Marneuli və Dmanisi rayonlarında Gürcüstan-Ermənistan sərhədində yerləşən, azərbaycanlıların kompakt yaşadıqları Beytərəfçi, Təzəkənd, Burma, Sadaxlı, Mollaoğlu, Xuldərə, Yırğançay kəndlərinin sakinlərinə qarşı Ermənistan hərbçilərinin silahlı təzyiqləri davam edir. Bu barədə "Sadaxlının Dirçəliş Assosiasiyası", "Sarvan", "Qarapapaq Xeyriyyə Cəmiyyəti" və "Qarayazı" ictimai birliklərinin birgə hazırladıqları və Avropa Şurasına ünvanladıqları - "Ermənistan tərəfindən Gürcüstanın Kvemo Kartli regionunun sərhədyanı kəndlərinin sakinləri olan milli azlıqlara aid Çərçivə Konvensiyasının yerinə yetirilməsinə dair alternativ hesabat"da bildirilib.
Ermənistan-Gürcüstan sərhəd bölgələrində monitorinq aparan QHT-lərin hazırladıqları hesabatda qeyd olunub ki, sözügedən yaşayış məntəqələri sərhədə çox yaxındır və bu məsafə bir neçə metrdən yüz metrlərə qədər uzanır. Lakin qeyd olunan ərazilərdə sərhədin relyefi yetərincə girintili-çıxıntılı və daha çox Ermənistana doğru meyillənsə belə, ərazi Gürcüstan Respublikasına aiddir və sözügedən yaşayış məntəqələrinin sakinləri 100 faiz Gürcüstan vətəndaşları olan azərbaycanlı aborigenlərdir. Gürcüstanın rəsmi mənbələrində qeyd olunan statistik göstəricilərə əsasən, sözügedən yaşayış məntəqələrində azərbaycanlıların say tərkibi aşağıdakı kimidir:
- Beytərəfçi (483 nəfər) 100% azərbaycanlı, - Təzəkənd (433 nəfər) 99% azərbaycanlı, - Burma (200 nəfər) 91% azərbaycanlı, - Sadaxlı (9486 nəfər) 97% azərbaycanlı, - Mollaoğlu (1180 nəfər) 100% azərbaycanlı, - Xuldərə (1050 nəfər) 100% azərbaycanlı, - Yırğançay (2678 nəfər) 97% azərbaycanlı.
Eyni zamanda, Ermənistanın Gürcüstanla sərhəd xəttində yerləşən yaşayış məntəqələri də 1988-ci ilə qədər 100 faiz azərbaycanlı aborigenlərdən ibarət olub. Lakin Ermənistanın apardığı etnik təmizləmə nəticəsində azərbaycanlılar öz tarixi torpaqlarından qovularaq deportasiyaya məruz qalıblar. Həmin etnik təmizləmə siyasətini indi də sərhədin Gürcüstana aid hissəsində davam etdirən Ermənistan, hətta azərbaycanlıların yaşadıqları kəndlərin ərazilərini (Gürcüstan Respublikasının ərazilərini) zəbt etməyə, o cümlədən Sadaxlı kəndinin inzibati ərazisində yeni sərhəd zastavası üçün nəzərdə tutulmuş binalar inşa olunmasına da nail olub. Gürcüstan Respublikası 1991-ci ildən bəri Ermənistanla birgə əməkdaşlığa dair 30-dan artıq razılaşma və xüsusən də 2001-ci ilin oktyabr ayında "Dostluq, əməkdaşlıq və təhlükəsizlik" barədə saziş imzalamasına baxmayaraq, Ermənistanın Gürcüstan ərazilərində azərbaycanlılara qarşı zor tətbiq etməklə məqsədyönlü destruktiv təzyiq siyasəti yürütməsinə və Gürcüstan Respublikasının həmsərhəd zonada ərazilərini zəbt etməsinə heç bir hüquqi reaksiya verməyib (!?).
Ermənistanla Gürcüstan arasında əldə olunan razılaşmaya əsasən, tərəflər tam və effektli şəkildə milli azlıqların hüquq və azadlıqlarının, onların ana dilində təhsil alma, etnik, dini, mədəni və dil imkanlarının müdafiəsi cavabdehliyi barədə öhdəlik götürüblər. Amma buna baxmayaraq, Ermənistan Gürcüstanda yaşayan azərbaycanlıların hüquqlarını kobud şəkildə pozmaqda davam edir və bununla Milli Azlıqların müdafiəsinə dair Çərçivə Konvensiyasını aşkar şəkildə yerinə yetirmir.
