![]() |
çap et |
|
|||
"Biz SOFEX müdafiə sərgisi çərçivəsində Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin "Optika" İstehsalat Birliyi ilə Bakıda "Alov" zavodunda elektrooptik sahədə işbirliyini nəzərdə tutan müqavilə imzaladıq. Bizim əvvəllər də Azərbaycanla işbirliyimiz olub. İmzaladığımız bu protokol gecəgörmə cihazlarının "Alov" zavodunda istehsalını əks etdirir. Eyni zamanda, müqavilə çərçivəsində termal silah durbinlərinin Azərbaycanla ortaq olaraq istehsalını planlaşdırırıq". Bunu Türkiyənin ASELSAN şirkətinin Mikroelektronik, Güdüm və Elektro-Optik Qrupunun başçısı Özcan Qəhramangil APA-ya müsahibəsində bildirib.
Texnologiyaların tətbiqində bu günə qədər ölkələrin istənilən səviyyədə yaxınlaşa bilmədiyinə təəssüf edən Ö.Qəhrəmangil bildirib ki, indi Azərbaycan Silahlı Qüvvələri əsasən təmsil etdiyi şirkətin radiostansiyalarından istifadə edir və çox məmnundurlar. "Bir qədər əvvəl Daxili Qoşunlar bizim istehsalımız olan termal kameralarımızdan istifadə etməyə başladı. Qısa müddət ərzində həm termal kameralar, həm də gecəgörmə cihazları sahəsində işbirliyimizi davam etdirərək Azərbaycanda istehsal quracağıq. Bununla da həm Azərbaycan Silahlı Qüvvələrinin, həm də bölgənin bu sahədə ehtiyaclarını ödəməyi nəzərdə tuturuq", - deyə o qeyd edib. Sərhəd təhlükəsizliyi sahəsində ASELSAN-ın yaratdığı texnologiyaların Azərbaycanda tətbiqi sahəsində işbirliyinin ilkin mərhələdə olduğunu deyən Qəhrəmangil bildirib ki, Azərbaycanın sərhəd təhlükəsizliyi müzakirə mövzusudursa, onlar burada hər hansı bir vəzifə almağa, seçildikləri təqdirdə istənilən şəkildə cihaz hazırlamağa və inteqrasiyanı təşkil etməyə, Azərbaycan şirkətləri ilə işbirliyi qurmağa hazırdırlar. ASELSAN-ın Türkiyənin "Leopard-1A4" tankları üçün "Volkan" atış nəzarət sistemləri yaratdığını bildirən Qəhrəmangil hər bir tank üçün, tankdakı uyğun yerə görə fərqli sistemlər hazırladıqlarını qeyd edib. Onun sözlərinə görə, bu sistemlər tankın üzərindəki topun atış məsafəsi, tankın hərəkət qabiliyyətinə görə dəyişir. "Hazırda Türkiyə Silahlı Qüvvələrindəki "Leopard-2A4" tankının modernizasiyasını da həyata keçiririk. Eyni zamanda milli tank layihəsi olan "Altay"ın bütün atış nəzarət, komandir periskopu, nişançı periskopu və atış kontrol sisteminin hazırlanmasını özəl olaraq ASELSAN gerçəkləşdirir. T-72 tankları üçün də buna bənzər bir sistem yaratdıq. Bizə çox qısa zaman verilmişdi və bu qısa zamanda sistemi qurduq. Atışlar son dərəcə qənaətbəxş olsa da, Azərbaycan Silahlı Qüvvələri başqa bir şirkətin məhsulunu seçdi. Ancaq hələ də bir xeyli tank var ki, əgər Azərbaycan tərəfi bizə həvalə edərsə, bu layihəni davam etdirə bilərik" deyən Qəhrəmangil bu sistemi ilk olaraq Naxçıvan korpusunda bir tanka inteqrasiya etdiklərini bəyan edib. Onun sözlərinə görə, ASELSAN hazırda Müdafiə Sənayesi Nazirliyinin "Cihaz" zavodu ilə BTR zirehli transportyorlarının termal nişangahlarla təchiz edilməsi layihələri üzərində işləyir. Testlərdən sonra əldə olunan nəticələrə görə əməkdaşlıq bu layihə üzrə də davam etdiriləcək. |