"Dağlıq Qarabağ münaqişəsinin həlli Türkiyə tərəfindən irəli sürülən ön şərt deyil. Ermənistanla barışıq və Qarabağ məsələsi bir-birinə təkan verən paralel proseslərdir".
APA-nın Vaşinqton müxbirinin məlumatına görə, bunu Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin xarici əlaqələr üzrə müavini, Türkiyə-Amerika parlamentlərarası dostluq qrupunun sədri Suat Kınıklıoğlu Vaşinqtondakı Yaxın Şərq İnstitutunun Türkiyə məsələləri üzrə mərkəzində "Türkiyənin qonşuluq siyasəti və Yaxın Şərq" mövzusunda konfransda çıxışı zamanı bildirib.
Suat Kınıklıoğlu hesab edir ki, ortada Dağlıq Qarabağ adlı "anormal vəziyyət" - Avropa Şurasının üzvü olan Azərbaycanın ərazisinin bir hissəsinin Ermənistan tərəfindən işğal faktı olduğundan Türkiyə-Ermənistan münasibətlərinin normallaşması ikitərəfli səviyyədə ola bilməz.
Türkiyə hakim partiyasının təmsilçisi deyib ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması vaxt tələb edir: "Mən Ermənistanla münasibətlərin normallaşmasının tərəfdarıyam. Münasibətlərin normallaşması türklərin və ermənilərin siyasi iradəsi ilə baş tutacaq". S.Kınıklıoğlunun sözlərinə görə, Türkiyə-Ermənistan barışığı üçün heyrətamiz təklif var və bunu qəbul edib-etməmək Ermənistandan asılıdır.
Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ortada hər hansı təklifin, sənədin olmadığını vurğulayıb. E.Nalbandyan bu açıqlamanı yalan adlandırıb: "Təbii ki, yalana hər hansı şərh verməyə ehtiyac yoxdur".
Bu arada Vaşinqtonda səfərdə olan Türkiyə baş nazirinin müavini Cəmil Çiçək ABŞ dövlət katibinin müavini Ceyms Steynberg və ABŞ-ın terrorçuluğa qarşı mübarizə üzrə koordinatoru, səfir Daniel Benjaminlə görüşərək regional təhlükəsizlik məsələlərini müzakirə edib.
APA-nın Vaşinqton müxbirinin məlumatına görə, Türkiyə rəsmisi İran və Ermənistanla münasibətlər məsələlərini, həmçinin regionda sülh və əməkdaşlıq məsələsini ABŞ rəsmiləri ilə müzakirə etmək üçün Vaşinqtona gəlib.
Rəsmi Vaşinqton danışıqların detalları barədə məlumat verməyib.
"Bir neçə aydır biz Türkiyə ilə bir sıra danışıqlar aparırıq" deyə ABŞ dövlət katibinin müavini Filip Krouli keçirdiyi brifinqdə bildirib. Krouli deyib ki, görüş konstruktiv keçib və tərəflər bir sıra məsələlərlə bağlı öz fikirlərini ifadə ediblər.
Cəmil Çiçək Vaşinqtonda türk diasporunun üzvləri ilə də görüşüb. Diaspordan APA-ya bildiriblər ki, görüş zamanı Cəmil Çiçək türk icmasının Vaşinqtonda və BMT-də erməni diasporuna qarşı fəaliyyətini yüksək qiymətləndirib. O bildirib ki, Türkiyənin müsbət imicini yaratmaq bütün dünyaya Türkiyənin dost və sülhsevər ölkə olduğunu göstərmək üçün vacibdir.
O, türklər və azərbaycanlıların ermənilərə qarşı keçən ay keçirdiyi etiraz aksiyasını xatırladıb və ABŞ-dakı türk və Azərbaycan icmalarının əməkdaşlığını yüksək qiymətləndirib.
|