![]() |
çap et |
|
|||
İran İslam Respublikasının din xadimləri bir çox hallarda elə çıxış edir ki, az-çox kitab oxuyub, dünyanı başa düşənlərin onları "terrorçu" adlandırmaqdan başqa yolu qalmır. Belələri Tanrının sonuncu elçisi Məhəmməd həzrətlərinin dininə, İslama zərbə vurmaqdan savayı bir işə yaramır.
Dünya elə kiçilib ki, millətlər və dövlətlər bir-birinin marağını istəməsələr belə, qorumağa məhkumdur. İran İslam Respublikası dini liderlərinin Azərbaycan Respublikasına qarşı hədələri davam edir. "Miqnyus"un məlumatında bildirilib ki, İranın rəsmi "Ahlul Bayt News Agency" informasiya vasitəsində İslam Respublikası Rəşt şəhərinin imam cüməsi ayətulla Zeynəlabdin Qurbani dünyəvi Azərbaycan Respublikasının prezdenti İlham Əliyevə qarşı kəskin ifadələr işlədilib. O deyib: "Mən sənə ultimatum göndərirəm. Sən də Məhəmmədrza şah və Səddam Hüseyn kimi tarixin külünə dönərsən". Ayətulla hiddətlə əlavə edib: "Əliyev vəhabilər və sionistlərin əlində vasitə olarsa, o halda dünya şiələrini ona qarşı üsyan etməyə çağırmaqdan (fitva verməyi nəzərdə tutur - S.S.) başqa İslam elitasının (müctehidləri nəzərdə tutur - S.S.) yolu olmayacaq". Xəbərdə o da qeyd olunub ki, ötən həftə İslam Respublikasının başqa bir ayətullası Məkarim Şirazi də İlham Əliyevin ünvanına hədələyici çıxış edib. Xatırladaq ki, İslam Respublikasının dini liderlərindən biri, ayətulla Nasir Məkarim Şiraziyə məxsus "httr://rersian.makarem.ir/news/?nid=704O" internet ünvanında Azərbaycan Respublikasına qarşı bir başqa hədə dolu çıxışı yerləşdirilib. ![]() Ötən həftə İranın dini-ideoloji mərkəzi sayılan Qum şəhərindəki tələbələrə islam hüququndan ("fiqh"dən) məruzə oxuyan zaman Bakıda sökülməsi barədə məhkəmə qərarı çıxarılmış məsciddən də danışmışdı: "Son vaxtlar Azərbaycan Respublikasından şiə məscidlərinin yıxılması və başqa məscidlərin də söküləcəyi haqda xəbərlər gəlməkdədir. Biz Azərbaycan hakimiyyətinə bununla bağlı öz rəsmi etiraz ismarıcımızı yollamış, bu işdən əl çəkəcəklərinə ümidvar olduğumuzu vurğulamışıq. Azərbaycan Respublikası dünyanın ikinci şiə ölkəsidir (?). Bu ölkə əhalisinin 90 faizi şiədir (?), buna baxmayaraq, sionistlərlə vəhabilər əl-ələ verərək, orada şiələrə qarşı fitnə törədirlər (?). Onlar indi də məscidlərin sökülməsinə əl atıblar . Biz buradan açıq-aşkar bildiririk ki, Azərbaycanda məscidlərin sökülməsi davam etsə, cihad haqda hökm verəcəyik. Bu yolda ölənlər isə şəhid sayılacaqlar. Bizim üçün dövlətlərarası münasibət önəmli deyil. Azərbaycan hakimiyyəti bilməlidir ki, oradakı şiələr din alimlərinin fitvalarını gözləyir. Həmin alimlərin verəcəyi hökmləri onlar yerinə yetirəcək. Hələlik bununla bağlı heç bir fitva vermirik. Ancaq barəsində danışdığımız məsələyə dair müsbət dəyişiklik baş verməzsə, o zaman bu hökmü verəcəyik. Yaxşısı budur vəhabilərin, yəhudilərin əlaltısı olmayasınız. Bununla da ölkənizin sabitliyinə xələl gətirməyəsiniz. Əks halda gələcəyiniz yaxşı olmayacaq". Bəlli olduğu kimi, ayətulla Nasir Məkarim Şirazinin ölkəmizə qarşı hədə dolu çıxışına bəhanə olan məscid Qafqaz Müsəlmanları İdarəsinin sərəncamına verilib. Bu baxımdan Tehran hakimiyyəti və onun tərəfdarlarının ölkəmizdə bu istiqamətdə pozuculuq fəaliyyətilə məşğul olmasına imkan verilmədi. Bir də məscidi tikən də, tikdirən də Azərbaycan Respublikasının vətəndaşıdır. Onu, da ölkə daxilində hüquqi