Bu həftə ABŞ prezidentinin kütləvi qırğın silahı üzrə siyasətə cavabdehlik daşıyan baş müşaviri Qeri Seymor maraqlı bir bəyanatla çıxış etdi. Onun sözlərinə görə, Rusiya istehsalı S-300 müdafiə komplekslərinin İrana verilməsi Rusiya-ABŞ münasibətlərinə ciddi xələl gətirəcək.
Bununla belə Ağ evin koordinatoru hesab edir ki, Moskva Vaşinqtonun mövqeyini yaxşı başa düşür və əgər Rusiya İran tərəfindən vaxtilə sifariş olunmuş S-300 tipli komplekslərini Tehrana təqdim edərsə, bu, ABŞ administrasiyasında təəccüb doğuracaq.
Q.Seymorun fikrincə, belə bir addımın onlar üçün ağır fəsadlar törədə biləcəyini ruslar anlayırlar.
Xatırladaq ki, bu ilin aprelində Rusiya tərəfi S-300 tipli hava hücumundan müdafiə komplekslərinin İrana verilməsi haqda müqavilənin pozulmadığını, lakin bunun həyata keçirilmə mexanizmində problemlər olduğunu bildirmişdir.
Məlumatlara görə, bir neçə il əvvəl Moskva və Tehran arasında 800 mln.dollar həcmində beş ədəd S-300 tipli hava hücumundan müdafiə kompleksinin İrana verilməsi barədə müqavilə imzalanıb.
Əslinə qalsa, baş müşavirin Rusiyanı xəbərdar etməsi bir qədər qəribə görsənir.
Məsələ burasındadır ki, həqiqətən də Moskva son günlərə qədər özünü Tehranın strateji müttəfiqi adlandırırdı. Rusiyanın İranla bağlı həmişə geostrateji maraqları mövcud olub. Misal üçün, İranın razılığı olmadan Xəzər dənizi ilə bağlı məsələləri həll etmək mümkün deyil. Digər tərəfdən, İranla əməkdaşlıq Rusiyaya Qərbin regiona daxil olmasının qarşısını almaqda, ABŞ-ın ata biləcəyi addımların zərərsiləşdirilməsində fayda kəsb edirdi. Bundan əlavə, Rusiya İranla bağlı bir çox qlobal iqtisadi layihələrin həyata keçirilməsində maraqlı idi. Belə ki, İran Rusiya istehsalı olan yüksək texnoloji məhsulların real alıcısı kimi qəbul edilirdi.
Və nəhayət İranla normal münasibətlər Rusiyaya Cənubi Qafqazda, Orta Asiyada, xüsusən Tacikistanda mövqelərini möhkəmlətməkdə yardım edirdi.
Bütün bu kimi faktorları nəzərə alaraq heç cür güman etmək olmazdı ki, yaxın perspektivdə Rusiya-İran münasibətlərinə xələl gətirilə bilər.
Lakin Rusiya İrana qarşı bir çox politoloq və beynəlxalq ekspert üçün gözlənilməz mövqe nümayiş etdirdi.
Belə ki, keçən ilin noyabrında AEBA Qum şəhəri yaxınlığında uranın zənginləşdirilməsi üçün zavod tiilkməsinin yolverilməz olduğu barədə səs çoxluğu ilə qərar qəbul etdi. Qərarda zavodun tikilməsinin dayandırılması tələb edilir və bundan sonra AEBA-ya xəbər verilmədən yeni nüvə obyektlərinin tikilməsinə qadağa qoyulurdu.
Maraqlıdır ki, bu cür qərar gözlənilmədən Rusiya və Çin tərəfindən dəstəkləndi. Bununla da İrana qarşı yeni sanksiyaların tətbiqinə zəmin yaradıldı.
Bu azmış kimi, Rusiya prezidenti Dmitri Medvedev İrana qarşı atıla biləcək qəti addımları dəstəkləyəcəklərini rəsmən bəyan etdi. Hətta Qərb liderlərinə qoşularaq Medvedev İran ərazisində yerləşən uranı zənginləşdirən bütün müəssisələrdə yoxlamalar aparılmasını tələb etdi. Bununla da Rusiya İrana qarşı əlavə sanksiyaların tətbiqində istənilən konsesusa qoşulmağa hazır olduğunu nümayiş etdirdi. Bir sözlə, İran artıq Rusiyaya bel bağlamağın mümkün olmadığını gördü.
Rusiyanın siyasəti nə səbəbdən dəyişdi?
Bu suala cavab vermək üçün xatırlamaq lazımdır ki, Kremlin öz müttəfiqlərini çıxılmaz vəziyyətə salmasında bu, birinci iş deyil. Həmin vəziyyəti ruslara qardaş olan serblərə və müttəfiqləri İraqa qarşı münasibətdə müşahidə etdik. Misal üçün, əgər Rusiya BMT təhlükəsizlik şurasında 1441-ci qərara səs verməsəydi, İraqda müharibə başlamayacaqdı. O zamanlar rəsmi Moskva İraqa qarşı hücumun əleyhinə olan mövqelərinin dəyişməsi ilə bağlı çox "maraqlı" arqumentlər gətirirdi.
Səddam Hüseyn rejiminə qarşı hərbi əməliyyata razılığının əvəzinə Rusiya aşağıdakı istəklərinin yerinə yetirilməsini arzulayırdı: NATO-da veto vermək hüququ, Orta Asiyada hərbi bazaların yalnız antiterror əməliyyatlarında istifadə edilməsi və s.
Bundan əlavə, Moskva İraqda siyasi rejimi dəyişdirdikdən sonra öz iqtisadi maraqlarının gözlənilməsini ABŞ-dan tələb edirdi.
O ki qaldı İrana - Rusiya başa düşür ki, ABŞ-la konfrontasiyaya getmək heç bir pozitiv nəticə verməz.
Bununla da İranın Rusiyaya qarşı münasibəti kəskin dəyişdi. Mümkün təcrid olunmaq təhlükəsi qarşısında İran rəhbərliyi daxili siyasətdə Orta Asiya və Qafqaz istiqamətində aktivliyə üstünlük verməyə başladı.
Misal üçün, bu ilin martında Tehran AB modeli nümunəsində İran, Türkiyə, İraq və Suriyanın inteqrasiyası ideyasını irəli sürdü. Əvvəlki illərə baxmayaraq, Rusiyanın adı belə çəkilmədi. Bundan əlavə, İran bütün region ölkələri ilə hücum etməmək barədə saziş imzalamağa hazır olduğunu bəyan etdi.
Son dövrlər İran tərəfinin Azərbaycana marağının artması məhz bu səbəblərdəndir. Bu arada Tehran Azərbaycan-Ermənistan münaqişəsində vasitəçilik missiyasına hazır olduğunu da söyləmişdi. Bir sözlə, İran Güney Qafqazda manevr imkanlarını araşdırmaqla məşğuldur.
|