Mənim tanıdığım Mircəlal müəllim
 |
Gərək insan təkcə özü üçün yaşamasın
Şənbə, 22.05.2010
Vaqif ƏSƏDOV |
mətn ölçüsü |
|
|
|
Uzun illər ötməsinə baxmayaraq, yaddaşımdan silinməyən, hər dəfə qəlbimdə xoş xatirələr oyadan genişqəlbli insan, müəllim və yazıçı Mircəlal Paşayev haqqında söhbət açmaq istəyirəm. Tale mənə onun tələbəsi olmaq, evində qonaq olmaq, xatirələrini və ibrətamiz nəsihətlərini eşitməyi nəsib etmişdi.
1971-ci il sentyabr ayının əvvəlləri idi. İmtahan həyəcanlı isti yay günləri arxada qalmışdı. Bakı Dövlət Universitetinə qəbul olunmuşdum. O illər universitetin tarix, hüquq, şərqşünaslıq və filologiya fakültələri şəhərin mərkəzində, indiki İqtisad Universitetinin binasında yerləşirdi.
Çəkdiyim zəhmətlər, yuxusuz gecələr hədər getməmişdi. Bütün aləm gözümə gözəl və mənalı görünürdü. Parklarda, yol kənarlarındakı hündür ağaclar da, hara isə tələsən insanlar da... Dərsin başlanmasına hələ yarım saat qalırdı. Tələsmədən məktəbə doğru gəlirdim. Mehriban baxışlı, ziyalı görkəmli, başında qara panama, əynində isə səliqəli kostyum olan yaşlı bir müəllimlə yol yoldaşı olduq. Salamlaşdıq. Mənə çox tanış gəlsə də, tanıya bilmədim. Dedim ki, mən payız fəslinin bu qədər gözəl olduğunu heç vaxt duymamışdım. Gülümsəyib cavab verdi ki, bəli, bütün fəsillər kimi, payız da gözəldir. Məni təəccübləndirən o idi ki, yolla gedən və məni qətiyyən tanımadığım insanlar mənim yol yoldaşımla gülərüzlə salamlaşıb görüşəndən sonra mənimlə də köhnə tanışları kimi görüşürdülər.
Söhbət edə-edə universitetin giriş qapısına yaxınlaşdıq. Hansı fakültədə oxuduğumu və adımı xəbər aldı. Dedim. Gülümsəyib əlini mənə uzatdı: "Gəl, tanış olaq, - dedi, - mənimsə adım Mircəlal müəllimdir, filologiya fakültəsinin müəllimiyəm". Mən duruxdum: "Siz yazıçı Mircəlal Paşayevsiniz?". Biz bu dəfə köhnə dostlar kimi əl sıxdıq.
O illərdə gənclər bədii ədəbiyyat əsərlərini bugünkü gənclərə nisbətən daha çox mütaliə edirdilər. Mircəlal müəllimin "Bir gəncin manifesti" romanı orta məktəblərdə tədris olunurdu. Bu romanı mən də oxumuşdum. Qarlı-boranlı qış gecəsində kimsəsiz Baharın küçədə donub ölməsi hadisəsi ən daşqəlbli, qəddar insanları belə kövrəldirdi.
Mircəlal müəllim bildirdi ki, "ikinci mərtəbədə filologiya fakültəsinin 204 nömrəli ən geniş auditoriyasında mühazirəm olacaq, istəsən gəlib iştirak edə bilərsən". Avropa ədəbiyyatından məşhur "Ovod" əsəri barədə Mircəlal müəllim elə danışır, əsəri elə məharətlə təhlil edirdi ki, əlli nəfər tələbəsinin əyləşdiyi auditoriyada tam sakitlik hökm sürürdü. Tələbələr sanki hipnoz olmuşdular. Hər kəs özünü əsərdə cərəyan edən hadisənin canlı iştirakçısı hiss edirdi. Əsərin qəhrəmanının keçirdiyi hiss və həyəcanları hər birimiz duyurduq, onunla həmrəy idik. Bəzi qız tələbələr dəsmalla gözlərinin yaşını silirdi.
Müəllim sakit səslə danışır, auditoriya isə dərin düşüncələrə qərq olmuşdu. Dərs vaxtının başa çatdığını bildirən zəng səsi eşildilsə də, heç kəs auditoriyadan çıxmağa tələsmirdi. Mühazirənin sonunda Mircəlal müəllim dedi ki, "Bir gəncin manifesti" əsərini "Ovod"un təsiri altında yazmışdır. Bu əsər həmişə olduğu kimi, bu gün də aktualdır. Bəşər övladı gərək heç vaxt, heç bir şəraitdə azğınlaşıb, qəddarlaşıb, insanlığını, rəhmini, insafını itirməsin. İnsan şüurlu məxluqdur, buna görə də vəhşiləşib cəngəllik qanunları ilə xoşbəxt yaşaya bilməz.
Mən bəzən dərsdən çıxandan sonra Mircəlal müəllimi gözləyir, keçmişin hadisələri və insanları barədə xatirələrinə və söhbətlərinə qulaq asaraq onu evlərinə kimi ötürürdüm. "Azneft" meydanından bir qədər aralıda, Funikulyorun yaxınlığında fəvvarəli hovuzla üzbəüz binada yaşayırdı.
1975-ci ilin günəşli mart günlərindən biri idi. Dərsdən çıxıb evə gedirdim. Universitetin ikinci mərtəbəsində, filologiya fakültəsinin qarşısında dekan Ağamusa Axundov, Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə, Vilayət Rüstəmzadə, Zinyət Əlizadə, Mircəlal müəllim və bir neçə tanımadığım müəllim nə barədəsə qızğın mübahisə edirdilər.
Mircəlal müəllim məni görüb işarə etdi ki, birinci mərtəbədə çıxış qapısının yanında onu gözləyim. Bir azdan Mircəlal müəllim başına ağ rəngli kepka qoymuş, yüngül yay kostyumu geymiş, arıq və bəstəboy bir müəllimlə küçəyə çıxdı. Mircəlal müəllim həmin adamı mənə təqdim edib dedi:
"Tanış olun, bu başqa cür düşünməkdən qorxmayan şairimiz Gülhüseyn Hüseynoğludur. Cəsarətli adamdır..
|
|
|
|
|
|
|