Dünən Qaradağ rayon Məhkəməsində "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin işi üzrə məhkəmə prosesi şahid ifadələrinin alınması ilə davam edib ("Turan"). Şahidlər E.Fətullayevin vaxtilə saxlandığı 12 saylı cəzaçəkmə müəssisəsində məhbus olublar. Onlar jurnalistin narkotik maddə qəbul etdiyini iddia ediblər.
Birinci şahid Oruc Bayramov bildirib ki, Eynulla Fətullayev narkotik maddədən istifadə etdiyini ona etiraf edib. Bundan əlavə, şahid onu narkotik sərxoşluq vəziyyətində gördüyünü bildirib. Lakin şahid Fətullayevin hansı narkotik maddədən istifadə etdiyini, onu haradan aldığını dəqiqləşdirə bilməyib və indiyədək nə üçün susmasına aydınlıq gətirə bilməyib.
İkinci şahid Rəhim Məmmədov özünə o qədər də əmin olmayıb. O, narkotik maddənin Fətullayevin əşyalarının arasına qoyulması barədə hakimin sualına mənfi cavab verib.
Eynulla Fətullayev isə verilən ifadələrə cavab olaraq şahidlərin ifadələrini qəti şəkildə təkzib edib. O, bunun böhtan olduğunu bildirib. "Oruc Bayramov öz qızını zorladığına görə həbsxanadadır, belə adamdan nə gözləmək olar? O hər cür alçaqlığı təsdiqləyə bilər", - deyə E. Fətullayev bildirib. O həmçinin deyib ki, həbsdə olduğu müddətdə məhbuslarla söhbət edib və öyrənib ki, iki cəzaçəkmə müəssisəsində (6 və 1 saylı) açıq şəkildə narkotik maddə alveri gedir. Onlarca narkoman eyni şprisdən istifadə edir ki, bu da QİÇS-in yayılmasına səbəb olur.
"Mən bu barədə Penitensiar Xidmətin rəis müavini Mahir Musayev ilə danışmışam və o etiraf edib ki, bunun arxasında yüksək vəzifəli şəxslər durur" (?!), - deyə E.Fətullayev bildirib.
Günün ikinci yarısında ittiham tərəfin şahidlərinin çıxışları davam edib. 12 saylı cəzaçəkmə müəssisəsində saxlanan məhbus Azər Əhmədov bildirib ki, Fətullayevdə narkotik görməyib. Üzərində narkotik aşkar edilmiş digər məhbus Şahin Şəmsiyev isə bildirib ki, narkotiki zibil yeşiyinin yanında tapıb və ayaqqabısında gizlədib. Eyni zamanda, o, Fətullayevin üzərindən narkotik tapılmasına "təəccübləndiyini" bildirib.
Beləliklə, prosesdə ittiham aktı üzrə keçən şahidlərin çıxışları başa çatıb. Bundan sonra müdafiə tərəfin şahidləri çıxış etməlidir. Məhkəmənin növbəti iclası mayın 19-na təyin edilib.
Xatırladaq ki, Eynulla Fətullayev 2005-ci ildə qələmə aldığı "Qarabağ gündəliyi" adlı silsilə yazılarında xocalıları təhqir etməkdə günahlandırılıb və ona 2 il 6 ay həbs cəzası verilib. Tutulandan sonra ona əlavə ittihamlar irəli sürülüb və jurnalist 2007-ci il oktyabrın 30-da 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
2009-cu il dekabrın 30-da isə 12 saylı cəzaçəkmə müəssisəsində saxlanılan E. Fətullayevin üzərində 0,223 qram həcmində heroin aşkarlanıb. Bununla əlaqədar olaraq ona qarşı Qaradağ RPİ-nin istintaq şöbəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) cinayət işi qaldırılıb.
İş üzrə təyin edilmiş ekspertizanın rəylərinə görə, istintaq zamanı E.Fətullayevdən götürülmüş qan və sidik nümunələrində diasetilmorfi (heroin), amfetaminil narkotik vasitələri və flunitrozepam-M psixotrop maddəsi aşkar edilib. Göstərilənlərlə yanaşı, məhkəmə-narkoloji ekspertizanın rəyinə görə, müayinə zamanı narkomaniya xəstəliyindən əziyyət çəkmədiyi baxımından E. Fətullayevin narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. E. Fətullayevin narkotik vasitələr və psixotrop maddələrdən istifadəetmə halları nəzərə alınaraq narkoloji profilaktik qeydiyyata alınması məsləhət görülüb.
|