Dünən Bakıda Kontraktor və Təchizatçılara dair Azərbaycan-ABŞ təchizat seminarı keçirilib.
Amerika Ticarət Palatasının əməkdaşlığı, Azərbaycan Xarici İşlər Nazirliyinin dəstəyi və ABŞ-ın Azərbaycan səfirliyinin təşkilatçılığı ilə keçirilən forumda ABŞ-ın Əsas Xidmətlər üzrə Administrasiyasının, Müdafiə Sahəsində Maddi Texniki Təminat Agentliyinin və ABŞ hökumətinin Əfqanıstandakı səylərinə dəstək verən şirkətlərin nümayəndələri iştirak ediblər ("Turan").
Amerika şirkətləri Əfqanıstan üçün Azərbaycandan təmizləyici vasitələr, fövqəladə hallarda təhlükəsizliyin təmin edilməsi üçün avadanlıqlar, dəftərxana ləvazimatları, kimyəvi preparatlar, yataq dəstləri, inşaat materialları və ərzaq məhsulları almaq istəyir. Qiymət və keyfiyyətindən asılı olaraq, yüzdən artıq mal və məhsulun alınması nəzərdə tutulur. Ümumilikdə, layihə Azərbaycan, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstanı əhatə edir.
ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Donald Lu Amerika və Azərbaycan arasında Əfqanıstana dəstək sahəsində əməkdaşlığı yüksək qiymətləndirib. O, seminarın Azərbaycan prezidenti və xarici işlər nazirinin Azərbaycandan daha çox mal alınması xahişinə cavab olaraq keçirildiyini deyib:
"Biz inanırıq ki, Azərbaycanın satmaq üçün keyfiyyətli məhsulları var və regionda əfqan xalqına dəstək vermək üçün milyonlarla dollarlıq məhsul alacağıq".
D.Lu Azərbaycandan tikinti materialları, ərzaq və avadanlıq almağın daha tez və ucuz başa gələcəyinə, yüksək keyfiyyətli olacağına inandığını deyib.
ABŞ-ın Nəqliyyat Komandanlığının siyasi məsələlər üzrə müşavirinin müavini Patrik Spats regionlardan mal alınmasının yeni təşəbbüs olduğunu bildirib. Onun fikrincə, Əfqanıstana yaxın regionlardan mal alınması qiymətlərə təsir edəcək. Çünki əvvəllər mallar Amerikadan alınırdı.
"Azərbaycanda müəyyən məhsullarla bağlı monitorinq aparılıb. Mal alışının miqdarı məhsulun keyfiyyəti və qiymətindən asılı olacaq. Öncə ölkələr üzrə malların monitorinqi aparılacaq və qiymətləndiriləcək. İndiki anda nə qədər mal alınacağını bilmək olmaz. Təbii ki, alışın həcmi məhsulun keyfiyyət və qiymətindən asılı olacaq", - deyə o qeyd edib.
|