Amerikanın tanınmış yazıçı və jurnalisti, bir müddət Türkiyədə fəaliyyət göstərmiş və dünyanın bu bölgəsində gedən prosesləri yaxşı bilən Stiven Kinzer bizim bölgə barədə yeni bir kitab yazmışdır. Müəllifin bu yeni kitabı "Başlanğıca dönüş: İran, Türkiyə və Amerikanın gələcəyi" ("Reset: Iran,Turkey and America's Future") adlanır və iyunun 15-də Vaşinqtonda SETA fondunda kitabın təqdimatı keçiriləcəkdir.
Müəllifin bu yeni kitabında bizim bölgədə gedən son proseslər və baş verənlərin bizim bölgə (Türkiyə, İran, Azərbaycan) və ABŞ arasındakı münasibətlərə nə şəkildə təsir edəcəyindən bəhs olunur. Kitabda bizim ölkənin İran, Türkiyə və Ermənistanla münasibətlərinə də yer veriləcəyi deyilir.
Stiven Kinzer bu vaxtadək "The Washington Post", "The New-York Times", "Boston Globe", "The Gardian" kimi nüfuzlu nəşrlərin xüsusi müxbiri qismində dünyanın 5 qitəsində 50-dən çox ölkədə olmuş, bu nəşrlərdə dəyərli yazılar dərc etdirmişdir. Bu vaxtadək müəllifin Afrika, Latın Amerikası, Asiya, Balkanlar mövzularında bir sıra kitabları işıq üzü görmüşdür. Məsələn, Stiven Kinzer bu sıradan "Aypara və ulduz: Türkiyə iki dünya arasında" kitabı (2001) ayrıca qeyd oluna bilər.
Əlavə edək ki, Stiven Kinzer öz ölkəsində çox məşhur adamlardan biridir və onu "xarici siyasət yazarları arasında ən yaxşısı" adlandırırlar. Eyni zamanda Şimal-Qərb Universitetində jurnalistika və siyasi elmləri tədris edir.
|