qaydada həlli yolu var və xarici müdaxilə edilmədən bu məsələ həllini tapdı da. Fürsətdən yararlanaraq, Quzey Azərbaycan Respublikasına qarşı çıxış etmək, yaxud onu din adı ilə hədələyərək, öz hikkəsini yeritmək istəyənlərin yadına bir sıra mətləbləri salmaq istərdik. Əvvəlcə onu bildirək ki, həm Güney, həm də Quzey Azərbaycandakı şiələrin təqlidi nə Quma, nə də ki onun Nasir Məkarim Şirazi kimi "xox" gəlmə ustadı olan "müctəhid"lərinədir. Azərbaycan şiələri İraqın Nəcəf şəhərini özləri üçün dini mərkəz sayır. İkincisi, ölkəmizin müsəlman əhalisinin məzhəb inancı barədə "statistik" rəqəmi də gerçəkdən çox-çox uzaqdır. Azərbaycanlıların ənənəvi olaraq şiə məzhəbində olan müsəlmanlarının müctəhidləri isə ayətullaüzma Sistanidir. Burada yeri gəlmişkən bir məsələni də xatırladaq. İllər uzunudur İrandakı bəzi din xadimləri dini mərkəz kimi min ildən çox yaşı olan Nəcəfin ənənəvi dini mərkəzliyini əlindən almağa səy göstərir. Bu baxımdan Qumda təhsil alan Azərbaycan Respublikasının gənc vətəndaşlarının beyinlərini çürük düşüncələrlə yuyub, onların öz millətinə, vətəninə, dövlətinə qarşı hazırlanılması cəhdi əbəsdir. Ayətullanın nəzərinə çatdıraq ki, Güney Azərbaycanda sökülən və dağıdılan abidələr barədə nə İrandakı, nə Azərbaycandakı, nə də Türkiyədəki "məscid təəssübkeşləri" cınqırını da çıxarmır. Onların bəziləri barədə məlumat vermək istərdik. İslam dünyasının nadir incilərindən olan Təbrizdəki "Göy məscid"in ətrafında neçə ildir çeşidli məqsədlərlə "qazıntı işləri" aparılır. Bu abidə məhv olmaq təhlükəsi ilə üz-üzədir. Azərbaycanın bütün baxımlardan mədəniyyət mərkəzi olan bu şəhərində Ərk qalasını hakimiyyət "tarixi məscid" adlandırsa da, onun sökülüb-dağıdılması davam etməkdədir. Halbuki bu tarixi abidənin məscid olması haqda çoxlu sayda kitablar yazdırıblar. 1979-cu ildən bəri qalanın ətrafında hakimiyyət təmsilçiləri çeşidli layihələrlə bu binanın yan-yörəsini uçurublar. Şərqdə ən qədim və ən böyük ibadət ocaqlarından və memarlıq abidələrindən biri, "Sahibül Əmr" məscidinin yarıdan çox hissəsi dağıdılaraq, yerində yol və "yaşıllıq" salınması haqda İslam Respublikasının rəhbərliyi göstəriş verib. Bu yalnız insanların inancına deyil, həm də bir millətin, Azərbaycan türklərinin tarixinə sayğısızlığın göstəricisidir. Təbrizin şimalında, Eynalı dağının zirvəsində eyni adlı tarixi məscid iaşə və istirahət üçün istifadəyə verilib. Bir vaxtlar allahsız sovet rejimi məscidləri ya sökür, ya da bu sayaq məqsədlər üçün istifadə edirdi. Bundan başqa, Təbrizdəki tarixi "Came", "Usta-şagird", "Seyid Həmzə", "Qara Məlik", "Eynalı" və başqa məscidlərin durumu özünü müsəlman adlandıranları ciddi rahatsız edəcək bir vəziyyətdədir. Güney Azərbaycanın Urmiya şəhərinin "Gülüstü" məhəlləsində yerləşən "Lütfəli xan məscidi" uçmaqdadır. Bu məscid də müsəlmanların, o cümlədən Azərbaycan türklərinin mühüm qədim tarixi abidələrindən sayılır. Bu arada "şeytana lənət" deyib, bir mülahizə də irəli sürmək istərdik. N.M.