çap et  
Reabilitasiya mərkəzlərinin yeni modeli
Reabilitasiya mərkəzlərinin yeni modeli
Əgər bu model tətbiq olunarsa, ...
Şənbə, 22.05.2010

Aynurə

Azərbaycanın neft gəlirlərinin artdığı hazırkı şəraitdə hökumətin qarşısında duran başlıca vəzifələrdən biri insan kapitalının inkişafına qoyuluşları, onların sosial-iqtisadi tərəqqinin nəticələrinə çıxış imkanlarını artırmaq olmalıdır. Sözsüz ki, ehtiyacı olanların, xüsusilə də həssas qrupların sosial-tibbi qayğısına istiqamətlənən proqramları genişləndirməklə, bu qrupun cəmiyyətə inteqrasiya prosesinin sürətlənməsinə dəstək göstərilməlidir. Lakin bu prosesə yalnız dövlətin maddi-texniki dəstəyi ilə deyil, həmçinin biznes strukturların korporativ sosial məsuliyyət proqramlarının artımı hesabına da təkan verilə bilər.

Son on ildə ölkəmizdə, əsasən paytaxtda psixo-sosial reabilitasiya mərkəzləri yaradılıb. Ancaq Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan uşaqların psixo-sosial reabilitasiyası üzrə mərkəzlərin göstərdiyi xidmətin keyfiyyəti və iqtisadi səmərəliliyi lazımi səviyyədə deyil.

"Müşfiq" Reabilitasiya Mərkəzinin rəhbəri Validə Abbasovanın sözlərinə görə, son on ildə hər il xüsusi qayğıya ehtiyacı olan təxminən 50-60 uşağa xidmət göstərilib: "Uşaq var ki, onun reabilitasiyası 1 ilə başa çatır. Uşaq da var ki, buna illərlə vaxt lazım gəlir".

Sumqayıtda yerləşən "Çıraq" Uşaq İnkişaf Mərkəzi İctimai Birliyinin rəhbəri Zeynəb Hacıyeva 1 ildə mərkəzə 40-50 uşağın cəlb olunduğunu deyir: "Bizim mərkəzlərdə xidmət dövlətə məxsus xüsusi internat məktəblərindəki xidmətlərdən keyfiyyət baxımından çox fərqlənir. Bu mərkəzlər uşaqların internata axınının qarşısını alır. Burada reabilitasiya olunan uşaqlar cəmiyyətə daha rahat inteqrasiya olunurlar".

Azərbaycana Birgə Yardım Mərkəzinin rəhbəri Gülnarə Pənahovanın fikrincə, Xaçmaz və Yasamal rayonundakı reabilitasiya mərkəzlərində apardıqları araşdırmalar uşaqların belə mərkəzlərə cəlb olunmasının dövlətə sərf etdiyini göstərib: "Təəssüflər olsun ki, belə mərkəzlərin sayı az olduğundan ehtiyacı olan uşaqların heç də hamısı bura cəlb oluna bilmir və məcburən dövlət internatlarına qoyulur".

Əldə etdiyimiz məlumata görə, İqtisadi Tədqiqatlar Mərkəzi belə mərkəzlərin göstərdiyi xidmətin keyfiyyətini və iqtisadi səmərəliliyini artırmaq üçün model hazırlayıb. Tədqiqatçılar hesab edirlər ki, təklif olunan model qəbul edilərsə, qısa müddətdə evdə oturaraq xüsusi qayğıya ehtiyacı olan övladına baxmalı olan valideynlər bu qayğıdan azad olaraq işləmək üçün vaxt qazanar. Bu qrupun cəmiyyətə inteqrasiya prosesi sürətlənər və onların hüquqları daha yaxşı təmin olunar. Belə uşaqların sağlamlığı daha yaxşı müdafiə olunar, onların psixikası normallaşar. Ən nəhayət, reabilitasiya mərkəzlərinin sayının artması yeni iş yerlərinin yaradılmasına gətirib çıxarar. Uzunmüddətli dövrdə isə reabilitasiyadan keçən uşaqların müstəqil fəaliyyət imkanları artar, onlar öz ehtiyaclarını qarşılamaq vərdişlərinə və təcrübələrinə yiyələnər, cəmiyyətə daha asan inteqrasiya olunar və gələcəkdə dövlətin yükünə çevrilməzlər.

Öyrəndik ki, bu məqsədlə həm xarici, həm də yerli təcrübə nəzərdən keçirilib. Azərbaycandakı reabilitasiya mərkəzlərinin maliyyələşmə prosesi araşdırılıb, büdcədən bu istiqamətə ayrılan vəsaitlər analiz edilib və əldə olunan nəticələr əsasında model hazırlanaraq iştirakçıların diqqətinə çatdırılıb. Model Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə "Xüsusi qayğıya ehtiyacı olan uşaqların psixo-sosial reabilitasiyası üzrə mərkəzlərin xərclərinin və faydalarının iqtisadi təhlili" adlı tədqiqat layihəsi çərçivəsində hazırlanıb.

