"ABŞ doqquz aydan çoxdur ki, Bakıda müvəqqəti işlər vəkili səviyyəsində təmsil olunur. Bu, 1992-ci ildə yaranmış ABŞ-Azərbaycan münasibətlərinin tarixində ABŞ-ın Azərbaycan paytaxtında səfirsiz təmsil olunduğu ən uzun dövrdür. Bu cür vəziyyət isə istənilən halda ikitərəfli münasibətlərdə çətinlik yaradır". Karlton Universitetinin (Carleton University) Avropa, Rusiya və Avrasiya Tədqiqatları İnstitutunun baş elmi işçisi Robert Katler (Robert M. Cutler) APA-nın Vaşinqton müxbirinə belə deyib.
Onun sözlərinə görə, "Amerika Erməni Milli Komitəsi açıq şəkildə müdaxilə edərək ötən ilin avqust ayında dövlət katibi Hillari Klintona açıq məktub göndərib və mətbuatda yazılanlara görə, Xəzərin enerji məsələlərində iyirmi illik təcrübəsi olan peşəkar diplomatın Azərbaycana səfir təyin olunmasına etirazlarını bildirmək üçün ondan görüş istəyib".
"Nümayəndələr Palatasının Birinci Dünya müharibəsində ermənilərin kütləvi şəkildə öldürülməsini "soyqırım" adlandıran qətnaməsinə ABŞ administrasiyasının yöndəmsiz münasibətini nəzərə alsaq, belə güman etmək olar ki, Demokrat Partiyasının erməni lobbisinin fikirlərini nəzərə alan daxili ehtiyacları ABŞ dövlətinin Azərbaycanla bağlı enerji siyasətinə təsir edir. Erməni lobbisi Amerika siyasi isteblişmentinin yüksək dairələrinə nüfuz etməklə yanaşı, həm də ölkədaxili seçki siyasətində həlledici ştat olan Kaliforniyada çox güclüdür".
Tanınmış analitik onu da qeyd edir ki, 2010-cu ilin yanvarında Ermənistanın Konstitusiya Məhkəməsi protokollardakı şərtlərin yerinə yetirilməsi yolunda ciddi məhdudiyyətlər qoyub:
"Konstitusiya Məhkəməsi qərarına yenidən baxmasa, Türkiyə Böyük Millət Məclisinin protokolları ratifikasiya etməsi inandırıcı görünmür. Türkiyə indi bildirir ki, yalnız Ermənistan Qarabağ məsələsində geri çəkiləcəyi təqdirdə onunla razılaşmanı ratifikasiya edəcək. Ermənistan bu məsələdən imtina edir, Konstitusiya Məhkəməsinin qərarı da bu məsələni istisna edir".
Katler bildirir ki, Türkiyə-Ermənistan yaxınlaşması məsələsi ABŞ daxili siyasətinin təsiri altında Vaşinqton tərəfindən qaldırılıb. Vaşinqtonda belə bir təəssürat var ki, bu siyasətin uğuru regionda gərginliyi zəiflətməklə boru kəmərlərinin marşrutu məsələsini də həll edəcək.
"Qarabağ problemini həll etmədən bu, mümkün deyil, Qarabağ probleminin həllində isə vacib rolu Azərbaycan oynamalıdır. Bu problemin həlli üçün ATƏT-in Minsk Qrupu çərçivəsində iyirmi ilə yaxındır ki, səy göstərilir".
|