"Sadaxlının Dirçəliş Assosiasiyası"nın rəhbəri Sabir Mehtiyev AŞ-yə göndərilən hesabatla bağlı "Ayna"ya açıqlamasında bildirib ki, Ermənistanın Gürcüstan vətəndaşları olan azərbaycanlılara qarşı yürütdüyü zorakılıq siyasəti məqsədyönlü şəkildə həyata keçirilir və bununla Gürcüstanla sərhədlərində yaşayan azərbaycanlıların həmin ərazilərdən deportasiya olunmasına zəmin yaradılır:
"Gürcüstan sərhədində yaşayan azərbaycanlıları daim silahlı təzyiq altında saxlayan Ermənistan yürütdüyü diskriminasiya siyasəti nəticəsində əhalinin əkin-biçin yerlərini, otlaqlarını, yaşayış məntəqələrinin ərazilərini və meşələri qanunsuz olaraq zəbt edib. Bundan başqa, Ermənistan Gürcüstan ərazilərini zəbt etməklə içməli və suvarma su mənbələrini ələ keçirərək Təzəkənd və Burma kəndlərini iki ildən artıqdır içməli sudan məhrum etmişdir. Lakin Ermənistanın Gürcüstan azərbaycanlılarına qarşı həyata keçirdiyi zorakılıq halları bununla kifayətlənmir. Belə ki, erməni hərbçiləri azərbaycanlıları yaşadıqları ərazilərdən girov götürərək Ermənistan ərazisinə aparır, orada onlar xüsusi xidmət orqanları tərəfindən işgəncələrə məruz qoyulur, əməkdaşlığa cəlb olunur, qeyri-qanuni həbs edilir və hətta qətlə yetirilir. Bundan başqa, erməni sərhədçilər heç bir maneə ilə üzləşmədən Gürcüstan Respublikasının ərazilərinə daxil olaraq, soydaşlarımızın mal-qarasını silah gücünə əllərindən alırlar. Təzəkənddə isə erməni hərbçilər kəndə daxil olaraq sakinlərə bildiriblər ki, onların evlərinin yerləşdiyi ərazi Ermənistana aiddir və əgər həmin ərazilər boşaldılmasa, azərbaycanlıların evləri erməni hərbçilər tərəfindən söküləcək.
Gürcüstan isə öz ərazisində baş verən erməni özbaşınalıqlarına və azərbaycanlıların hüquqlarının kobud şəkildə pozulması hallarına göz yumaraq beynəlxalq normalara məhəl qoymur. Bütün bunları nəzərə alaraq, biz birgə monitorinq keçirib faktlarla bağlı hesabat hazırladıq və onu AŞ-yə göndərdik".
S.Mehtiyev bildirdi ki, qeyd olunan insan hüquqlarının pozulması faktları üzrə Gürcüstanda bir istintaq işi də açılmayıb. Onun sözlərinə görə, əhalini ən çox narahat edən Gürcüstan hökumətinin Ermənistana təpki göstərmək əvəzinə, daha da dəstək verməsi və öz torpaqlarına sahib çıxmamasıdır. Belə ki, üç tərəfdən Ermənistan sərhədləri ilə əhatə olunan Sadaxlı bölgəsi Gürcüstan dövlətinin bütün qayğı və dəstəyindən məhrum edilib. Əkin-biçin və otlaq sahələrinin bir qismi Ermənistan həçrbçiləri, digər qismi isə gürcü biznesmenlər tərəfindən zəbt edilib. Erməni hərbçilər Gürcüstan ərazilərində sərbəst hərəkət edir, azərbaycanlıların yaşadıqları kəndlərə və kəndlərin ərazilərinə əli silahlı daxil olur, onların mal-qarasını oğurlayır, insanları girov götürürlər. Erməni hərbçilər Gürcüstan ərazilərində kəndlərin otlaq və əkin-biçin sahələrini mənimsəyərək azərbaycanlıları təsərrüfat və heyvandarlıq işləri ilə məşğul olmaqdan məhrum ediblər. Artıq vəziyyət o həddə çatıb ki, erməni hərbçilərin təzyiqlərindən təngə gələn azərbaycanlılar öz evlərini tərk edib Azərbaycana köçmək məcburiyyətində qalıblar. S.Mehtiyev sonda bildirib ki, aparılan monitorinq zamanı məlum olub ki, erməni hərbçilər tərəfindən həyata keçirilmiş zorakılıq hadisələri zamanı Gürcüstan Respublikasının vətəndaşları olan azərbaycanlıların hüquqları kobud surətdə pozulmuş, qürurları alçaldılmışdır. Onların heç biri üzləşdikləri maddi və mənəvi təzyiqlərlə bağlı Gürcüstan hökumətindən nə hüquqi dəstək, nə də maddi təzminat almayıblar.
|