Azərbaycan və Türkiyə arasında Strateji Əməkdaşlıq Şurası (SƏŞ) qurmaq planlaşdırılır. Bu qurum iki ölkə arasında hərbi sahədə münasibətlərin müttəfiqlik səviyyəsinə qalxmasına səbəb olacaq. Bu barədə "Ayna"ya Türkiyə Silahlı Qüvvələri Baş Qərargahına yaxın mənbədən məlumat verilib. Məlumatda o da bildirilir ki, Şuranın yaradılması iki ölkə arasında müdafiə və təhlükəsizlik sektorunda ciddi əməkdaşlığın qurulmasına səbəb olacaq və özünə indiyədək kiçik həcmdə və səviyyədə olan fəaliyyət istiqamətlərinin genişlənməsini daxil edəcək.
Xatırladaq ki, bir neçə gün öncə Azərbaycana səfər etmiş Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan prezident İlham Əliyevlə görüşünün nəticələrinə həsr olunmuş mətbuat konfransında "bu görüşümüzdə ən önəmli addımlardan biri yüksək səviyyəli SƏŞ-in qurulması ilə bağlı qəbul etdiyimiz qərardır. Bu qurum bütün sahələri əhatə edən və Türkiyə ilə Azərbaycanın gələcəyi baxımından ən vacib addım olacaq" demişdi. Baş nazir bildirmişdir ki, iki ölkə ekspretləri bu qurumun yaradılması üçün ciddi çalışmalara başlayacaq: "Ümid edirəm ki, hörmətli Əliyevin İstanbula səfəri zamanı bunun təməlini ata biləcəyik".
Bundan bir qədər sonra Türkiyənin Azərbaycan səfiri Hülusi Kılıc iki ölkə arasında SƏŞ yaradılması prosesinin 5-6 aya yekunlaşacağını bildirmişdi. Səfir hazırda Türkiyə ilə İraq, Suriya, Yunanıstan və Rusiya arasında bu cür şuraların mövcud olduğunu söyləyib.
Türkiyədəki hərbi mənbələrdən "Ayna"ya verilən məlumata görə, İ.Əliyevin iyunun əvvəllərində Türkiyəyə səfəri çərçivəsində iki ölkə arasında SƏŞ-in yaradılmasına dair niyyət protokolu imzalanacaq. Bu barədə yekun sənədin isə ilin sonuna qədər imzalanması planlaşdırılır. Əldə etdiyimiz məlumata görə, SƏŞ-in yaradılması çərçivəsində Azərbaycanla Türkiyə arasında bir neçə istiqamətdə hərbi əməkdaşlığın gücləndirilməsini nəzərdə tutan hərbi müttəfiqlik sənədinin hazırlanması və tərəflərin ona imza atması kimi məsələlər də nəzərdə tutulur.
İki ölkə arasında hərbi müttəfiqlik nəyi nəzərdə tuta bilər? Araşdırmalar göstərir ki, hazırda Azərbaycan və Türkiyə arasında müdafiə və təhlükəsizlik sektoru üzrə əməkdaşlığın bir neçə hədəfi var. Bunların sırasına kadrların hazırlanması, maddi texniki təminat, rabitə, sənədlərin hazırlanması kimi məsələlər daxildir. Xüsusilə də müdafiə sənayesi sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı xüsusi fəaliyyətin aparılması nəzərdə tutular.
Araşdırmalar göstərir ki, iki ölkə arasında hərbi müttəfiqlik haqqında sənəd imzalansa, Türkiyənin Azərbaycana hərbi dəstəyi xeyli dərəcədə artacaq. Bu isə Azərbaycanın hazırkı vəziyyətində çox zəruri hədəflərdən hesab edilir.
|