![]() |
çap et |
|
|||
İrəvanın kütləvi informasiya vasitələrində yayılmış məlumatlara əsasən, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində 23 may 2010-cu il tarixində qondarma "parlament seçkiləri" planlaşdırılır. Azərbaycan Xarici İşlər Nazirliyi bununla bağlı bəyanat yayıb.
"Ayna"ya daxil olan məlumata görə, XİN bununla bağlı bir daha təkrar edir ki, Azərbaycanın işğal olunmuş ərazilərindəki tanınmamış separatçı rejim azərbaycanlı əhalinin etnik təmizlənməsi əsasında Ermənistan tərəfindən təşkil olunmuş qanunsuz qurumdan başqa bir şey deyildir. "Qondarma "seçkilər" Ermənistanın anneksiya siyasətini ört-basdır etmək məqsədilə keçirilir və Azərbaycan ərazilərinin davam etməkdə olan işğalının nəticələrinin möhkəmləndirilməsinə yönəlmişdir", - deyə bəyanatda qeyd edilir. Sənəddə bildirilir ki, bu kimi "seçkilər"in keçirilməsi Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarını və beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozur, çünki sözügedən "seçkilər" Dağlıq Qarabağın əzəli azərbaycanlı əhalisi olmadan aparılır və beləliklə, heç bir hüquqi qüvvəyə malik deyildir. "Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində keçirilən hər hansı seçki yalnız o vaxt ədalətli və azad qiymətləndirilə bilər ki, oradan qovulmuş azərbaycanlı əhali həmin seçkilərin keçirilməsində bütünlüklə, birbaşa və bölgənin erməni əhalisi ilə bərabər şəkildə qanuni və demokratik seçkilərdə iştirak etsinlər. Bu cür seçkilər yalnız erməni işğalçı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması, bölgədə həyatın normallaşdırılması, Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında dialoq və əməkdaşlığın bərpası üçün zəruri şəraitin yaradılmasından sonra mümkün olacaqdır", - deyə bildirilir. Bəyanatda bildirilir ki, Azərbaycan Respublikası erməni tərəfini heç bir perspektiv vəd etməyən qanunsuz addımlarından ibarət destruktiv fəaliyyətini dayandırmağa və bunun əvəzinə xoş məram nümayiş etdirərək münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında tez və davamlı həllini tapmaq məqsədilə keçən il ərzində dinamik şəkildə inkişaf etmiş danışıqlar prosesində konstruktiv mövqe tutmağa çağırır. Yeri gəlmişkən, AŞ Parlament Assambleyası Azərbaycanın işğal altında olan ərazilərində qondarma rejim tərəfindən keçirilən seçkiləri izləmək üçün müşahidə missiyası göndərməyəcək. APA-nın məlumatına görə, bu bəyanatla AŞ PA prezidenti Mövlud Çavuşoğlu İrəvanda keçirdiyi mətbuat konfransında çıxış edib. Xatırladaq ki, qondarma "DQR parlamenti"nin spikeri Aşot Qulyan AŞ PA-ya məktub göndərərək seçkiləri müşahidə etmək üçün missiya göndərməyi xahiş edib: "Bu məsələ AŞ PA Bürosunun gündəliyinə daxil edilsə də, Büro xahişi rədd etdi. AŞ PA Bürosu bir qayda olaraq dondurulmuş münaqişə zonalarına müşahidə missiyası göndərmir". |