Cari ilin aprel ayında Bakı şəhəri üzrə torpaq bazarında orta qiymətlərdə azalma müşahidə olunub. Ay ərzində bazara çıxarılan 1 sot torpağın orta qiyməti 1,2% azalaraq 14 436 dollar/sot səviyyəsindən 14 265 dollar/sot səviyyəsinə enib. "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyindən verilən bilgiyə əsasən, ay ərzində qiymət azalması bütün zonalarda qeydə alınıb. Bu, bütün zonalar üzrə torpağın bazar qiymətinin real dəyərindən baha olması ilə bağlıdır.
Aprel ayı ərzində bazara təklif olunan ümumi 800,1 ha torpaq sahəsinin 77,6%-ni boş sahə, qalanını isə qeyri-yaşayış sahələri və köhnə yaşayış sahələri təşkil edib. Aparılan bazar araşdırmaları zamanı şəhərin mərkəzində torpaq sahələrinin həddən artıq məhdudlaşmasının I zonada tələb və təklifin strukturunun dəyişməsi ilə yanaşı, qiymətlərin stabilləşməsinə təsir göstərdiyi məlum olub. Bazarda torpağın ekspozisiya müddəti əvvəlki ayla müqayisədə 0,8% artaraq 255 günə çatıb.
Şəhərin mərkəzində qiymətlərin həddən artıq yüksək olması, I və II zonalarda tələbin aşağı düşməsi ilə paralel qiymətlərin də azalmasına səbəb olub. Martdan fərqli olaraq apreldə I zona üzrə qiymət azalması bir qədər stabilləşməyə doğru yönəlib. Amma II, III və IV zonalarda təklifin çox olması, tikintinin tempinin aşağı enməsi nəticəsində torpağa olan tələbin sürətlə azalması bu zonalar üzrə qiymətlərin enmə tendensiyasını əvvəlki kimi saxlayıb. Eləcə də, III və IV zonalarda torpaq sahələrinin mülkiyyət hüquqlarına dair sənədlərində problemlərin hələ də qalması bu zonalar üzrə qiymət azalmasına daha ciddi təsir göstərib. Son aylar bazarda baş verən proseslər bazarın bu seqmenti ilə aparılan əməliyyatlarda risk dərəcəsini artırıb.
Apreldə rayonlar üzrə ən çox qiymət azalması Səbail (-1,6%) rayonunda qeydə alınıb. Yay mövsümünün yaxınlaşması Əzizbəyov rayonu üzrə torpaq qiymətlərinin nisbi artımına (0,2%) səbəb olub.
Bununla yanaşı, hazırda torpaq bazarında nisbətən aktiv rayonlar sırasına Binəqədi və Nizami rayonları başçılıq edir. Ən passiv rayon isə ötən aylar olduğu kimi Nəsimi rayonudur.
Ötən ay torpaq bazarına təklif olunan ən bahalı torpaq sahəsi 250 000 dollar/sot Nəsimi (Kubinka) rayonunda, ən ucuz torpaq sahəsi isə 350 dollar/sot Abşeron (Pirəkəşkül qəsəbəsi) rayonunda qeydə alınıb.
|