Dünən "Azadlıq" blokunun üzvü olan partiyaların nümayəndələri Bakı şəhər Baş Polis İdarəsinə çağırılıblar. Bu barədə "Ayna"ya məlumat verən AXCP Ali Məclisinin sədri Həsən Kərimovun sözlərinə görə, onları polis general-mayoru Yaşar Əliyev, polisə nəzarət şöbəsinin rəisi Pənah Abbasov və Bakı Şəhər Prokurorluğunun nümayəndəsi Qənimət Səfərov qəbul edib. Hüquq-mühafizə orqanları rəsmiləri siyasi partiya təmsilçilərinə aksiyanın keçirilməsinə Bakı Şəhər İcra Hakimiyyətinin icazə vermədiyini bildirərək nəzərdə tutulan mitinqin təxirə salınmağını təklif ediblər.
"Bizim sərbəst toplaşmaq azadlığı hüququmuz var və biz sabah (bu gün - red.) bu hüquqdan istifadə edəcəyik. Bunu da biz onların diqqətinə çatdırdıq və bizə təqdim etdikləri xəbərdarnaməyə də bu baxımdan imza atmağa ehtiyac görmədik", - deyə Həsən Kərimov qeyd etdi.
Belə ki, bu gün saat 15.00-da "Azadlıq" bloku "Nərimanov" kinoteatrının qarşısında razılaşdırılmamış etiraz aksiyası keçirəcək. Aksiyada qarşıdan gələn parlament seçkiləri, söz və mətbuat, sərbəst toplaşmaq, azad seçki və digər məsələlərə dair şüarların səsləndiriləcəyi gözlənilir.
Xatırladaq ki, "Azadlıq" blokuna AXCP, Vətəndaş və İnkişaf Partiyası və Azərbaycan Liberal Partiyası daxildir.
|