Son vaxtlar Dağlıq Qarabağ danışıqları prosesində beynəlxalq qurumların və xüsusən də Rusiyanın Azərbaycan mövqeyini dəstəkləməsi, Ermənistandan işğal etdiyi torpaqların geri qaytarılmasının tələb edilməsi və Azərbaycanın II Qarabağ müharibəsinə gizli hazırlığı rəsmi İrəvanı çaşbaş salıb. Diktator Sarqsyan KİV-ə ciddi senzura qoyaraq, həqiqətlərin dərcini əngəlləməyə çalışsa da, fədakar erməni jurnalistlər beynəlxalq ictimaiyyətə ölkədə, xüsusən də orduda baş verən özbaşınalıq halları barədə məlumat sızdıra bilirlər.
Milli.az xəbər portalının məlumatına görə, son zamanlar Ermənistan ordusunda baş verən neqativ hadisələrin sayı durmadan artır. Hətta vəziyyət o yerə çatıb ki, erməni hərbçilər, hətta briqada komandirləri intihara əl atmağa başlayıblar. Vəziyyətin bu həddə çatmasının əsas səbəblərindən biri də Ermənistan ordusundakı özbaşınalıq, fərarilik, rüşvətxorluq və qeyri-nizamnamə münasibətlərinin kəskin surətdə artmasıdır. Belə ki, Ermənistan QHT və təşkilatlarının 2009-cu ilin yekunlarına dair apardıqları monitorinqin nəticələrinə görə, orduda baş verən fərarilik, ölüm, döyülmə, rüşvətalma, intihar və digər hərbi cinayətlərin sayı 2008-ci ilə nisbətən 2009-cu il ərzində təxminən 30 faiz artıb. Erməni QHT-lərinin hazırladığı hesabata görə, Ermənistan ordusunda ötən il 2000-ə yaxın hadisə baş verib. Bunlardan 100-dən artığı fərarilik, 200-ə yaxını hərbi hissəni özbaşına tərketmə, 50-yə qədəri intihara cəhd, 500-dən çoxu rüşvətalma, 400-ə qədəri döyülmə və işgəncə, 40-dan çoxu zorlama, 70-dən çoxu ölüm faktı olub. O da məlum olub ki, ötən il 200 erməni əsgər ölüb ki, onlardan 120-si qeyri-döyüş bölgəsində baş verib. Hesabatda erməni ordusunda xəstəliklərin də artdığı qeyd olunub. Belə ki, ötən il 3000 erməni əsgər dizenteriya və digər yoluxucu xəstəliklərə tutularaq, hospitallara yerləşdirilib. Bu isə 2008-ci illə müqayisədə iki dəfə çoxdur.
"Qraparak" qəzeti yazıb ki, Ermənistan Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdən birində müqavilə ilə xidmət edən hərbçilərə normadan qat-qat aşağı və keyfiyyətsiz yemək və geyim verilir. Qəzet onu da yazıb ki, hətta bu səbəbdən onlarca hərbçi bir sıra xəstəliklərə tutularaq hospitallara aparılıb.
"Mavi"ləşən erməni ordusu
Ermənistan ordusunda baş verən olayların ən iyrənc forması isə homoseksuallığın sürətlə artmasıdır. Artıq İrəvan rəsmiləri də etiraf edirlər ki, bu məsələdə vəziyyət kritik həddədir. Hesabatda qeyd olunub ki, homoseksual hərbi qulluqçuların 120 nəfəri Ermənistanda, təqribən 190 nəfəri isə Qarabağda xidmət edir. Hətta vəziyyət o həddə çatıb ki, ordu rəhbərliyi belə halların daha da geniş yayılmaması və müəyyən edilmiş hərbçilərin ordudan tərxis olunmaları məqsədilə xüsusi hərbi həkim komissiyası yaradıb. Qeyri-rəsmi məlumatlara görə, Ermənistan ordusunda vəziyyət o qədər dözülməzdir ki, hərbçilər tərxis olunmağın yolunu yalnız homoseksuallıqda görürlər. Hərbçilər arasında "lotereya" adlanan homoseksuallıq sayəsində Ermənistanda xidmətdən boyun qaçıran hərbçilər bu yolu seçməklə rüşvətsiz və cinayət məsuliyyətinə cəlb olunmadan ordu sıralarından tərxis olunmaqla yanaşı, həm də xarici dövlətlərə getmək şansı əldə etmiş olurlar.
Qarabağlı, yoxsa ermənistanlı?
Ermənistan ordusunda bıçaqlanma hallarının da sayı artıb. Məlumata görə, təkcə ötən il zabitlərin əsgərlərə "qarabağlı" və "ermənistanlı" ayrı-seçkiliyi ilə bağlı fiziki işgəncələr nəticəsində 23 bıçaqlanma hadisəsi qeydə alınıb. Onların böyük bir qismi isə Qarabağda yerləşdirilmiş Ermənistan ordusu hərbi hissələrində baş verib. Həmin hadisələr zamanı 15 əsgər həyatını itirib. Qeyd edək ki, Ermənistan erməniləri Qarabağ ermənilərini azərbaycanpərəst olmalarına görə sevmirlər. Məlumatlara görə, Azərbaycan vətəndaşları olan Qarabağ erməniləri problemin sülh yolu ilə həll olunmasını və Qarabağın Azərbaycanın tərkib hissəsi olaraq qalmasını arzu edirlər. Bunun nəticəsi olaraq məhz Qarabağ erməniləri tez-tez məmur və daşnakların işgəncələrinə məruz qalırlar. Belə ki, son iki ildə Qarabağda yaşayan və işğal olunmuş Qarabağ torpaqlarına göndərilmiş Ermənistan vətəndaşlarına qarşı törədilmiş cinayətlərin sayı minlərcədir. Onlardan 1124-ü döyülmə və işgəncə ilə bağlıdır. Buna görə 289 hərbçi haqqında cinayət işi qaldırılsa da, onlardan cəmi 128-i həbs olunub. 161 hərbçi isə rüşvət sayəsində məsuliyyətdən yaxasını qurtarmağı bacarıb.
Ohanyan erməni KİV-i hədələyir
Baş verən neqativ halların sayının sürətlə artması, daim senzuraya məruz qoyulan erməni mətbuatında gündəmin əsas hissəsini təşkil etməyə başlayıb. Artıq təzyiqlərə məhəl qoymayan erməni mətbuatı Ermənistan ordusunda baş verənlərlə bağlı məlumatlar və faktlar dərc etməyə başlayıblar. KİV-də dərc olunan faktlar qarşısında çətin vəziyyətə düşən Ermənistan MN biabırçılığın qarşısını almaq əvəzinə, mətbuata təzyiq edərək belə məlumatları yaymamağı tələb edib. Belə ki, ötən gün bununla bağlı açıqlama verən Ermənistan ordusunun rəhbərliyi yerli qəzetlərə irad tutub ki, guya, erməni əsgərlər barəsində yazılanlar qeyri-obyektivdir və Ermənistan ordusu gündən-günə "çiçəklənir" və "inkişaf" edir.
Nazirliyin məlumatında o da vurğulanıb ki, guya qəzetlər bu cür məlumatlar yaymaqla ordu haqqında cəmiyyətdə mənfi imic formalaşdırır (?).
|