"Transrarency International Azerbaiyan" təşkilatı ölkənin korrupsiyaya qarşı mübarizə üzrə öhdəliklərini yerinə yetirməsi üzrə monitorinqin yekunlarını açıqladı. Təşkilatın icraçı direktoru Rəna Səfərəliyeva xatırladır ki, Avropa Qonşuluq Siyasəti çərçivəsində müvafiq öhdəliklər 2006-cı ildə qəbul edilib. Tədbirlərə korrupsiyaya qarşı mübarizə sahəsində qanunların və qanunaltı aktların qəbulu, etibarlı normativ bazanın yaradılması, bu qanunların həyata keçirilmə prosesi daxildir.
Hesabatda məhkəmə sistemində və dövlət qulluğu sahəsində islahatların gedişi əksini tapıb. Bundan başqa, iştirakçılar GRECO qrupu tərəfindən tövsiyə edilmiş öhdəliklərin icrasının gedişi ilə tanış olublar. Bu tövsiyələrdə hüquqi normaların qəbulu, korrupsiya risklərinin səviyyəsinin azaldılma sxemi, islahatlar sahəsində müqayisəli təhlil və s. yer alır.
Sorğular əsasında həyata keçirilmiş monitorinq Azərbaycanda qəbul edilmiş qanunlar və onların icrası arasında böyük uyğunsuzluq olduğunu aşkara çıxarıb. Respondentlərin 64,5%-i korrupsiyaya qarşı mübarizə sahəsində mövcud qanunvericilik bazasının səviyyəsindən razıdır, amma qanunların icrası sorğu iştirakçılarının yarısından azını - 48%-ni qane edir.
Məhkəmə sistemində həyata keçirilən islahatlar respondentlərin 63%-nin işlərində müsbət əksini tapıb, korrupsiyaya qarşı mübarizə üzrə beynəlxalq qurumlar qarşısında götürülmüş öhdəliklərin yerinə yetirilməsi dərəcəsi də eyni səviyyədədir. Respondentlərin yalnız 47%-i dövlət qulluğunun inkişafından, xüsusən Dövlət Qulluğu üzrə Komissiyanın işindən razıdır.
Vətəndaşların ədalətli mühakiməyə yol tapması səviyyəsi, məhkəmə instansiyaları arasında səlahiyyətlərin dəqiq bölünməməsi, rəhbərlər və tabeli işçilər arasında qarşılıqlı münasibətlər sistemi, dövlət qurumlarında xidməti mərtəbələr üzrə irəliləmə metodları xüsusi narahatlıq doğurur.
"Transrarency International Azerbaiyan" rəhbərinin fikrincə, məmurlar yalnız bir məsələdə yekdil olublar - onlar hamısı "dövlət sirrinin qorunmasının" tərəfdarıdırlar və bu zaman hətta açıq informasiyanı "dövlət sirri"nə aid edirlər. Korrupsiyaya qarşı qanunların niyə işləmədiyinin səbəblərini anlamaqda çətinlik çəksək də, məmurlar arasında "dövlət sirri" məsələsindəki həmrəyliyin mahiyyətini anlamaq çətinlik tərətmir.
|