Paytaxtın "tıxac" problemi qalır
 |
Şəhər hakimiyyəti bunu aradan qaldırmağa hazır deyil
Şənbə, 22.05.2010
|
|
Paytaxtda avtomobillərin sayı artdıqca yollarda gərginlik yüksəlir. Gərginlik təkcə avtomobillərin sayının yüksələn xətlə artmasından deyildir. Əsas səbəb - yolların zəbt olunması, avtomaşınların yol kənarlarında kim necə bilir o şəkildə saxlamasıdır. Piyadaların hərəkəti üçün nəzərdə tutulmuş əksər səkilər ya ləğv edilib, ya reklam lövhələri ilə tutulub, ya da pullu avtomobil dayanacağına çevrilib. Belə olan halda şəhərdə yüz körpü tikilsə belə, bu şəhər tıxaclardan qurtulub sərbəst nəfəs ala bilməyəcək.
"Ralli", yoxsa "marşrutka"?
Tıxacların aradan qaldırılması üçün öncə kiçik tutumlu marşrut avtobuslarını mərkəzdən uzaqlaşdırma prosesi işə salındı. Hökumətin bu addımını vətəndaşlar da bəyəndilər. Çünki həqiqətən də natəmiz, sərnişin yeri az olan, içində bükülərək dayanılan, pəncərəsi açılmayan, mənfi cəhətləri saymaqla bitməyən bu "marşrutka"ların mərkəzdən uzaqlaşdırılması şəhərlilərin çoxdankı arzusu idi. Marşrutların içində sürücülərin yüksək səslə zövqsüz musiqi parçaları səsləndirməsi isə əsəblər məsələsində problemin ən kulminasiya nöqtəsinə çevrilmişdi.
Sərnişin-sürücü münasibətlərində gərginliklər artmışdı. Hətta bu münasibətlərdən yaranan kriminal hadisələr də qeydə alınırdı. Bundan başqa, "marşrutka"lar aztutumlu olduğundan onların sayı həddən artıq çox idi. Eyni marşrut üzrə isə 10-15 "marşrutka" işləyirdi. Bu isə sürücülər arasında dayanacaqdan dayanacağa ötüşmə və söyüşmə yarışı ilə müşayiət olunurdu. "Ralli" yarışlarını xatırladan bu ötüşmə və söyüşmə zamanı isə içində bükülərək dayanmağa macal tapmayan sərnişinlər o küncədən bu küncə sürüşmək zorunda qalırdılar. Bir dayanacaqda isə az qala 50 "marşrutka" dayanırdı.
Onların "konduktor"larının səsi az qala əhatədəki bütün sərnişinlərin sinir sistemini sıradan çıxarmağa hesablanmışdı (sərnişinləri bağıra-bağıra avtobusa minməyə dəvət edənlər hələ də var. Bu qəribə xidmətin mənası anlaşılmır).
Yəni paytaxt Bakı bu "marşrutka"ların fonunda sanki ucqar bir əyalətə bənzəyirdi. Lakin bu problem tezliklə məhz şəhər mərkəzində öz həllini tapdı və sözügedən kiçiktutumlu nəqliyyat vasitələrinin sahibləri məcburiyyət qarşısında üz tutdular Bakıətrafı qəsəbələrə. Söhbət əhalinin kasıb təbəqəsinin yaşadığı qəsəbə ucqarlarından gedir. İndi bütün bu həngamələr onlara rəva görülür.
İritutumlu avtobusların tısbağa sürəti
Beləliklə, hökumət bir neçə il ərzində şəhər mərkəzində avtobuslarla bağlı problemlerə son qoydu. Şəhərin, demək olar ki, bütün mərkəzi küçələrinə köhnə "marşrutka"ların daxil olması yasaqlandı. Əvəzində isə şəhər mərkəzinə xarici dövlətlərdən alınmış yeni, iritutumlu və müasir dizaynlı avtobuslar daxil oldu. İlk günlərdən hər şey normal görünsə də, sonradan bu iritutumlu avtobuslar da problemi həll etmədi.
Bakıxanov qəsəbəsindən "Nizami" metrosuna 125 saylı marşrut bir saatdan çox vaxta gəlir. 96 saylı marşrut "Beşmərtəbə"nin yanından yeni avtovağzala bir saata gedir. Onların tısbağa sürəti adamı lap haldan salır.
İritutumlu avtobusların qabaritləri böyük olduğundan onların manevr qabiliyyəti dar küçələrdə məhdudlaşdı. Onlardan iki-üçünün dayanacaqda bir neçə dəqiqəliyə yerə yapışıb qalması əsl həngamə yaradır. Nəticədə şəhər yollarında, özəlliklə də metro stansiyalarına yaxın yerlərdə vəziyyət bir qədər də qəlizləşdi. Hökumət "tıxac" probleminin çözülmə yollarını hələ də aramaqdadır.
