Dünən Rusiyanın Rostov şəhərində "Rusiya və Azərbaycan: Müasirlik və əməkdaşlıq perspektivləri" mövzusunda ikigünlük Forum işə başlayıb. Bu barədə forumda iştirak edən "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəisi Nadir Əzməmmədov məlumat verib.
N.Əzməmmədovun verdiyi bilgiyə görə, forumun proqramına Azərbaycanın sabiq prezidenti Heydər Əliyevin xatirəsinə həsr edilmiş sərgi, elmi-praktiki konfrans və dəyirmi masa da daxil edilib.
Tədbirdə Azərbaycan Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, nəqliyyat naziri Ziya Məmmədov və "Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini Qurban Nəzirov da iştirak edir.
Ə.Həsənov çıxışında Azərbaycanla Rusiya arasında mövcud olan tarixi əlaqələrdən danışıb. O qeyd edib ki, Azərbaycanla Rusiya arasında heç bir problem yoxdur, hazırda əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə qalxıb.
Ə.Həsənov onu da qeyd edib ki, Rusiya ilə Azərbaycanın nəqliyyat əlaqələri də intensiv sürətlə inkişaf etməkdədir:
"Rusiya böyük nəqliyyat dəhlizidir və bu, bizimlə əməkdaşlıqda çox mühüm əhəmiyyət kəsb edir. Sərnişin və yük daşımalarının təşkili məqsədilə nəqliyyat əlaqələrinin səmərəliliyinin artırılması, dəmir yolu, avtomobil, dəniz, su və hava nəqliyyatının beynəlxalq əmtəə və xidmət bazarlarına çıxışının təmin edilməsi məqsədini daşıyan Cənub beynəlxalq nəqliyyat dəhlizi Layihəsinin reallaşması istiqamətində də Rusiya ilə qarşılıqlı əməkdaşlıq şəraitində tədbirlər həyata keçirilir".
Forumda ikitərəfli münasibətlərin bundan sonra da inkişaf etdirilməsi qərara alınıb.
|