Tədqiqatçılar söyləyirlər ki, Yaxın Şərq ölkələri arasında İordaniya bu sahədə aparıcı rola malikdir. Bu ölkədə xüsusi qayğıya ehtiyacı olanlara göstərilən xidmətlərin həcmi xeyli genişlənib. Bu prosesdə rəsmi, könüllü və özəl bölmə birlikdə iştirak edir və onlar arasında fəaliyyəti xüsusi koordinasiya qurumu əlaqələndirir. Digər ölkələrin, xüsusilə də ABŞ, Avropa ölkələri və Rusiyanın təcrübələrinin İordaniya ilə müqayisəli təhlili göstərib ki, xüsusi qayğıya ehtiyacı olan uşaqlara xidmətin İordaniya modeli coğrafi, tarixi, sosial-iqtisadi, dini, ənənəvi və milli xüsusiyyətlərinə görə Azərbaycan üçün də baza modeli rolunu oynaya bilər.

Bu modelin əsas xüsusiyyəti xüsusi qayğıya ehtiyacı olan uşaqlara tibbi-psixoloji və təhsil-pedaqoji xidmətlərin mərkəzləşdirilməsi və onun maliyyələşdirilməsində çoxsəviyyəli sistemlərin birgə fəaliyyətidir. Bu, problemə kompleks və sistemli yanaşmanı özündə əks etdirdiyindən daha çox səmərə verir. Çünki xidmətlərin geniş çeşiddə və kompleks şəkildə təklifi uşaqların daxili potensialını tam şəkildə açmağa, reabilitasiya prosesinin dinamikasını aşkara çıxarmağa və həmçinin ailələr arasında da təşkilati-maarifləndirmə işləri aparmağa imkan verir.

Hazırlanan modeldə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzlərinin fəaliyyətinin maliyyələşdirilməsi bir neçə variantda aparılıb. Bu variantlarda bir mərkəzin saxlanması üçün tələb olunan maliyyə vəsaitlərinin həcminin yerləşmə ərazisi və uşaq sayına görə dəyişmələri, dövlətin bu sahəyə xərcləmələrinin miqdarı hesablanıb. Model mərkəzlərin saxlanması işini dövlətin, biznes, xarici və yerli humanitar təşkilatların, könüllü ianələr şəklində sıravi vətəndaşların birgə həyata keçirməsini nəzərdə tutur.

Bütün bunları nəzərə alaraq, tədqiqatçılar bir sıra təklif və tövsiyələr irəli sürüb. Beləliklə, dövlət büdcəsində uşaqların sosial-tibbi reabilitasiyasına dair proqramın maliyyələşdirilməsinə başlanılması üçün bu istiqamətdə dövlət siyasətini əks etdirən konsepsiya hazırlanmalıdır. Dövlət təşkilatlarının resursları hesabına reabilitasiya mərkəzləri zəruri bina, lazımi komplektləşdirici avadanlıqlar və tələb olunan xüsusi avtomobillərlə təmin edilməlidir. Vergi və gömrük qanunvericiliyində müvafiq dəyişikliklər edilməklə reabilitasiya mərkəzlərinin işi ilə əlaqədar faəliyyətlər üzrə azadolmalar və güzəştlərin tətbiq edilməsi bu prosesin sürətlənməsinə yol açardı.

Sahibkarların korporativ sosial proqramlarının genişləndirilməsi məqsədilə "Sahibkarlıq fəaliyyəti haqqında" qanunda müəyyən normaların yaradılması, onun stimullaşdırılması məqsədilə Vergi Məcəlləsində müvafiq dəyişikliklərin edilməsi lap yerinə düşərdi. Bununla yanaşı, cəmiyyətin, icmaların qoyuluşlarını stimullaşdırmaq üçün "Xeyriyyəçilik fəaliyyəti haqqında" qanunun qəbul olunması da görüləcək işlərin siyahısında əhəmiyyətli yer tutur. Cəmiyyətin, icmaların qoyuluşlarını artırmaq üçün onların gəlirlərinin 1 və ya 2 faizinin ictimai-faydalı və sosial-tibbi fəaliyyətlərlə məşğul olan QHT-lərə köçürülməsi üçün müvafiq hüquqi baza yaradılmalıdır.

Reabilitasiya mərkəzlərinin fəaliyyətinə dövlətin, biznesin və icmaların diqqətini cəlb etmək, cəmiyyətdə həmrəylik və xeyriyyəçilik ənənələrini gücləndirmək lazımdır. Mərkəzlərin problemlərinin həllinə yönəlmiş ictimai müzakirələr aparmaq, sosial reklamları gücləndirmək və nəhayət, reabilitasiya mərkəzlərinin fəaliyyətində hesabatlılıq və şəffaflığı artırmaq vacibdir.

Açıq Cəmiyyət İnstitutunun Yardım Fondunun İctimai Səhiyyə Proqramının rəhbəri Leyla İmanova tədqiqatı yüksək qiymətləndirib. Onun qənaətincə, təklif olunan model müasir tələblərə cavab verir. Onun sözlərinə görə, 2001-ci ildən bəri yaradılan reabilitasiya mərkəzləri çox spesifikdirlər, hazırda onların lisenziyalaşma və akkreditasiya məsələləri müzakirə olunur: "Gəlin, bu modelin vəkilliyi istiqamətində işlər aparaq və onu hökumətə təqdim edək. Azərbaycana bu işlə bağlı yönəldilən irihəcmli donor vəsaitlərinin xərclənməsi sahəsində şəffaflığa nail olunmalı, səmərəli nəzarət mexanizmi yaradılmalıdır".