![]() |
çap et |
|
|||
Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə MN Təlim-Tədris Mərkəzinin (TTM) müddətdən artıq hərbi qulluqçuların bölük komandiri, kapitan Ramil Xammədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. APA-nın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə təqsirləndirilən Ramil Xammədovun cinayət əməlinin sübuta yetirildiyi qənaətinə gələrək, onun 4 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.
Xatırladaq ki, 2009-cu ilin iyununda Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində (TTM) baş verən qanun pozuntuları ilə bağlı adıçəkilən hərbi hissənin bir qrup yüksək rütbəli zabiti istintaqa cəlb olunub. General-mayor Lənkəran Əliyev TTM rəisi vəzifəsindən çıxarıldıqdan sonra isə hərbi hissənin əksər xidmət sahələrində yoxlamalar başlanıb. Yoxlama nəticəsində TTM-də külli miqdarda yeyinti faktı aşkarlanıb, CM-nin mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı maddələri ilə cinayət işi başlanıb. Bundan sonra TTM-in avtomobil xidməti rəisi, polkovnik-leytenant Arif Məmmədov, daxili əmrlə mənzil istismar xidmətinin rəisini əvəzləyən, polkovnik-leytenant Elşən Abbasov, yanacaq anbarının rəisi, baş gizir Fikrət Abbasov, əşya xidməti rəisi, mayor Nazim Həsənov və Maliyyə xidmətinin rəisi, polkovnik-leytenant İntiqam Mövlanverdiyev istintaqa cəlb olunublar. Adıçəkilən digər hərbi qulluqçuların cinayət işinin ibtidai istintaqı ayrı icraatda aparılır. |