Gedib Əfqanıstanda amerikalılarla döyüşüb
|
Talibançı azərbaycanlıya məhkəmə 6 ay iş kəsdi
Şənbə, 22.05.2010
|
|
Əfqanıstanda ABŞ və koalisiya qüvvələrinə qarşı keçirilən əməliyyatlarda iştirakda təqsirləndirilən Azərbaycan vətəndaşı Vüqar İsayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatdı.
İttihama görə, Yeni Günəşli qəsəbə sakini, 1975-ci il doğumlu Vüqar Səfa oğlu İsayev 2008-ci ilin yazında radikal dini baxışları ilə əlaqədar ABŞ və koalisiya qüvvələrinə qarşı qanunsuz hərbi birləşmələrin tərkibində döyüşmək üçün İrandan keçməklə Pakistan ərazisinə gedib. Bu niyyətini həyata keçirmək üçün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə cəza alan Şakir Xanbutovun imkanlarından istifadə edib.
V. İsayev Pakistan dövlət sərhədini istintaqa məlum olmayan bələdçinin köməyi ilə keçərək, Əfqanıstana gedib. V. İsayev şəxsi pulu ilə özünə "Kalaşnikov" markalı avtomat silah alıb. O, burada Taliban qüvvələrinə tabe olan Azərbaycan vətəndaşı Vüsal Qasımov adlı şəxsin rəhbərlik etdiyi dəstədə döyüşüb. 2008-ci ilin sentyabrında isə dəstədən ayrılıb və avtomatı sataraq, Əfqanıstandan Pakistana gəlib. V. İsayev Pakistan hüquq-mühafizə orqanları tərəfindən pasport rejimini pozduğuna görə saxlanıb və barəsində inzibati cəza çıxarılıb. 2009-cu ilin yanvarında isə Azərbaycana təhvil verilib. Məhkəmənin hökmü ilə Vüqar İsayev 6 ay müddətinə azadlıqdan məhrum edilib.
|
|
|
|
|
|
|