Tarkan İstanbulda konserti planlaşdırılan məşhur müğənni Rihannaya duet təklifi edib. Meqastar bənzər təkliflə bir neçə ay əvvəl də çıxış edib, lakin Rihannadan rədd cavabı alıb. Bununla belə, onun Rihanna ilə duet oxumaq israrını "xeyr" cavabı da yox edə bilməyib. Məşhur sənətçinin iyunda İstanbulda konsert verəcəyindən xəbər tutan Tarkan duet planını yenidən işə salıb. Onun yeni albomu da məhz Rihannadan müsbət cavab ala bilmədiyinə görə ləngiyir. Türk mətbuatı yazır ki, meneceri vasitəsilə növbəti dəfə təklif göndərən Tarkan yenə "yox" cavabı almamaq üçün kisəsinin ağzını açıb. Yazılan xəbərə görə, o, Rihanna ilə İstanbul səhnəsini paylaşmaq üçün 50 min dollar təklif edib. Məşhur ulduzun bu təklifə hansı cavab verəcəyi maraqla gözlənir.
Xatırladaq ki, dünya şöhrətli Rihanna İstanbulda iyunun 3-də konsert proqramı ilə çıxış edəcək. Kuruçeşmə Arenada çıxışı gözlənilən Rihanna şərtləri ilə təşkilatçı şirkəti təəccübləndirib. O, Yunanıstanın ardınca İstanbulda konsert öncəsi meneceri vasitəsilə istək siyahısını təşkilatçı şirkətə çatdırıb. Müğənninin istəkləri arasında saqqız başda durur. Sıxılmış bal, nanə çayı, kartof cipsi, partlamış qarğıdalı, 1 şüşə qırmızı şərab da Rihannanın istək siyahısına daxildir.
|