Amerikanın bir qrup keçmiş rəsmisi Bakını Tehranla yaxınlaşmaqda ehtiyatlı olmağa çağıraraq, İran rejiminin sonuna az qaldığı barədə proqnoz verirlər.
Onlardan biri, əvvəllər ABŞ-ın Xarici Siyasət Şurasında çalışmış analitik Lourens Haasdır. "Azərbaycan İranla həddindən artıq yaxın əlaqələri inkişaf etdirərkən ehtiyatlı olmalıdır. Oradakı rejimin cəmiyyətdə dayağı yoxdur və onun sonuna az qalıb", analitik belə hesab edir.
Haas həmçinin vitse-prezident Al Qoranın komandasında xarici əlaqələr üzrə direktor vəzifəsində, ondan əvvəl isə Ağ Evin qərargahında çalışıb.
Onun fikrincə, beynəlxalq ictimaiyyət nüvə proqramının davam etdirilməsi ilə əlaqədar İrana qarşı sanksiyaları gücləndirəcək. İranın "inqilabı başqa ölkələrə ixrac etmək" siyasəti və Əfqanıstan, Livan və Qəzzədə terrorçuları dəstəkləməsi ilə əlaqədar ona qarşı daha çox etibarsızlıq mövcuddur.
İran liderləri nüvə silahı əldə etmək niyyətində olduqlarını açıq-aşkar bəyan edirlər və xarici qüvvələrin müdaxiləsindən ehtiyatlanmırlar. Analitikin fikrincə, "bu, ətrafdakı ölkələri narahat etməlidir".
Haas həmçinin hesab edir ki, İranda hərbi əməliyyatlar həyata keçirilərsə, qonşu ölkələr Qərbə yardım etməlidirlər. "Söhbət birbaşa hərbi iştirakdan deyil, dolayısıyla yardım etməkdən, məsələn, aviasiya uçuşları və ya kəşfiyyat xarakterli informasiyadan gedir", deyə analitik bildirib.
Milli təhlükəsizlik üzrə digər ekspert, Amerika Tərəqqi Mərkəzinin baş əməkdaşı Lourens Korb hesab edir ki, Azərbaycan İranla, xüsusən İran bankları ilə iqtisadi əməkdaşlığa son qoymalıdır.
|