Yağışdan çıxıb, yağmura düşdük
Yollarda "tıxac" gərginliyini nəzərə alan sadə vətəndaş çıxış yolunu metroda görür. Qiymətin 5 qəpikdən 15 qəpiyədək artmasına baxmayaraq, yerüstü tıxacdan yaxa qurtarmaq üçün yeraltı nəqliyyata üz tutan vətəndaşlar isə mənzil başına heç də əvvəlki kimi tez yetişə bilmirlər. Çünki sərnişinlərin say artımını görən metrostansiya rəhbərliyi yeraltı keçidləri ticarət mərkəzlərinə çevirərək mənfəət güdürlər. Sərnişinlər dar keçidlərlə hərəkət etməyə məcbur qalırlar. Cibgirlər yeraltı keçidlərdə mövcud olan insan sıxlığından istifadə edərək fəallaşıblar. Yeraltı keçidlərdə vətəndaşın problemi bununla bitmir. Belə ki, metrostansiya rəhbərliyi keçidlərdə yaranan sıxlıqla yanaşı, nədənsə metroya daxil olmaq üçün nəzərdə tutulmuş qapıları bağlayıb, bir qapını açıq saxlayırlar. bu isə girişdə basabas yaradır.
Qeyd edək ki, bir giriş-çıxışı olan metrostansiyalar yalnız şəhərin mərkəzində yerləşir. Vətəndaşların şəhər mərkəzindəki ali məktəblərə, iş yerlərinə axınını nəzərə alsaq, bu stansiyalarda baş verənləri təsəvvürə gətirmək çətin deyil. Bundan başqa, bir giriş-çıxışı olan metrostansiyalarda hərəkət yalnız eskalator vasitəsilə mümkündür. Səhər saatlarında belə stansiyalardan çıxmaq isə ən azı 20-30 dəqiqə çəkir. Çünki elektrik enerjisinə qənaət edən metrostansiya rəhbərləri üç eskalatordan yalnız ikisini işlədir. Onlardan biri sərnişinləri yuxarı, digəri isə aşağı daşıyır. Bunu eskalator nəzarətçiləri bildirir. Nəzarətçilərin dediyinə görə, stansiya rəhbərinin əmrinə əsasən səhər saat 10:00-dan sonra iki eskalator işləməlidir. Bu prinsiplə fəaliyyət isə tıxacda ləngiyən sərnişinlərin haqlı narazılığına səbəb olur.
Vətəndaşda əsəbilik ovqatı
Bir vaxtlar insanlar etik qaydalara çox həssas yanaşsalar da, indi bu insani keyfiyyətlər yox dərəcəsinə çatıb. Bunun səbəbi isə yenə də "tıxac"lardır. Saatlarla "tıxac"da yubanan sürücülər işə, evə, hər hansı bir yerə yetişə bilmədikləri üçün məcburiyyət qarşısında qalıb yol hərəkəti qaydalarını pozmalı olurlar. Piyada keçidinə yaxınlaşan uşaq və ya yaşlı piyadalara yol vermirlər. Belə hallar təkcə sürücülərlə bağlı deyil, "tıxac"lar həmçinin sərnişinlərin də davranışlarında özünü göstərir. Aqressivləşən insanlar avtobusda yubandıqları hallarda sürücü ilə kobud rəftar edirlər. Bu hal avtobus sürücüləri arasında da baş verir. Təyin olunmuş vaxt üzrə hərəkət edən sürücülər "tıxac"larda yubananda sərnişinlərlə kobud rəftar edir, avtomobili sürətli və manevrli hərəkət etdirir ki, bu da iki tərəf arasında mübahisəyə səbəb olur. Bundan başqa, avtobusda, qatarda həddən artıq sıxlıq yarandığı üçün sərnişinlər arasında ədəb-ərkan qaydaları da kobud surətdə pozulur. Sıxlığa düşməkdən ehtiyatlanan yeniyetmə və gənc sərnişinlər oturduqları yeri əliuşaqlı, hamilə və ya yaşlı qadınlara təklif etmirlər. Əlillər və qocalar da, demək olar ki, əksər hallarda ayaq üstə qalmalı olurlar... Bir sözlə, əhaliyə nəqliyyat xidməti ciddi keyfiyyət dəyişikliyinə möhtacdır. Şəhər hakimiyyəti isə buna hazır deyildir.
|
|
|
Oxşar xəbərlər:
Şəhərətrafı sakinlər hələlik xırda və ortatutumlu avtobuslarla kifayətlənə bilər
Şəhərətrafı sakinlər hələlik xırda və ortatutumlu avtobuslarla kifayətlənə bilər
Yeni iritutumlu avtobuslar istifadəyə veriləcək
Sərnişin nəqliyyatı, "qayda-qanun" və çörəkpulu
Bakıda NATO tədbiri
|
|
|