çap et  
Statistika gerçəkliyi əks etdirmir
Statistika gerçəkliyi əks etdirmir
İnflyasiyanın səviyyəsinin hesablanması və modelləşdirilməsi üçün araşdırmalar aparılıb
Şənbə, 22.05.2010

A.Əhmədova

Ölkəmizdə inflyasiyanı iqtisadi fəallığın göstəricisi hesab edənlər də var. Əsas da o gətirilir ki, Azərbaycanda ən çox iş yeri inflyasiyanın ən yüksək olduğu illərdə - 2006-2008-ci illərdə açılıb. Yəni inflyasiya iqtisadi fəallığı stimullaşdırıb, bu isə yeni iş yerlərinin açılmasına səbəb olub. İqtisadçı Nazim Məmmədovun fikrincə, inflyasiya yüksək olsa, əhalinin sosial vəziyyəti ağırlaşacaq qənaətinin əsası yoxdur. Çünki Azərbaycan dövləti sosial müdafiəyə ehtiyacı olanları inflyasiyanın təsirlərindən qoruyur.

İqtisadçı Oqtay Haqverdiyev isə inflyasiyanın iqtisadi fəallığı stimullaşdırması barədə söylənilən fikirlərlə razılaşmır. Onun qənaətincə, inflyasiya iqtisadiyyat üçün zərərlidir: "Sadəcə, dünyada onun daha az zərərli həddi olaraq 3-4 faiz götürülür". Ona görə də iqtisadçılar hesab edirlər ki, inflyasiyanın iqtisadiyyat üçün məqbul həddini hesablamaq lazımdır. Amma təəssüf ki, bizdə belə hesablama aparılmır. Halbuki bu, ölkə iqtisadiyyatının inflyasiyanın təsirlərinə hazırlıqlı olmasına, ən əsası isə inflyasiya yaradan proseslərin nəzarətdə saxlanmasına imkan verərdi.

Ümumiyyətlə, hökumətin inflyasiya hesablaması həmişə mübahisə mövzusu olub. Həm müstəqil iqtisadçılar, həm də beynəlxalq təşkilatların nümayəndələri inflyasiya səviyyəsinin düzgün ölçülmədiyi qənaətindədirlər. Amma deyəsən, fikir ayrılıqlarına son qoymaq olar. Belə ki, İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "Alternativ inflyasiyanın hesablanması və inflyasiyanın modelləşdirilməsi" layihəsi çərçivəsində apardığı araşdırmalar üzrə tapıntılara və müvafiq nəticələrə nail olub. Bu nəticələrə inflyasiyanın çoxamilli modelləşdirilməsi və proqnozlaşdırılması daxildir.

İqtisadi Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin rəhbəri Qubad İbadoğlunun bildirdiyinə görə, layihənin tədqiqat qrupu ekonometrik üsullarla Azərbaycanda inflyasiyanı yaradan amillərin rolunu öyrənib, həmçinin inflyasiyanın proqnozlaşdırması işini həyata keçiriblər. İnflyasiyanın yaranmasında müxtəlif amillərin rolunu müəyyənləşdirən və müvafiq proqnozlaşdırmanı əhatə edən tədqiqat ekonometriya sahəsində ixtisaslaşmış mütəxəssislər tərəfindən aparılıb. İlk mərhələdə tədqiqatçılar mövcud metodologiyanın qiymətləndirilməsini həyata keçiriblər.

Reprezentativliyin təmin olunması üçün inflyasiya səviyyəsi hər ay ölkə ərazisində aparılan sorğu vasitəsilə alınmış 51480 qiymət müşahidəsi əsasında hesablanır. Sorğu Azərbaycanın 9 iqtisadi rayonuna daxil olan 22 şəhər və rayonda keçirilir. Qiymətlərin müşahidəsi 585 məhsul və xidmət üzrə həyata keçirilir. Layihənin daha bir komponenti məlumatlandırma və vəkillik işlərinin qurulmasıdır ki, ona bu həftədən etibarən başlanılıb.

Q.İbadoğlunun sözlərinə görə, tədqiqat zamanı inflyasiyaya təsir edən amillərin rolunun müəyyənləşdirilməsi və proqnozlaşdırma vektor avtoreqressiya (VAR) metodu ilə aparılıb. Vektor avtoreqressiya qarşılıqlı əlaqədə olan zaman sıraların bir-birinə təsiri və proqnozlaşdırılması üçün istifadə olunan ekonometrik metoddur. VAR metodu sistemdə olan hər bir endogen göstəricinin digər endogen göstəricilərin funksiyası olaraq qiymətləndirilməsinə imkan yaradır. Bu model iqtisadiyyatda şokları müəyyən etməyə və inflasiyanın dəyişmə nöqtələrini müəyyən etməyə imkan verir. Azərbaycan üçün qurulmuş inflyasiya modeli özündə inflyasiyanı (İQİ - istehlak qiymətlərinin indeksi), pul kütləsini (M2), nominal effektiv valyuta məzənnəsini (nem) və q/neft ÜDM-ni əks etdirir. Sistemin strukturu dəyişənlər arasındakı əlaqələri araşdırmağa imkan verir.

Tədqiqat göstərib ki, inflyasiya göstəricisi özündən əvvəlki inflyasiya hədlərindən asılıdır. Məsələn, bir ay əvvəl İQİ-nin 1 faiz artımı indiki İQİ-ni 1,6 faiz sürətləndirir. Manatın nominal məzənnə indeksi İQİ-yə neqativ təsir göstərir. Məzənnənin bir ay əvvəl 1 faiz artımı İQİ-ni 0,66 faiz azaldır. Pul kütləsinin İQİ-yə təsiri fiksə olunmuş məzənnə siyasətinə uyğun olub. Pul kütləsinin 1 vahid artımı İQİ-ni 0,003 vahid sürətləndirir. Sənaye məhsulunun istehsalçı qiymət indeksinin də inflyasiya üzərində təsiri aydın görünür. Modelə görə sənaye məhsulunun istehsalçı qiymət indeksinin 1 vahid artımı İQİ-ni 0,03 vahid yüksəldir. Qiymətləndirmələr göstərir ki, inflyasiya gözləntiləri və keçmiş dövrün inflyasiyası cari inflyasiyanı yaradan əhəmiyyətli faktorlardandır və onların təsirləri təqribən eynidir. Digər tərəfdən hesablamalar göstərir ki, qeyri-neft məcmu buraxılış kəsrinin inflyasiya yaratmaq kanalı yoxdur. Q.İbadoğlu deyir ki, bu nəticənin bir neçə izahı ola bilər: "ÜDM hesablanarkən idxal məhsulları nəzərə alınmadığı halda, İQİ hesablanmasında o öz əksini tapır. İdxal məhsullarının istehlak zənbilində payının əhəmiyyətli olduğunu nəzərə alsaq, nəticə izah olunandır. Digər izah isə institusional, bazar strukturu və inhisarçılıq amilləri ilə bağlıdır".

Q.İbadoğlu onu da bildirib ki, dünyada Fillips əyrisindən inflyasiya proqnozlaşdırılmasında geniş istifadə olunmasına baxmayaraq, Azərbaycanda Fillips əyrisi özünü doğrultmadığından proqnozlaşdırma aləti kimi istifadə edilməyib. Bunun əsas səbəbi isə Azərbaycanda statistik məlumatların reallığı təhrif etməsidir: "Tədqiqat göstərdi ki, monetar siyasət ölkədə inflyasiyaya əhəmiyyətli təsir göstərmir. İnflyasiya gözləntilərinin belə təsiri daha yüksəkdir. Mövcud məzənnə siyasəti iflyasiyaya azaldıcı təsir göstərir. Qiymətləndirmələr göstərir ki, inflyasiya gözləntiləri və keçmiş dövrün inflyasiyası cari inflyasiyanı yaradan əhəmiyyətli faktorlardandır və onların təsirləri təqribən eynidir. Mərkəzin tədqiqat qrupunun hesablamaları göstərir ki, 2010-cu ildə orta illik inflyasiya səviyyəsi 8,3 faiz olacaq".