Şirazinin bu sayaq "fitva" cəhdi bir məsələdən də şübhələnməyə əsas verir. Yoxsa Urmiyada, Təbrizdə və Güney Azərbaycanın başqa bölgələrində qədim məscidlərin dağıdılmasına göz yuman ayətulla Bakıda sökülməkdə olan məscidin tikilməsinə maliyyə vəsaiti qoyub? Bunun davasını aparır? Ya da Sudan, Küveyt, Livan, Səudiyyə Ərəbistanı, Bəhreyn, Suriya, İraqdakı kimi casus şəbəkəsinin fəaliyyəti üçün yerin olmayacağından rahatsızdır? Düzdür, məscid Allaha səcdə olunan yerdir. Amma orada dövlətin, millətin əleyhinə fəaliyyət göstərilirsə, ora necə ad vermək olar? Ayətulla Nasir Məkarim Şirazi cənablarının sözü belə qüdrətlidirsə, onda o, Azərbaycan torpaqlarını işğal etmiş, bir milyondan çox müsəlmanı öz yurdlarından didərgin salmış təcavüzkar Ermənistan barəsində fitva versin. Belə bir təbii sual yaranır: Tehran hakimiyyəti haqda fitva vermək olarmı? Bu zaman ikinci sual yaranır: "Niyə?". Təcavüzkar Ermənistanla hər cür əməkdaşlığa, hakimiyyətini qorumaq və hikkəsini yeritmək üçün Fələstin ərəblərini əlində oyuncaq etdiyinə, İslam dünyasını gözdən salan "əl-Qaidə" və talibana yardımına, dünyanın çeşidli yerlərində terrorçuluğu dəstəkləyərək, dinimizi nüfuzdan saldığına və s. çoxsaylı səbəblərə görə. Ayətulla Məkarim Şirazinin yadına bir məsələni də salaq. Bütün dinlərdə, o cümlədən İslamda da yalan danışmaq böyük günahdır. Odur ki, cənab fəqih (din hüquqçusu), gənclərin beynini yalanla yumaqda, başqasının daxili işinə müdaxilə etməklə nə böyük suç işlətdiyinizin fərqindəsinizmi? Çünki Azərbaycan Respublikasında məscidlərin söküləcəyi haqda dediyiniz fikirlər ölkəyə gəlməyənlərdə elə təsəvvür yaradır ki, guya burada hər gün "küçələrdə dinlilərlə dinsizlərin davası gedir". Bütövlükdə sizin də, müdafiə etdiyiniz, dəstəklədiyiniz hakimiyyətin də yalan danışdığı zaman-zaman təsdiqlənir. Nəzərinizə çatdıraq ki, İran İslam Respublikasının rəhbərliyi çıxışlarında "əl-Qaidə" və talibanla əlaqəsi olmadığını bildirir. Yayılan xəbərlərə görə, İranda həbs edilən "əl-Qaidə" üzvləri İslam Respublikasının sərhədlərini asanlıqla tərk edə və geri dönə bilirlər. Tehran hakimiyyəti bu terrorçuları sərbəst buraxmaqla onlardan perspektivdə ABŞ-a qarşı hədəf yerinə istifadə etmək niyyətindədir. Bundan başqa, İran rəhbərliyinin onlara himayədarlıq etməsi "əl-Qaidə" və talibanın öz qüvvələrinin yenidən bərpasına imkan yaradır. bin Ladənin müşaviri Mavritaniya vətəndaşı Əbu Hifiz, "Əl-Qaidə"nin maliyyə məsələləri üzrə məsulu əbu Səid əl-Misri, bin-Ladənin sözçüsü Süleyman Əbu-Qeys, terror əməliyyatlarının keçirilməsi üzrə təlimatçı Mustafa Hamidinin İranda yaşadıqları barədə təkzibolunmaz məlumatlar yayılıb. Bunu təsdiqləyən daha bir fakt. Bir müddət öncə Üsamə bin-Ladənin qızı və beş qardaşının 8 il İran İslam Respublikasında yaşadığı haqda xəbər dünyanı heyrətləndirmədi də. Niyə? Çünki İran İslam Respublikasının rəhbərliyi dünyada etibarını itirib. Hə, bir də terrorçuların vətəni olmur, deyirlər. Dövlətlərarası münasibətləri vacib saymayıb, başqa ölkənin daxili işlərinə qarışmaq da beynəlxalq hüquqda suç sayılır. Bir vaxtlar Allahsız SSRİ də öz hikkəsini başqalarına yeritməkdən ötrü başqa dövlətlərin ərazisində çeşidli aksiyalar (hərbi, terror) keçirirdi. Lenin də deyirdi ki, imperializm "ölməkdə və çürüməkdə olan kapitalizmdir". Bu, İran prezidenti Mahmud Əhmədinijadın dediyi "İsrailin axırına az qalıb"a oxşayır. Ayətulla Nasir Məkarim Şirazi cənablarının da "Azərbaycan hakimiyyəti bilməlidir ki, oradakı şiələr din alimlərinin fitvalarını gözləyir. Həmin alimlərin verəcəyi hökmləri onlar yerinə yetirəcək" deyimi, yaxud Salman Rüştü barəsində ayətulla Xomeyninin ölüm fitvası həmin fikirləri, hərəkətləri bu və ya başqa şəkildə təkrarlayır... |