Azərbaycan Əfqanıstanda sülhməramlılarını artırır
 |
Bizim rəsmilərin Əfqanıstan səfərində razılaşma əldə olunub
Şənbə, 22.05.2010
|
|
Azərbaycan tərəfi Əfqanıstanda sülhməramlılarını iki dəfə artırmağa razıdır və bu məsələ yaxın vaxtlarda Milli Məclisin müzakirəsinə verilə bilər. Bu barədə "Ayna"ya bu günlərdə Əfqanıstanda səfərdə olmuş Azərbaycan heyətinin səfərinin yekunlarına dair məlumatlı diplomatik mənbə xəbər verir. Onun sözlərinə görə, bu razılaşma ilə bağlı yaxın vaxtlarda rəsmi açıqlama verilməsi gözlənilir.
Bəlli olduğu kimi, mayın 17-20-də Azərbaycan hökumət heyəti xarici işlər nazirinin müavini Araz Əzimovun rəhbərliyi ilə iki ölkə arasında əməkdaşlıq məsələlərinin müzakirəsi üçün Əfqanıstanda səfərdə olub. XİN-dən "Ayna"ya verilən məlumata görə, səfər çərçivəsində azərbaycanlı sülhməramlıların Əfqanıstandakı missiyasının perspektivi müzakirə olunub, eyni zamanda Əfqanıstana planlaşdırılan qeyri-hərbi yardımla əlaqədar mövcud vəziyyət qiymətləndirilib.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin sülhməramlı taborunun 22 nəfərlik heyəti 20 noyabr 2002-ci il tarixindən etibarən Əfqanıstandakı əməliyyatlara cəlb olunub. 15 yanvar 2008-ci il tarixində Əfqanıstanda xidmət edən Azərbaycan hərbçilərinin sayı 45 nəfərə çatdırılmış və 19 fevral 2009-cu il tarixində isə bu rəqəm daha iki dəfə artırılıb. Hazırda Azərbaycan SQ-nin 90 hərbi qulluqçusu ISAF strukturu tərkibində Kabil şəhərində müvəffəqiyyətlə post-patrul xidmətini həyata keçirir.
Əfqanıstan veteranı, "Müdafiə və Təhlükəsizlik Sektoruna İctimai Nəzarət Mərkəzi"nin direktoru Tərlan Eyvazov 2010-cu ildə Azərbaycanın ISAF tərkibində sülhməramlı qüvvələrinin sayının artırılmasını mümkün saydı. Onun sözlərinə görə, bu istiqamətdə ötən ildən müzakirələr aparılır.
T.Eyvazovun fikrincə, bu gün dünyanın diqqətində olan Əfqanıstan probleminin həlli yönündə səyləri artırmaq vacib sayılır. Ekspert 2010-cu ildə Əfqanıstan problemi ilə əlaqədar iki nəhəng tədbirin - London və Tallin konfranslarının dünyanın 1 nömrəli probleminin həlli istiqamətində vacib tədbirlər olduğunu xatırlatdı. Eyni zamanda ekspert fərqli fikirlər irəli sürür.
"Bir çoxlarının fikrincə, 2010-cu ildə Əfqanıstanda ABŞ və ISAF heyətinin sayını artırmaqla bölgənin sabitləşməsi istiqamətində irəliləyişə nail olmaq mümkündür. Amma bu fikir çox da inandırıcı görünmür" deyən T.Eyvazovun fikrincə, Əfqanıstan probleminin sovet müdaxiləsi də daxil olmaqla mürəkkəbləşən dərin kökləri var. Buraya əfqan qəbilələrinin həddən artıq mühafizəkar olmasından tutmuş, ölkədə kütləvi işsizliyin mövcudluğu, bu səbəbdən narkotik qaçaqmalçılığının inkişafı, ölkədə həddən ziyadə qanunsuz silah və hərbi texnikanın mövcudluğu, sərhədlərin nəzarətsiz olması ucbatından ölkəyə külli miqdarda silah-sursat gətirilməsi, bölgələrdə mərkəzi idarəetmənin zəifliyi ilə yanaşı, qonşu dövlətlərlə münasibətlərə qədər çoxsaylı problemlər daxildir.
Azərbaycanın bu problemli bölgənin sabitləşməsində rolunu müsbət qiymətləndirən ekspertin öz təklifləri də var. Onun fikrincə, problemin həlli yolunda təkliflərdən biri də müsəlman ölkələrinin səylərinin artırılmasıdır. Xüsusilə, ISAF-da iştirak edən müsəlman ölkələri sülhməramlılarının sayının artırılması vacib görünür.
Ekspert hesab edir ki, Azərbaycan hazırda NATO ilə əməkdaşlıqda müəyyən imkanları nəzərdən keçirir ki, yaxın perspektivdə yalnız hərbi baxımdan deyil, eyni zamanda qeyri-hərbi baxımdan da fəaliyyətimizi gücləndirməklə öz töhfəsini artırmış olsun. A.Əzimovun rəhbərlik etdiyi heyətin Əfqanıstana səfərini faydalı hesab edən T.Eyvazovun fikrincə, Azərbaycan Əfqanıstanın sabitləşməsi üçün bir sıra tədbirləri reallaşdıra bilər:
- Əfqanıstan təhlükəsizlik qüvvələrinin, polis sisteminin, mühəndis-istehkam bölmələrinin hazırlığında özünün milli dəstəyini təklif edəcək. Azərbaycanın hərbi məktəblərinin bu prosesə cəlb olunması intensivləşəcək.
- ANAMA mütəxəssisləri tərəfindən əfqan kadrlarının öyrədilməsi prosesinin davam etdirilməsi, Kabildə bu istiqamətdə mərkəzin açılması gözlənilir.
- Azərbaycanın mövcud infrastrukturundan istifadə edərək Əfqanıstana daşınmaların həyata keçirilməsinə geniş töhfə verilməsi, Bakı - Tbilisi - Qars dəmir yolunun açılışından sonra bu daşınmaların sürətlənməsi və intensivləşdirilməsi gözlənir.
- Əfqanıstanın sənaye obyektlərinin işə salınmasına dəstək və ölkənin faydalı resurslarından istifadə üçün Azərbaycan şirkətləri tərəfindən kəşfiyyat-qazma işlərinin aparılması mümkündür.
T.Eyvazovun müşahidələrinə görə, Əfqanıstan Azərbaycan üçün gələcək regional strateji tərəfdaş roluna namizəd ölkələrdən biridir. "Azərbaycan bu ölkə ilə əməkdaşlığının güclənməsi nəticəsində Çin və Hindistan kimi nəhənglərin olduğu regional bazara çıxış əldə edir.
|
|
|
Oxşar xəbərlər:
ABŞ Senatı Ermənistana maliyyə yardımını azaltdı
Madonna səhnədə huşunu itirdi
Yardım alanlar "yoxsulluq tələsi"nə düşüblər
"Juliksiniz, oğrusunuz, camaatın pulunu basıb yeyirsiniz..."
Separatçılara Vaşinqtondan 8 milyon dollar mükafat
|
|
|