bilər.

Bu gün Rusiyanın himayəsində yaradılan Abxaziya ordusu, digər güc strukturları bir hərbi güc kimi regionda Rusiya üçün başağrısına çevrilə bilər. Çünki Abxaziyada yerləşən Rusiya hərbi qüvvələri son zamanlar abxaz əhalisinə qarşı sərt davranmağa başlayıb. İndi sadə abxazlar düşünürlər ki, nədən ruslarla birlikdə gürcülərə qarşı müharibə aparmışlar. Budurmu müstəqil Abxaziyanın onlara vəd etdiyi xoşbəxt həyat? Hər addımda yerli əhalinin maraqları tapdalanır. Marionet Abxaziya iqtidarı onların həyat şəraitini ağırlaşdırmaq siyasəti yürüdürlər. Rusiyanın ənənəvi strateji maraqlarına qarşı sarsıdıcı zərbələr vura biləcək bir vulkan yaranmaqdadır. Vulkan böhranının hansı nəticəni verəcəyini isə tarix göstərər.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Yanukoviç saatını Moskva vaxtı ilə qurmağa hazırlaşır?



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər